AZ

Orta Dəhliz Avrasiyanın böyük dövlətləri arasında əsas nəqliyyat və tranzit xəttinə çevrilib - ŞƏRH

Bakı, 23 aprel, AZƏRTAC

Yaxın Şərqdə gərginləşən geosiyasi vəziyyətin davam etməsi dünya iqtisadiyyatına mənfi təsirini göstərməkdə davam edir. Hörmüz boğazının bağlanması ilə təkcə enerji bazarında deyil, nəqliyyat və tranzit yükdaşımada da problemlər yaşanır. Avropadan Mərkəzi Asiyaya, Çinə və Cənub Şərqi Asiyanın digər ölkələrinə ixrac olunan yüklər Orta Dəhliz ilə daşınır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı elmlər doktoru Arif Ağalarov deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan ərazisindən keçməklə Naxçıvana və Türkiyəyə qədər uzanır.

“Mütəxəssislərin hesablamasına görə, 2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımanın həcmi 11 milyon tona çatacaq. Konteyner tranzitinin həcmi isə 130 min TEU-yə qədər arta bilər. Bu qədər yükün daşınması üçün Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin aktuallığa daha da artacaq. Yüklər Avropadan Türkiyəyə və Zəngəzur dəhlizi ilə Mərkəzi Asiya və Çinə çatdırılacaq. Orta Dəhlizin dünya siyasətində və Avrasiyada artan önəmi, keçdiyi marşrutun təhlükəsizliyi, qısalığı və ucuzluğu, eləcə də hansı dövlətlərə aid olması baxımından əhəmiyyətlidir. Şimalda Rusiya Ukrayna, cənubda isə ABŞ-İran münaqişələri Asiya ilə Avropanın ticarət əlaqələrinə böyük maneə yaradıb. Dünya Bankı “2030-cu ilə qədər səyahət müddətini üç dəfə artırmaq və səyahət vaxtını yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı hesabat hazırlayıb. Hesabatda Orta Dəhliz “Çini Avropa ilə birləşdirən və Rusiyanın Ukraynaya təcavüzündən sonra böyük diqqət çəkən multimodal nəqliyyat dəhlizi” kimi müəyyən edilir. Sözügedən hesabatda dəhlizin sıxlığının artırılmasının vacibliyi qeyd olunur və onun səmərəliliyinin artırılmasının zərurətə çevrildiyi bildirilir. Bütün bunlar Zəngəzur dəhlizinin də fəaliyyətinə təsir göstərəcək. İlk növbədə Naxçıvan Muxtar Respublikası dünya iqtisadiyyatına inteqrasiya olunmaq şansı qazanacaq. Orta Dəhlizin inkişafını Zəngəzur dəhlizi olmadan təsəvvür etmək mümkün deyil”, - deyə A.Ağalarov nəzərə çatdırıb.

Ekspert vurğulayıb ki, Avrasiyanın böyük dövlətləri arasında əsas nəqliyyat və daşıma xətlərindən birinə çevrilən Orta Dəhliz Avrasiyanın inteqrasiyasını asanlaşdırır, güclü və balanslaşdırılmış Asiyanın iqtisadi coğrafiyasını yaradır, marşruta daxil olan ölkələrin inkişafını sürətləndirir: “Bu, Avrasiya ölkələrinə, xüsusən də müxtəlif iqtisadiyyatları, eləcə də müxtəlif aktorları, mədəniyyətləri və maraqları birləşdirərək bir-birini daha yaxından tanımağa imkan verir”.

Seçilən
21
1
azertag.az

2Mənbələr