AZ

Mənim poeziyam ultrasəs müayinəsidir... Elza Seyidcahan

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir deyim var: "İncəsənət qurban tələb edir". Tez-tez işlənən bir deyimdir. Amma əslində incəsənətin tələb etdiyi istedaddır.

Növbəti müsahibimiz bəlli olandan və onunla vədələşən gündən beynimdə götür-qoyda idim. Çünki bu dəfə təkcə sənət adamı ilə deyil, fərqli düşüncəsi, baxışı, yanaşması ilə həmişə müzakirələrə səbəb olan bir obrazla görüşəcəkdim. Maraqlısı odur ki, istər cəmiyyət, istər sənət cameəsi onu sevir də, tənqid də edir, bəzən anlamır da, lakin heç zaman laqeyd də qalmır. Bəzən olur ki, suallar eşidəcəyi cavabdan qorxur, çünki bəzi insanlar cavab vermir, o cavabları içində daşıyır. Ona görə istədim ki, bu dəfə sualları sərbəst buraxım, qoy hara istəyirlər getsinlər, hansı fikrə istəyirlər toxunsunlar, çərçivə daxilində sərhədi də keçsinlər... Bilirsiniz niyə?.. Çünki qarşımdakı insan yalnız sözlərlə deyil, sözlərin arasındakı boşluqlarla da danışmağı bacarır. Bəzən cümləsini yarımçıq qoyur ki, onu sən özün içində tamamlayasan. Bəzən isə onun söylədiyi fikirdən özünü tamamlanmamış hiss edirsən...

Bu dəfə həmsöhbətimizi tanıtdırmağa çalışmayacağam. Heç buna ehtiyac da yoxdur. O ya qəbul edilir, ya da izah olunmadan qalır...

Səs var ki, o, nə mahnıdır, nə də söz. O, bir haldır... Ya səni narahat edir, ya da içində gizli qalan bir tərəfi oyadır. İnsan onu ilk dəfə dinləyəndə anlamağa çalışır... İkinci dəfə hiss etməyə... Üçüncü dəfə isə düşünür ki, bəlkə də onu anlamaq səhv yanaşmadır...

Bugünkü müsahibimiz bəstəkar, müğənni, vokalist, Azərbaycan və Qırğızıstan Bəstəkarlar ittifaqlarının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar artisti Elza Seyidcahan səsi ilə izah etmir - sual yaradır... Şeiri ilə cavab vermir - düşüncələri parçalayır... Və beləcə, keçək söhbətimizə.

- Qasımova Elza Nuru qızı - sənəd üzərindən belə tanınırsınız. Mən isə Seyidcahan adı ilə tanış olmaq istərdim...

- Qasımova soyadı mənə erkən qurduğum ailədən qalıb. O vaxta kimi Əhmədova Elza olmuşam. Artıq sənətə gələndə düşündüm ki, bir adla tanınım, dəyişmək kimi bir halla üz-üzə qalmayım. Tək bir ad altında fəaliyyətim davam etsin. Ata adı və soyadını götürə bilərdim. Lakin düşündüm ki, sənətdə artıq Yaşar Nuri var, İlham Namiq Kamal Əhmədov var və mən nə isə fərqli, həm də daima daşıyacağım bir ad istəyirdim. Ulu nənəmin adı Seyidcahan olub və anam dünyaya gələndə bu adı ona qoyublar. Düşündüm ki, Cahan adını götürüm. Xalq artisti, kamança ifaçısı Munis Şərifov o zaman tələbə idi və xalamgilin həyətində kirayədə qalırdı. Dedi ki, elə Seyidcahan adı ilə gəl də sənətə, həm qeyri-adidir, həm ulu nənənin seyidliyi sənə kömək olar, sonunda da ananın adıdır. Elə də etdim. Əgər anam mənə təhsil verməsəydi, sənətə gəlməyim üçü şərait yaratmasa, dəstək olmasaydı, özüm nəyə nail olardım, onu bilmirəm. Seyidcahan adı ilə sənətə gələndən sevildim. Bu gün Azərbaycan incəsənətində tək adımla deyil, mahnılarımla, üslubumla, yaradıcılığımla yeganəyəm. Mənim üçün əsas olan budur.

- Özünəgüvənli, komplekssiz Elza Seyidcahanın belə xarakter sahibi olmağında yəqin ki, böyüdüyü mühitin də təsiri olub...

- Siyəzəndə yaşayan sadə bir ailənin ikinci övladıyam. Atam ailənin dolanışığını təmin etmək üçün Rusiyaya işləməyə getdi və anam biz dörd bacını tək böyütdü. Çox mərd və qürurlu qadın olub hər zaman. Hətta ona "Əzazil anam" adlı şeir də həsr etmişəm. Olub ki, atam bizə bir qədər gec pul göndərib, evdə də hər şey tükənib. Anam bunu heç kəsə bildirməyib. Un elə bir ərzaqdır ki, evdə ələ çatan bir nemətdir. Anam unu qovuraraq horra edib qarşımıza qoyardı ki, təki ac qalmayaq. Biz də onu ləzzətlə yeyib heç şikayətlənməzdik də. Anam təsərrüfatda çalışıb özünü oda-közə vurardı ki, ocağımızda həmişə qazan qaynasın. O həyatımızın  unudulmaz xatirələri mənim üçün indi də yaşayır. Anamın anası Səmərrux nənəm el arasında Cavadzadənin xəstəxanası adlanan indiki Urologiya klinikasında əczaçı işləyirdi. Hər həftə sonu dolu zənbillər və bir qazan hazır yeməklə gələrdi ki, xörəyin bişməyini gözləməyək. Onun gələcəyini bildiyimizdən həyətimizə uzanan yolda onu gözləyərdik ki, əlindəki zənbillərə kömək edək. Belə günlərin birində nənəm bir qazan yarpaq dolması da gətirmişdi. Hamının başı süfrəni hazırlamağa qarışdığından mən elə qazandan dolmaları yeməyə başladım. Nənəm qazanın ağzını açıb gördü ki, iki sıra dolma yoxdur. Əllərini dizinə vurub dedi ki, şaxsey Elza dolmanı lap şabalıd kimi yeyib və sonralar bu söz ailəmizdə məzəli bir lətifəyə çevrilmişdi. Elə kiçik yaşlarımdan zirəng, gözüaçıq olmuşam. Yəqin anam da bunu hiss etdiyindən bütün işləri mənə tapşırardı. Hərdən gileylənəndə deyərdi ki, ana qurban, o birilər məni sənin kimi yarıtmır. Bax elə o vaxtdan indiyə qədər hamının işinə yarayan elə mənəm.

"On doqquz yaşında iki övlad anası idim..."

- Sizin bir Sumqayıt həyatınız da olub...

- O zaman Sumqayıt fəhlə şəhəri idi. Anamın yaxın qohumları orada məsul vəzifələrdə çalışırdı. Onlar ata-anamı Sumqayıtda işləməyə çağırdılar və beləcə ora köçməli olduq. Atam orada çox duruş gətirə bilmədi və yenidən Rusiyaya işləməyə qayıtdı. Fədakar və zəhmətkeş anamı qohumları Üst trikotaj fabrikinə işə düzəltdilər. Üçnövbəli işə rəğmən, anam bizi bir an belə nəzarətsiz qoymayıb. Mən də orada məktəbi, S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbini bitirdim, çünki elə kiçik yaşlarından çal-çağırlı ailədə böyümüşdüm. Erkən yaşında ailə qurdum, on doqquz yaşında artıq iki övlad anası idim. Uzun müddət ailəmi qorumağa çalışdım, lakin onun dağılmağının baiskarı qayınanam oldu. On iki il rəsmən boşanmadan anamın evində yaşadım. O, mənə və övladlarıma hər cürə yardım göstərdi. Lakin ailənin artıq bir araya gəlməyəcəyini görüb yoldaşımla yollarımızı birdəfəlik ayırdıq. İstəmirəm kimsə düşünsün ki, mən qarşı tərəfə qarşı kin bəsləyirəm. Əksinə, ailəmi dağıdan qayınanama çox minnətdaram. O mənada ki, həmin qadın bilməyərəkdən bugünkü Elzanın varlığına yol açdı. Anam isə məni yuvarlanacağım uçurumun kənarından çəkib ayaq üstə qoydu. Onun sayəsində indiki Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfini bitirdim. Deyə bilərsiniz ki, bütün analar fədakardır. Amma onu dəyərləndirməyən övladlar nə qədər var? Gecə növbəsindən yorğun gələn, yuxusuz olan anama deyəndə ki, qulaq as, şeir yazmışam, əlimdən tutub Nəbi Xəzrinin yanına aparıb. O biri dəfə deyəndə ki, mahnı bəstələmişəm, yorğunluğuna belə baxmadan məni Niyazinin, Telman Hacıyevin yanına aparıb və həmişə də: "Bu uşağın istedadı da var, gələcəyi də var" fikirləri eşidib. O haqqı mən heç nə ilə ödəyə bilmərəm.

- İlk mahnınızı xatırlayaq...

- Dördüncü sinifdə oxuyurdum. Məktəbimizdə Aşıq Alı və Molla Pənah Vaqifə həsr olunmuş tədbirə hazırlıq gedirdi. O vaxtdan yadımda bu iki misra qalıb: "Könül tələb edir, ürək atlanır. Gəşt eylə dünyanı, gəz vətənimdə". Aşıq Alının bu sözlərinə mahnı bəstələdim və zənnimcə, bununla bəstəkarlıq fəaliyyətimin ilk cığırını salmış oldum. Şeir yazmağım isə daha əvvələ təsadüf edir. Mən evdəkilərdən marağıma qarşı heç zaman laqeydlik görmədim. Dayılarım qarmon ifaçıları idilər. Masanı nağara kimi çalıb onları müşayiət etdiyimi görüb, nənəm mənə nağara alıb göndərdi. Ondan sonra xalamla yoldaşının rus bayan aləti vardı, heç gücüm də çatmırdı, onu gətirib çalmağa başladım. Nənəm və babam bunu biləndən sonra mənə qarmon aldılar. Alim dayım yaxşı qarmonçalan idi, iki tələbəsi də vardı. Nənəmin xahişindən sonra dedi ki, otur tələbələrin yanında, onlara nə öyrədirəmsə, sən də bax. Elə öyrən ki, pis çaldığını görməyim. Sumqayıta köçəndən sonra anam biz dörd bacını qarmona yazdırdı. Artıq anam musiqi bəstələməyə həvəsimi görürdü və bir gün dərsdən gələndə evdə piano gördüm. Soruşanda anam dedi ki, sən mahnı bəstələyirsən, ona görə fortepiano dərslərinə gedəcəksən. Nə qədər ağlayıb yalvarsam da ki, mən qarmonu istəyirəm, anam fikrindən dönmədi və bu gün heç də peşman deyiləm.

- Belə anlamaq olar ki, mahnılarınızın sözlərini özünüz yazanda daha rahatsınız...

- Öz sözlərimə bəstələdiyim mahnıların sayı üç-dörd olar, ya olmaz. Bilirsiniz, əvvəllər yazdığım şeirlərə əmin deyildim. Mahnılarımın sözləri üçün müraciət etdiyim şairlərin şeirlərinin oxuya-oxuya püxtələşdim. Yəni istər klassiklərimizi, istər müasir dövr şairlərimizi, dünya və rus poeziya nümunələrini oxuduqca, təhlil etdikcə, həmin sözləri musiqilərimdə yaşadıqca, sanki bir növ onlar məni yazmağa yönəltdilər və özümü tapdım.

Təbii ki, mən heç zaman nə onlar kimi ola bilərəm, nə də buna iddialıyam. Bir haşiyə çıxım burda. Ötən il sosial şəbəkə üzərindəki verilişlərin birində bir jurnalistdən sual gəldi: "Füzuli böyük şairdir, yoxsa sən?" Bir jurnalist qarşısındakı müsahibə o zaman "sən" deyə müraciət edə bilər ki, onların yaxın dostluq, əməkdaşlıq, yaradıcı, səmimi münasibətləri var. Həm yaşda, həm sənətdə səndən böyük olan birinə bu cür müraciət qeyri-peşəkarlıqdır. Üstəgəl, sual da məntiqsiz idi. Arif və sərraf olan hər kəs yəqin ki, mənim orada uzun pauzadan sonra: "Deyərdim ki, mən böyük şairəm" cavabımı eşidib, nə demək istədiyimi anlayıb. Amma bu cavabımı paylaşmayan, tirajlamayan sayt qalmadı, rəy yazanların sayı bilinmədi. Buna görə heç kəsi bağışlamıram. Əgər mənə sual ünvanlayan da, sözlərimi manşetə çevirən sosial şəbəkələr və onların istifadəçiləri də  cavabımdakı ironiyanı anlamayıbsa, o zaman özümü dahi hesab edə bilərəm. Əgər bu gün cahil və ciblərinə güvənənlər özləri kimi cahil musiqini bir sənətkara yazdırmağa nail olur və onu ifa edirlərsə, sənətin halına ağlamaqdan başqa çarə qalmır. Başdan ayağa brend geyinib, təpədən dırnağa baxımlı, lakin incəsənətdən bixəbər birini sənətdən danışan görəndə, həmişə Zülfiyyə Xanbabayevanın sözlərini xatırlayıram: "Ya geyindiyiniz kimi oxuyun, ya da oxuduğunuz kimi geyinin".  Bacarsalar...

"Yazıçılar Birliyinə üzv olmağım sakit qarşılanmadı"

- Şeirlərinizdən söz düşmüşkən bir qədər açıq danışaq...

- Danışaq...

- Çoxluq tərəfindən şeirlərinizdə işlətdiyiniz bir çox sözlər vulqar sayılır, sətiraltı mənalarla gündəm bir-birinə dəyir. Elə bil ilham pəriniz tez-tez şıltaqlıq edir...

- Gəlin ilham pərisinə toxunmayaq. "O həyatdır" adlı bir şeirim var. Orada deyirəm: "Məni bir yazdıran var, Yazdıranı qazdıran, qazdıranı basdıran var, Basdırıb da üstünü də örtən var". Mənə şeir yazdıran cəmiyyətin özüdür. Mənim poeziyam ultrasəs müayinəsidir - özünü tanımaq istəyən şeirlərimdə bütün daxili aləmini tapa bilər. Biri mənə dedi ki, "Tüpürcəyim baldır mənim, alın bunu ağzınıza" şeirini qızımın, atamın, qardaşımın yanında eşidəndə utandım. Soruşdum ki, niyə? Əgər sən bal arısının yaranışını, onun fəaliyyətini bilmirsənsə, "Qurani-Kərim"in "Ən-Nəhl", yəni "Arı" surəsindən bixəbərsənsə, deməli, onda öz həyatını görüb utanırsan doğmalarının yanında. "Tikin" şeirimi lağa qoyub gülənlər çox oldu, amma sonunda ağızlarına maska taxıb evdən bayıra çıxa bilmədilər. Bir qismi dedi ki, Elza uşaqların tərbiyəsini pozur. Elza neynəsin ki, sizin düşüncə tərzinizin çərçivəsi o qədər qapalıdır ki, ora zərrə qədər işıq düşə bilmir. Elələrinə məsləhət görərdim ki, bir az mütaliə etsinlər, dünyaya işıqlı gözlərlə baxsınlar, hər şeydə bir xəbislik axtarmasınlar. Təəssüf ki, bu gün əksəriyyət emosiyalara qapılaraq iç simasını daha tez açıb göstərir. Mən bunu ağrılı qəbul etmirəm, əksinə, sevinirəm ki, kimin kim olduğu aşkara çıxır. Mənim Yazıçılar Birliyinə üzv olmağım da sakit qarşılanmadı. Mən yazdıqlarımı kitab şəklində çap elətdirdim. Nəfis şəkildə işıq üzü görən kitabımda Xalq rəssamı Əşrəf Heybətov çəkdiyi illüstrasiyalarla şeirlərin mövzusunu ustalıqla aça bilmişdi. Sonra akademik Nizami Cəfərovun bir şeirimi çox incəliklə təhlil etdiyini gördüm, qərara aldım ki,  üzvlük üçün Yazıçılar Birliyinə müraciət edim. Akademik Nizami Cəfərov, şairlər - Vaqif Aslanov və Cığatel xanım məmnuniyyətlə mənə zəmanət verdilər. Bir müddətdən sonra Xalq yazıçısı Çingiz Abdullayev Yazıçılar Birliyində üzvlük vəsiqəsini mənə təqdim etdi. Məni ilk təbrik edən Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı hörmətli Anar müəllim oldu.

- Dediklərinizdən belə çıxır ki, şeirlərinizi insanlar özləri anlamaq istəmirlər...

- Əslində yazdıqlarımı çox gözəl anlayırlar. Mərdəkanda bir el şənliyində idim. Orda məndən şeir söyləməyimi istədilər. Bir-iki şeir söylədim və sonra izah etmək istəyəndə mənə dedilər ki, Elza xanım, izah etməyə ehtiyac yoxdur. Biz şeiri də, sizin hisslərinizi də çox gözəl anlayırıq. Bunu iştirak etdiyim əksər tədbirlərdə də eşitmişəm. Demək ki, məni qəbul edənlər də var.

"Tanrı məni qeyri-adi yaradıb"

- Sizə baxanda geyiminizdə, danışığınızda, məntiqinizdə, hətta tənqidlərə cavabınızda da bir ekstravaqantlıq hiss olunur, sanki elə belə də doğulmusunuz...

- Bəli, mən belə doğulmuşam. Nənəmin bir sandığı vardı, orada həmişə müxtəlif parçalar görərdim. Məktəb vaxtlarımdan mənim geyimlərimə yaşıdlarım təəccüblə, maraqla baxıb gülümsəyərdilər. Məni fərqli geyindirən böyük bacım Lalə idi. O həmişə deyərdi ki, kim geyiminə görə sənə nəsə desə, fikir vermə. Artıq musiqi texnikumunda oxuyurdum və bəzən onun təkidilə başıma qoyduğu şlyapalardan, ya hansısa bir geyimdən utanıram deyəndə, tez mənə ürək-dirək verməklə cəsarətləndirərdi ki, səni dəblə geyindirirəm, hamı həsəd aparacaq, eşitdiklərini qulaqardına vur, sən qeyri-adisən. Sonralar bu qeyri-adi sözünü tez-tez eşitməyə başladım. Gülçöhrə Şəfiyeva bəstələrimi maraqla dinləyərdi və bir gün məni Vaqif İbrahimoğlunun yanına göndərdi ki, qoy o da səni dinləsin. Vaqif müəllim bəstələrimi dinləyəndən sonra özünəməsxus amiranəliklə dedi ki, Elza, sən dahisən və heç kəsə fikir vermə. Konsertlərimə gəlib məni kənardan izləyib əli ilə işarə edərdi ki, artıq öz yolunu tapmısan. İndi sizin dediyiniz ekstravaqantlıq artıq mənim həyat tərzimdir. Zamanla anlamışam ki, seçilmişlərdən olum deyə Tanrı məni qeyri-adi yaradıb.

- Qalmaqallar sizdən də yan keçmir...

- Heç zaman qalmaqal sevən olmadım. Yaxamı nə qədər kənara çəksəm də, qalmaqalın bir ucu məni tapa bilib. Yersiz söz atan olub ki, onunla məhkəməyə qədər savaşmışam. Qalmaqal yaradanların əksəriyyəti gündəmdə qalmaq istəyənlərdir. Sənəti ilə heç nəyə nail ola bilmədiyini görüb, qalmaqalla diqqəti üzərinə çəkənlər o qədərdir ki... Dəfələrlə mənə pul müqabilində gündəmdə qalmaq üçün qalmaqal yaratmağı təklif edənlər olub. Lakin mən heç zaman belə işlərə razılıq verib kimsəyə uymamışam. Tanrının mənə verdiklərinə şükürlər olsun. Mən hər zaman gündəmdə qalmağı bacaran sənətkaram, çünki sənətim də var, yaradıcılığım da. Mən bəstəkaram və həmişə öz sahəmdə uğurlarımı qazanmağa çalışıram. Vəziyyət elə gətirib ki, mahnılarımı ifa da etməli oluram. Əslində mahnılarımın sənəti olan müğənnilərimizin ifa etməyini daha çox istəyirəm. Lakin onların mənimlə əməkdaşlıq etmək istəkləri ya zəifdir, ya da cəsarətləri çatmır. Qapım hamının üzünə açıqdır və onların repertuarında Elza Seyidcahanın bəstələrindən bir-ikisi kifayət edər ki, sənətləri mükəmməl olsun.

"Adını oliqarx qoyub pulu göyə sovuranlar..."

- Deyəsən, gileyiniz var...

- Təbii ki, gileyim var. Bu dünyanın bir fərdiyəmsə, mənfiləri görürəmsə, gileyimi bildirmək də haqqımdır. Adını şou qoyub millətin zövqünü korlayan musiqilərdən, onları ifa edənlərdən gileyliyəm. Səsi olmayanlardan, lakin nəyin bahasına olursa-olsun özünü səhnədə görənlərdən, onlara havadarlıq edib maliyyələşdirənlərdən gileyliyəm. Adını oliqarx qoyub pulu göyə sovuranlar olmazmı ki, bu xalqın ehtiyacı olan övladlarına əl tutaraq onların təhsilinə yardım etsinlər, gələcəyini qurmaqda dəstək versinlər, bədənində qəlpələrlə yaşayan qazilərimizin yanında olsunlar? Şəhərdə tikilmiş evlər var ki, illərdir zülmət içində qalıb, toz basıb, içində olanlar da sıradan çıxıb. Bir o qədər də ev-eşiksiz olanlar var. Olmazmı ki, bu istifadə olunmayan evlərinizi bir ehtiyacı olana verəsiniz, yaşasın? İnanın o qədər elə evlər görmüşəm ki, dözməyib "Adamsız evlər" adlı şeir də yazmışam: "Adamsız evlər ağlayır - ərsiz arvadlar kimi, Atamsız anam ağlayır - südəmər uşaqlar kimi". Şəxsən mənim də yaradıcı insan olaraq mənzilə ehtiyacım var. Bir evin içində üç ailə yaşayırıq nəvələrim də daxil olmaqla. Vaxtilə bizim Bakı milyonçuları olmuş Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarov və digərlərinin adı bu gün də el arasında hörmətlə çəkilir və anılır. Bəs görəsən, gələcək nəsil hansı bir oliqarxı xeyirxah əməllərinə görə tanıyacaq? Elə tikin ki, sizdən sonra iziniz qalsın, elə yaşayın ki, əməllərinizdən ehtiyacı olanlar xeyir tapsın.

- Qeyri-adiliyi sevən Elza Seyidcahanın özünü gördüyü rəng...

- Bu sualı müğənnilər də mənə tez-tez verir ki, Elza xanım, mahnılarınızın rəngi nədir? Mahnılarımı silsilə rənglərdə görürəm, daha çox unlu rəngləri sevirəm. Leonardo da Vinçinin  işlətdiyi rənglər ən bahalı boyalar hesab olunurdu. Lakin araşdırmalar zamanı məlum olub ki, bu dahi rəssamın boya almağa pulu olmadığından o rəngləri undan hazırlayarmış. Sizin sualınıza gəlincə, özümü qaranlıqda bir işıq gördüyüm üçün, elə həmin rəngdəyəm. İnsanların axtardığı işıq rəngində. Ola bilər ki, məni dinləyənlər əvvəlcə duruxa bilər, hətta dona bilər, lakin sonda kiçik bir toxunuşda axtardıqları işığı tapa bilirlər.

- Yaradıcılığınızı sözlə yox, hisslə ifadə etmək lazım gələrsə, həmin hissin adını bilmək maraqlı olardı...

- Bəlkə də qəribə səslənəcək, lakin mən hisslərimi hər zaman boğmağa çalışmışam, çox şeyləri hisslərimə qadağan etmişəm. Hisslərimi çox incitmişəm və buna görə onlardan həmişə üzr istəmişəm. Mən özümdən savayı, hamı üçün yaşamışam, sevdiklərimin, ətrafımda olanların istəklərini ürəklərində qoymamışam. Bu gün də aşıb-daşan hisslərimi gizlətməyə çalışıram, amma onlara qarşı yenə də haqsızlıq edirəm. "Hisslər ağlasın" adlı bir mahnım sualınızın əsl cavabıdır. O mahnını ifa edəndə mən hisslərimə hakim kəsilə bilməyərək, ağladım. Qəribə orasıdır ki, həmin mahnımı sonra Xalq artisti Gülyanaq Məmmədova da ifa edəndə göz yaşlarını saxlaya bilmədi. O zaman anladım ki, hisslərə aşırı cəza vermək də bir günahdır. Əksəriyyət insanların hisslərindən məharətlə istifadə etməyi gözəl bacarır. Lakin mən sadə olsam da, sadəlövh deyiləm.  Buna görə də ağlımın sayəsində hisslərimi cilovlamağı bacarmışam.  Bir də inanıram ki, boğduğum hisslərimin mükafatını Tanrım mənə mütləq verəcək və artıq bunu görürəm də.

"Ətrafım qısqanclarla doludur..."

- Həyatınızı sığışdıra bildiyiniz şeirinizin ilk misrası...

- Elə suallar verirsiniz ki, onların əksəriyyətinin cavabı şeirlərimdə var. "Əşyalarım" adlı şeirim var. O şeirin qəhrəmanı cansız əşyalar olsa da, əslində hamısı birbaşa özümə aiddir. Həyatda əlindən tutub, qayğı göstərdiyin biri sənə rahat şəkildə  pislik etməyi bacarır. Şeirdə deyirəm: "Siz bilirsiz mənim üçün nəsiz? Bir dənəsiz. Heç kimsiniz. Ancaq mənim, mənə məxsus əşyalarım, etibarlı vətənpərvər əşyalarım". Həyatımı bu şeirə sığışdıra bilmişəm.

- Səhnə güzgüdür, yoxsa maska?

- Şekspirin məşhur bir deyimi var: "Bütün dünya bir səhnədir, insanlar isə sadəcə aktyorlardır". Qısa bir cümləyə mükəmməl bir fikir sığışıb. Səhnə həm güzgüdür, həm də maska. Obrazlara görə maskalar dəyişir. Güzgüdə isə hamı bunu görməklə yanaşı, əsl sənəti bayağıdan fərqləndirə bilir. Təki aynaların üstünü toz basmasın.

- İnsanlar Elza Seyidcahanı ya sevir, ya da qəbul etməyə çətinlik çəkir...

- İnsanlar məni sevir də, aşırı dərəcədə qəbul da edir. Sadəcə daxildə yuva quran qısqanclıqlar hissləri səmimi şəkildə dilə gətirməyə imkan vermir. Mənsə buna yalnız sevinə bilərəm. Qısqanclıq sevgidən yaranır. İnsanlar var ki, qısqanılmadıqları üçün göz yaşı tökürlər. Mənimsə ətrafım qısqanclarla doludur. Biri sənətimi qısqanır, biri istedadımı, o biri yaradıcılığımı. Qadın kimi qısqananlar da var. Bu da məni sevindirir. Birinin məni qəbul etməməyi belə, xoşbəxtliyimdir. Elə böyük sənkarlar var ki, onları hələ də başa düşənlər yoxdur.

- Var tənqid və bir də var unudulmaq...

- Tənqiddən gözəl nə ola bilər? Təbii ki, sağlam və məntiqli tənqidi nəzərdə tuturam. Tənqidə o qədər açığam ki, ünvanıma tənqid səslənəndə xoşhal oluram. Qara Qarayev deyib ki, əsl tənqidçiləri qızılaxtaranlara bənzədirəm. Tənqid olmasa, inkişaf dayanar.        Amma bu gün cahillər də, savadı olmayanlar da, ailə tərbiyəsi görməyənlər də atmacalarını tənqid hesab edir. Onların cavabını verib yerində oturtmağı bacarıram. Unudulmaq isə həmişə qorxuludur.

- Cəsarətli xanımsınız...         

- Sənətimdə nə qədər üsyankar olsam da, həyatda bir o qədər həlim, mülayim, insanları yanlışlarına görə bağışlayan, şıltaqlıqlara dözən, naz çəkməyi bacaran biriyəm. Dava-dalaşsız mübarizə aparmağı və sözümü deməyi bacarıram. Bir faktı deyim sizə. Avropa Oyunlarında efirə başımda yanan məşəllə çıxmışdım, yəni bu böyük hadisəyə yaradıcı münasibətimi bu şəkildə bildirmək istəmişdim. Mərhum sənətkarımız Xalq artisti İlhamə Quliyeva belə bir fikir söylədi ki, utanmır başına qəlyan qoyub. Əslində o, məni dəstəkləyə də bilərdi. Onun bu fikri ilə bağlı çox suallar gəldi mənə. Bir cavabım oldu: "Əlimdə heç zaman qəlyan tutmamışam. Yalnız qəlyantutanlar başımdakı yanan məşəli qəlyan kimi görə bilər". Bilmirəm, bu, cəsarətdir, ya yox, amma mənim yaradıcı dünyama xələl gəlməsinə, artıq söz deyilməsinə heç zaman imkan vermərəm.

SÖZARDI: O, hamının istədiyi kimi deyil, amma bəlkə elə buna görə də yadda qalır. Fərqli olmağı bəzən tənqid yaratsa da, eyni zamanda izini də qoyur. Və sonda bir açıq sualım qaldı - biz fərqliliyi qəbul etməyə həqiqətənmi hazırıq, yoxsa onu sadəcə müzakirə etməyi sevirik?

Cavab haqqı səndədir, əziz oxucu!..

Tamilla M-ZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
525.az

1Mənbələr