AZ

Neft Fondu xərclərini qarşılamaq üçün qızılını satıb

Bu ilin birinci rübündə Dövlət Neft Fondunun ümumi gəlirləri 3 milyard 180, 0 milyon manat, xərcləri isə 3 milyard 223,5 milyon manat təşkil edib.

Musavat.com Fonda istinadən xəbər verir ki, Fondun gəlirlərinin 1 milyard 803,1 milyon manatı neft-qaz gəlirlərindən ibarət  olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib. O cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən Fondun büdcədənkənar gəlirləri 2 milyard 117,9 milyon manat olub. Eyni zamanda investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb.

Hesabat dövrü ərzində Fonddan dövlət büdcəsinə 3 milyard 210,0 milyon manat transfert edilib.

Bundan əlavə, 1,2 milyon manat “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 5,9 milyon manat “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə, 6,4 milyon manat isə Fondun idarə olunmasına sərf edilib.

Qeyd edək ki, yanvarın sonunda Fondun aktivləri 79,5 milyard dollar, martın sonunda isə 73,5 milyard dollar olub. Bu, 6 milyard dollarlıq azalma deməkdir.

Digər tərəfdən, neft hasilatı və ixracının azalması,  qiymətlərinin düşməsi fonunda Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün qızıl ehtiyatlarından istifadə etməyə məcbur olub. Belə ki, birinci rüb üzrə investisiya siyasətinə dair məlumatdan aydın olur ki, Fond rüb ərzində 21,9 ton qızıl satıb. Bununla da onun qızıl ehtiyatları178,1 tona düşüb.

Musavat.com

 

Seçilən
65
50
musavat.com

10Mənbələr