AZ

10 gün qaldı – İrəvana Makrondan başqa KİMLƏR gedəcək...

Xəbər verildiyi kimi, Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək. Rəsmi məlumatlara görə, o, mayın 4-də Avropa Siyasi Birliyinin sammitinə qatılacaq, ertəsi gün isə dövlət səfəri başlayacaq. Bəllidir ki, hər 6 aydan bir keçirilən belə sammitlərə Azərbaycan və Türkiyə prezidentləri də dəvətli olur və onlar bir qayda olaraq, tədbirə qatılırlar. Rəsmi İrəvan da Bakı və Ankaraya dəvət göndərib.

Bu dəfə necə olacaq? Konkret olaraq İlham Əliyevin İrəvana getməsi mümkün görünürmü? Bəs Ərdoğanın? Yoxsa sırf təhlükəsizlik amilinə görə bu səfərlər istisnadır?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, Makronun Ermənistana planlaşdırılan səfəri regionda növbəti diplomatik hərəkətlilik dalğası yaradıb: "Kağız üzərində hər şey protokola uyğundur, platforma açıqdır, dəvətlər Bakı və Ankaraya göndərilib. Lakin siyasi reallıqlar tamamilə fərqlidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın İrəvana getməsi, mövcud şərtlər daxilində geopolitik reallıqlara zidd və qeyri-mümkünə yaxın bir ssenaridir. Bu ehtimalın aşağı olması fiziki təhlükəsizlik amilindən deyil, daha çox fundamental siyasi qərardan qaynaqlanır. Çünki dövlət rəhbərlərinin fiziki təhlükəsizliyi belə sammitlərdə texniki idarəetmə məsələsidir, əsas problem isə siyasi mühit və simvolik mesajlardır”.

Sona

Onun fikrincə, Fransa son illərdə Ermənistanın yalnız diplomatik vəkili deyil, həm də onun hərbi təchizatçısı kimi çıxış edir: “Bakı üçün Paris artıq neytral vasitəçi statusunu tamamilə itirib. Belə bir fonda Azərbaycan liderinin Makronun "mərkəz fiqur" olacağı bir tədbirə İrəvanda qatılması, Fransanın Cənubi Qafqaz ambisiyalarına legitimlik qazandırmaq kimi qəbul edilə bilər".

Onun sözlərinə görə, Bakı bu səfərə qatılmamaqla Fransanın regional oyunçuluğuna faktiki olaraq "veto" qoyur: “İlham Əliyevin İrəvana getməməsi həm də bu mesajı daşıyır, Cənubi Qafqazın taleyi kənar aktorların müdaxiləsi ilə deyil, regional oyunçuların iradəsi ilə həll olunmalıdır”.

Ekspert hesab edir ki, Türkiyə üçün də vəziyyət fərqli deyil. Onun nəzərincə, Ankara və Bakı region siyasətində vahid orqanizm kimi hərəkət edir: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycanla sülh müqaviləsindən keçir. Azərbaycanın iştirak etmədiyi bir masa arxasında Ərdoğanın görünməsi Ankaranın strateji müttəfiqlik prinsiplərinə ziddir. Türkiyə liderinin səfəri yalnız Ermənistan tərəfindən çox böyük bir "strateji jest" (məsələn, konstitusiya dəyişikliyi və ya ərazi iddialarından tam imtina) fonunda mümkün ola bilərdi ki, bu da hələlik real görünmür. Unutmaq olmaz ki, beynəlxalq münasibətlərdə dəvəti qəbul etməmək passiv bir geri çəkilmə deyil, aktiv bir mövqedir. Bu imtina Ermənistanın regional mərkəz olmaq iddiasına və Fransanın "himayədar" obrazına qarşı diplomatik bir demarşdır. Qısası, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın İrəvana getmə ehtimalı "zəif" deyil, "məntiqsiz" görünür".


Cavanşir ABBASLI
Musavat.com

Seçilən
48
50
musavat.com

10Mənbələr