AZ

Psixoloq: Kitab seçimi təkcə zövq deyil, insanın daxili dünyasının xəritəsidir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

İnsanların hansı kitabları seçdiyi, sadəcə zövq məsələsi deyil, həmçinin onların daxili emosional ehtiyacları, şəxsiyyətinin xüsusiyyətləri və şüuraltı prosesləri ilə sıx bağlı olan bir seçimdir. Tədqiqatlar göstərir ki, insanlar çox vaxt ya öz daxili vəziyyətlərini təsdiqləyən, ya kompensasiya edən məzmunlara yönəlirlər. Ümumiyyətlə, kitab oxumaq bir növ özünü tənzimləmə mexanizmidir. İnsan ya sakitləşmək, ya qaçmaq, ya da nəyisə anlamlandırmaq üçün kitab seçir.

Bunu AZƏRTAC-a açıqlamasında psixoloq Rəna Baxışova deyib.

Mütəxəssisin sözlərinə görə, psixoloji, fəlsəfi kitablar seçənlər daha çox özünü dərketməni, daxili konfliktləri anlamaq istəyən insanlardır. Yəni, həmin insanlar hansı ki, yüksək introspeksiya (özünümüşahidə) qabiliyyətinə malik olur, öz daxili konfliktləri ilə məşğuldur, həyatın mənasını kimlik və münasibətlər üzərində düşünür. Bir sözlə, bu insan artıq özünü anlamağa, kim olduğunu, nə istədiyini bilməyə çalışır, həmin kitablar vasitəsilə öz hisslərini proyeksiya edir, özünü başqasının hekayəsində tapır. Detektiv, triller janrları isə nəzarət ehtiyacı və qeyri-müəyyənlik qorxusu olan insanların seçimləridir. Həmin oxucu kütləsi səbəb-nəticə əlaqələrinə fokuslanır, qeyri-müəyyənlikdən narahat olur, problemləri həll etməyə çalışır. Yəni onların qeyri-müəyyənliyə dözümlülükləri çox azdır. Onların həyatında bir qeyri-müəyyənlik olanda, onlar bunu həll etməyə çalışır, heç bir rahatlıq tapa bilmirlər.

Həyatın kontrolunu əlinə almaq istəyən insanlar daha çox buna yönəlirlər. Əsərin sonunda hər şeyin aydınlaşması beyində tamamlanma hissi yaradır və narahatlığı azaldır. Bu, xüsusilə həyatında kontrol hissi olan insanlarda daha güclü olur. Romantika janrının seçimi isə bağlanma ehtiyacı, emosional kompensasiya ilə bağlıdır. Hansı ki, romantika janrı seçənlər yaxınlıq və emosional bağ axtarır, tez-tez real həyatda qarşılaya bilmədiyi ehtiyaclarını kompensasiya etməyə çalışır.

Ümumiyyətlə, oxucu ideal münasibət modeli ilə tanış olur, bu da beyində dopamin, oksitosin kimi yaxşı hiss hormonlarının artmasına səbəb olur. Oxucu öz həyatında həmin duyğuları qarşılaya bilmədiyi üçün kitabı oxuyaraq çatışmazlığı doldurmağa çalışır.

Qeyd olunub ki, fantastik və elmi-fantastik janrlara maraq adətən həyatdan qaçmaq istəyənlərdə müşahidə olunur. Yəni həmin insanlar yüksək yaradıcılığa malik olurlar amma reallıqdan müvəqqəti də olsa qopmaq istəyirlər. Fantastika insanın şüuraltında alternativ həyat ssenariləri yaratmasına imkan verir və stresini azaldır. Qorxu janrı isə risk və təhlükə ilə dolayı şəkildə qarşılaşmaq istəyidir, emosional boşalma yaradır. İnsan təhlükəsiz mühitdə qorxu hissini yaşayaraq onu boşaldır və real həyatda daha da stabilləşdirir.

Qısacası, kənardan görünə bilər ki, kitab seçimi yalnız zövq məsələsidir, lakin seçdiyi janrlar insanın daxili dünyasının xəritəsidir. İnsan nə oxuyursa çox vaxtda, ya onu yaşayır, ya da ki, yaşamaq istədiyini seçir. Yəni oxumaq, zövqə uyğun janr seçmək sadəcə informasiya deyil, həmçinin psixoloji ehtiyacların da ifadəsidir.

Müxbir - Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
50
azertag.az

10Mənbələr