ain.az, 525.az saytına istinadən bildirir.
"Qarabağı cənnətə çevirəcəyik" deyən Prezident İlham Əliyevin göstərişi ilə cəmi 8 aya Xocalı bərpa olunanda bölgədə gələcək nəsillərin ən yüksək texnoloji və müasir imkanlara sahib olması üçün müəssisələr quruldu. Təmir-tikinti və abadlıq işləri aparılanda əsas kreativ ideyalardan biri şəhərdə sənətkarlar məhəlləsi salmaq idi. Belə də oldu. Qısa zamanda Xocalıda "Gilabi ceramics" yaradıcılıq mərkəzi, Sariban Peşə İnkişaf Mərkəzi işə başladı. Şəhərin əzəli sakinləri Xocalıda məskunlaşdıqca bu mərkəzlərin də fəaliyyəti genişləndi.
Bu günlərdə Abadlıq Xidmətinin təşəbbüsü ilə Xocalıda xanımlar üçün növbəti təlim təşkil olunub. Sariban Peşə İnkişaf Mərkəzinin keçə sənəti üzrə təlimçisi, dekorativ tətbiqi sənət ustası Mehriban Əliyeva Saribanın Xocalı filialında bu maraqlı sənətin sirlərindən danışıb. Keçəçilik yüksək növ yundan əmələ gələn bir sənətdir. Yun suvenir istehsalı üçün əlçatan bir xammal olduğundan keçəçilik Xocalı sakinləri üçün faydalı sənətdir.
Qədim sənət növünə böyük maraq göstərən təlim iştirakçıları özlərini sınayaraq xırda suvenirlər düzəltməkdən məmnun olublar. Əslində istənilən sənəti peşəkar səviyyədə öyrənmək mümkündür, yetər ki, niyyət, istək və həvəs olsun.
Təlim çərçivəsində keçəçiliyin perspektivləri, gələcək inkişaf imkanları və məşğulluq baxımından yaratdığı fürsətlər ətrafında geniş müzakirələr aparılıb. Qarabağlı xanımlar unudulmaqda olan bu sənət növünün sirlərini öyrənsələr, Xocalıda keçədən düzəldilən yeni suvenir xətti yarana bilər.
BAX-dan aldığımız məlumata görə, müxtəlif sənət və peşə öyrətmək istiqamətində belə təlimlər davam edəcək.



A.NƏRMİN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.