AZ

Ölən dünyamız: nələrlə vidalaşırıq?..

Doğrusu, bilmirəm onları necə adlandırırlar? “Əllincilər”, yoxsa “altımışıncılar”? Amma hər dəfə imkan düşəndə bir oxucu kimi yazmışam ki, bu iki nəfər–İsmayıl Şıxlı və İsa Hüseynov (hər ikisinə Allah rəhmət eləsin!) Azərbaycan sovet nəsrində çox böyük dönüş elədilər, faktiki olaraq o dövrdəki nəsri bir “rels”in üzərindən götürüb başqasının qoydular. Sonrakılar inciməsinlər, amma nəsrimiz demək olar, hələ də o iki kişinin ədəbiyyata gətirdiyi “rels”lərin üzərilə hərəkət etməkdədir. Hərçənd, oxucu kimi deyirəm: İsmayıl Şıxlıdan fərqli, İsa Hüseynov təzədən başqa cığır açmaq, başqa “rels” yönəltmək istədi, amma yenə də oxucu kini deyirəm ki, məncə, alınmadı və yazıçı İsa Hüseynov elə “İdeal” romanı ilə də bitdi – təkrar söyləyirəm ki, adam “İdeal”la başqa İsa Hüseynov yaratmaq istədi, fəqət, çox uğursuz oldu. 

“İdeal”ı oxuyanda ağlımdan keçən ilk fikir bu, oldu ki, aman, Allah, doğrudanmı bunları “Məşhər” romanının, nə bilim, “Nəsimi”, ya “Tütək səsi” filmlərinin (müharibə dövründən bəhs edən ən gözəl filmimizdir!) ssenarisinin müəllifi İsa Hüseynov yazıbdır?.. Əlbəttə, bunlar bir oxucunun fikridir. İsmayıl Şıxlının isə yazıçı treki daha nizamlı, ardıcıl oldu, adam arta-arta, müdrikləşə-müdrikləşə getdi. Bilirsinizmi, “sanballı adam”, “sanballı yazıçı”, bir növ “ağayana müəllif” kimi ifadələr var və bunların ən çox yaraşdığı insanlardan, bəlkə də ilklərindən biri də İsmayıl Şıxlı olubdur. Onu da deyim ki, bu iki yazıçınının ədəbiyyatımızda həmişə yeri olacaq, ən azı göstərmək üçün ki, heç nə boş yerdən yaranmır...

Belədəsə, fikrim, əlbəttə ki, bu iki ədibi təkrar təqdim etmək deyildi, onların buna heç ehtiyacı da yoxdur. Sadəcə, bilmirəm, yaşdandır, yoxsa az qala, hər gün çevrəmizdə baş verən proseslərdən, amma hara çək-çevir edirsən, beynindən yalnız “ölən”, “ölmək” kimi sözlər keçir. İşin ən qəliz tərəfisə budur ki, ölüm təkcə bizə, bizim nəslə yox, sanki bizim gördyümüz, sevdiyimiz Dünyaya tərəf gəlməkdədir, sanki nəsil də yox, bütöv bir epoxa, Dünya çökməkdə, ölməkdədir. Bəlkə də bundan sonra gələn, bundan sonra doğulan Dünya daha yaxşı olacaq, amma o, bizimki deyil, özgədir, yaddır... Bunları düşünəndə bizim rəhmətlik İsmayıl Şıxlının çox məşhur əsərlərindən biri yadıma düşdü. Həm də fikirləşdim ki, bəlkə xeyirlisi də budur, necə deyərlər, biri ölməsə, digəri dirilməz. Bəlkə həyatın məntiqı də budur? Deyəsən, vaxtilə Pitrim Sorokindən oxumuşdum ki, böhran da təkcə köhnənin ölümü deyil, həm də yeninin doğuşudur...

Odur, beynimdən əcaib-qəraib, az qala, qızdırmalı adamın sayıqlamasını, yaxud da piano arxasına keçib xaotik improvizasiyalar edən cazmenin “musiqili popurri”sini xatırladan sətirlər keçdi bir an... Qərəz, iki taledən iki-üç ştrixlə başlayacam lap əvvəlcə. Biri şair-mərsiyəxan Racidən, digərisə xanəndə Seyid Mirbabayevdəndir. Deyilənlərə görə, Raci çox güclü şair və mərsiyəxan olubdur, hətta 19-cu əsrin ən böyük şairi sayanlar da var onu.
Adam əlyazmalarını toplayıb dənizyoluyla Osmanlıya yollanlır ki, orada kitabını buraxsın. Gəl, dənizdə fırtına qopur və şair özü də batır, əlyazmaları da! Lap çoxdan oxuduğumdur, mümkündür, nəyisə qarışıdırıram, bəlkə də ən son araşdırmalara görə hər şey başqa cür olub, amma bir vaxt belə yazırdılar...

Xanəndə Seyid Mirbabayev; səsi onu milyonçu edir, bəli, adicə toy-düyün müğənnisindən neft sənayeçisinə çevirir, həm də “qudurdur” – var, dövlət, böyük pullar, xarici ölkələr, böyük kef məclisləri, gözəl xanımlar! Adamın başı xoşbəxtlikdən fırlanır, o qədər bəxtəvər olur ki, bircə dərdi, hətta utanc yeri yalnız keçmişi, xanəndəliyi və xanəndəlik etdiyi vaxtlar olur. Hər şeyi pul həll etmirimi? Bəli, Seyid başlayır bir-bir keçmiş plastinkalarını alıb məhv etməyə, amma hər hay-küyün, dambadurumun sonu olur, kefcil Seyid tamam müflisləşir və az qala, dilənçiyə çevrilir və bir gün məlum olur ki, adamın bircə sərvəti qalıb-xanəndə keçmişi! Və çox təəssüf ki, o, da artıq xatırədən başqa şey deyilmiş, nə əvvəlki səs qalmışdı, nə də şöhrət – adamlar unutqan olur...

Seyid Mirbabayev təsadüfən keçmişindən qalan yeganə xatirəni tapır- sonuncu plastinkasını! Amma ki, onu da qocalıqdan tamam zəifləmiş, titrəyən əllərində dinləməyə apararkən salıb sındırır...

Niyə bunları yada saldım? İndi də, bizimçün də bir gün hər şey yoxluğa qərq ola bilər, sanki heç olmayıbmış kimi. Dəhşət ondadır ki, çoxumuz belə yoxluqla-varlığın sərhədindəyik, özü də çoxdan. Bunun yarısı elektron-virtual dünyanın nəticəsidir; biz daha biri-birimizlə əl-tutub görüşmürük, üzbəüz oturmuruq, hər şey bir dəmir lövhənin içindədir, həm ayırır, həm də guya ki, birləşdirir, amma məncə, daha çox ayırır, nənki birləşdirir. Belə acı reallıq yaradan bir səbəb də bizim qəliz dünyamız, qəliz ölkələrimiz və qəliz insanlarımızdır. Heç nə qalmayıb bir çox ölkələrdə! Bir “sınanlar”, bir “əməkdaşlıq edənlər” və bir də “əməkdaşlıq etməyə daim hazır olanlar” qalıblar...

Odur ki, gözünüzü qəti telefona dikib durmayın, hansısa bir gözəl yazınıza görə heç kim sizə zəng edib təşəkkür etməyəcək, hətta tənqid edib söyməyəcəklər də! Yox, bu ölkədə daha heç kim heç kimin yazısını oxumur, hətta daha “irəli getmiş” məmur-paqonlu yazarlar özləri də istəmirlər ki, onların “yazı”sı oxunsun, yox, bütün bu “yazılar” hesabat, harasa təqdim etmək, ad, medal, orden almaq üçündür – hətta bu mükafatları verənlərin özləri belə bu “yazıların” – “kitab”ların bircə cümləsini oxumayıblar! Mən “nəhəng şair” görmüşəm ki, “kitabları” nəşriyyatın bir küncündə qalanıb qalıbdır, özü də dalınca gəlmir, çünki ehtiyacı yoxdur, artıq “xalqın sevimli şairi-yazıçısı” təyin olunubdur... Ona görə də çəkin gözünüzü telefondan, kimsə zəng etməyəcək, həm də ona görə ki, ölkədə daha belələri qalmayıb. Ən dəhşətlisisə bəlkə də hələ qabaqdadır–souncu plastinkanı da salıb sındırmaqdır, öz əlyazmalarınla dəryaya qərq olmaqdı; bədbəxtlikdən də Dərya da uzaqda deyil, qulağmızın lap dibindədir...

O”Henri çox məşhur novellasını “Sonuncu yarpaq” adlandırmışdı. Deyirəm nə əcəb “Sonuncu insan” novellasını yazan yoxdur? Axı bu da çox yaxındır! Hər şey tezliklə SÜNİLİYƏ qərq olacaq və SONUNCU İNSAN da bitəcək!..

Bir vaxt sovet təbliğatı cəhənnəm, Cek London, hətta Drayzer insanın DARVİNİN BELƏ AĞLINA GƏLMƏYƏN evolyusiyasından yazırdı: ən azı “Dəmir daban”dan yadınızda olar yəqin.

O gün bir nəfər deyir ki, insanlar niyə belədir? Deyirəm ki, filankəs, insanların çoxu əslində həmişə belə olub, sadəcə, bəzən biz onlar haqda səhv-yanlış fikrə düşürük, yaxşı nəsə umuruq...

Bəli, SONUNCU İNSANLAR da artıq yola salınır; Dünyada, yoxsa bu ölkədə? Həm burada, həm də orada! Göz yaşlarıyla, yoxa qəhqəhələrlə? Fərq etməz! Həm də baxır kiminçün! Biri üçün göz yaşları, digərisi üçün qəhqəhələrlə!..

Ölənsə bir nəfərdir, ortada bir meyit və bir tabut var – İNSAN. Bilmirəm, ardınca kim gələcək: Nitşenin FÖVQƏLİNSANI, yoxsa ki, sadəcə, FRANKENŞTEYN, yaxud da Ayzek Əzimovun daha qüdrətli və məkrli ROBOTLARI?

Bildiyim odur ki, bu insanlıq daha olmayacaq. Əlində dürmənc babasıyla quzuları otlağa qovan balaca kənd dəcəlləri bir daha olmayacaq. Artıq qoyun-quzuları da helikopterlə otarırlar, sabah gördün, robot-çobanlar da peyda olub. Bəli, böyük bir dalğa özünü bizə yetirməkdədir: SÜNİLİK dalğası, hansı ki, keçmişdəki sellər kimi hətta sevənlər arasındakı səmimiyyəti də uçurub-yuyub aparacaq, sevgi-filan da olmayacaq, qalacaq yalnız “müqavilə əsasında əməkdaşlıq”...

Seçilən
42
musavat.com

1Mənbələr