ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir. Yubiley tədbirləri çərçivəsində aprelin 23-də ansambl tərəfindən konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertə ansamblın direktor-baş dirijoru Mustafa Aşurov rəhbərlik edib.
Konsertdən əvvəl çıxış edən Mustafa Aşurov bildirib ki, Azərbaycan musiqisi əsrlər boyu formalaşıb və zənginləşib. O qeyd edib ki, bu ənənələr xüsusilə 1936-cı ildən etibarən peşəkar musiqi sənətinin inkişafı ilə yeni mərhələyə qədəm qoyub. Həmin dövrdən başlayaraq milli musiqimiz dünya səviyyəsində tanınmağa və sevilməyə başlayıb.
"Azərbaycan dövləti hər zaman musiqi sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün də həyata keçirilən musiqi layihələri, orkestr və xor kollektivlərinin fəaliyyəti milli musiqimizin təbliği və inkişafında mühüm rol oynayır. Bu axşam təqdim olunan proqram da məhz bu zəngin irsin bir parçasıdır", - deyə baş dirijor vurğulayıb.
Proqramda Azərbaycan milli musiqisinin inciləri ilə yanaşı, dünya bəstəkarlarının seçmə əsərləri də səsləndirilib. Gecədə tanınmış sənətkarlar - Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artistlər Sahib Paşazadə (tar), Almaz Orucova, aşıq Samirə Əliyeva, kamançı ifaçısı Anar Yusub, solistlər Nurlana Abdullayeva, Vəfa Vəzirova, Şaiq Əsədov çıxış ediblər. Həmçinin proqramda müxtəlif janrları əhatə edən musiqi nömrələri təqdim olunub.
Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliya olub. Onların quruluşunda hazırlanan səhnə nömrələri milli musiqi ənənələrinin incəliyini qorumaqla yanaşı, müasir səhnə tələblərinə uyğun şəkildə təqdim edilib.
Yubileylər ərəfəsində keçirilən bu konsert ansamblın zəngin yaradıcılıq yoluna nəzər salmaqla yanaşı, Azərbaycan musiqi və rəqs sənətinin inkişafında mühüm rol oynayır.
Müxbir - Gülay Nəzərova
Fotoqraf - Aydın Məmmədov






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.