AZ

Bakıdan Batumiyə: Azərbaycanın yaxın dostu Acarıstanın yeni rəhbəri olur

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan Hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə bu gün Prezident Administrasiyasında keçirilən brifinqdə elan edilib.

Qeyd edək ki, Pataradze artıq 2016-cı ildən 2018-ci ilə qədər Acarıstan hökumətinə rəhbərlik edib. O, son vaxtlara qədər Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Bu müddət ərzində Pataradze Azərbaycanın ali hakimiyyət eşelonlarında və biznes mühitində şəxsi əlaqələrini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Kavelaşvili bildirib ki, bu qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə razılaşdıraraq qəbul edib. Namizədliyin təsdiqlənməsi üçün Acarıstan Ali Şurası üzvlərinin əksəriyyətinin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının qurumda çoxluq təşkil etdiyini nəzərə alsaq, bu, sadəcə formal prosedur xarakteri daşıyır.

Prezident vurğulayıb ki, Pataradze regiona ilk rəhbərliyi dövründə bir sıra iri layihələri həyata keçirib, beynəlxalq arenada isə özünü ölkə maraqlarının müdafiəçisi kimi göstərib: "Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli fəaliyyət göstərib, Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə layiqincə qoruyub. O, əslən Acarıstandandır, regionun ehtiyaclarını və potensialını yaxşı bilir".

Pataradze göstərilən etimada görə Kavelaşvili və Kobaxidzeyə təşəkkürünü bildirib: "Bu, böyük məsuliyyət və çağırışdır. Biz komandamızla birlikdə bu vəzifəni layiqincə yerinə yetirəcəyik. Başlanmış və davam edən mühüm işləri sürətləndirəcəyik".

Peşəkar diplomat olan Zurab Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərirdi. Bundan əvvəl o, Qazaxıstan (2013-2016) və Türkiyədə (2012-2013) səfir, həmçinin İstanbulda baş konsul vəzifələrində çalışıb. Onun xidmət siyahısına Gürcüstan Xarici İşlər Nazirliyinin konsulluq xidməti, 1990-cı illərdə isə Acarıstan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi aparatı və Batumi bank strukturları daxildir.

Xatırladaq ki, Acarıstan hökumət başçısı postu güc strukturlarındakı yerdəyişmələr səbəbindən boşalıb. Hazırkı sədr Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri vəzifəsinə keçirilir. Tamazaşvili daha əvvəl Tbilisi Polis Departamentinin direktoru olub və hazırda Böyük Britaniyanın sanksiya siyahısındadır. London onu Tbilisidəki etiraz aksiyaları zamanı nümayişçilərə qarşı zorakılıqda ittiham edir.

Zurab Pataradzenin yenidən Acarıstanın rəhbərliyinə qayıtması region üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə onun 2018-ci ildən bəri Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyəti Azərbaycan-Gürcüstan münasibətlərinin ən dinamik dövrlərindən birinə təsadüf edib.

Pataradze bu illər ərzində iki ölkə arasında həm siyasi, həm də iqtisadi-enerji layihələrinin uğurla icrasında müstəsna xidmətlər göstərib, Azərbaycanın dövlət rəhbərliyi və işgüzar dairələri ilə yüksək səviyyəli etimad mühiti yarada bilib.

Onun Acarıstan kimi mühüm bir tranzit və turizm regionuna rəhbər təyin olunması, Azərbaycanla iqtisadi əlaqələrin, xüsusilə regional layihələrin daha da sürətlənməsinə töhfə verəcəkdir.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr