AZ

“Brent” neftinin qiyməti həftə ərzində 18 faiz bahalaşıb

Bakı, 24 aprel, AZƏRTAC

Yaxın Şərqdə davam edən gərginlik, nəticəsiz sülh danışıqları və Hörmüz boğazının bağlı qalması səbəbindən enerji bazarındakı qeyri-müəyyənliklər fonunda “Brent” markalı xam neft həftəni yüksək qiymət səviyyəsində tamamlamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, həftə ərzində birjalarda “Brent”in qiyməti təxminən 18 faiz bahalaşıb.

Hazırda “Brent”in bir bareli 105 dollardan, “Light” markalı xam neftin bir bareli isə 95 dollardan baha satılır. Ekspertlərin fikrincə, fevralın sonlarında Yaxın Şərqdə başlayan münaqişə enerji bazarlarını sarsıdıb, Hörmüz boğazının bağlanması Körfəzdəki əsas neft və qaz istehsalçılarından gələn tədarükün kəskin şəkildə azalmasına səbəb olub. Sülh danışıqlarının dayanması, sərtləşən ritorika və artan hərbi təhdidlərlə bağlı yeni narahatlıqlar isə neft qiymətlərində geosiyasi riski artırır.

“Goldman Sachs”ın analitiklərinin fikrincə, Hörmüz boğazı tamamilə yenidən açılsa və yeni hücumlar baş verməsə belə, Fars körfəzində xam neft hasilatının əhəmiyyətli dərəcədə bərpa olunması bir neçə ay çəkə bilər. Bank regionda hasilatın aprel ayında gündəlik təxminən 14,5 milyon barel və ya 50 faizdən çox azalacağını proqnozlaşdırır.

Xatırladaq ki, fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması və 12-dən çox ölkəni əhatə edən regional münaqişə səbəbindən dünya neft ticarətinin 20 faizinin keçdiyi Hörmüz boğazında nəqletmə demək olar ki, dayanıb.

Seçilən
14
2
azertag.az

3Mənbələr