Son illərdə Azərbaycanda təhsil alan və ya müxtəlif məqsədlərlə ölkəyə gələn xarici vətəndaşların yerli mədəniyyət, tarix və ictimai dəyərlərlə daha yaxından tanış olması istiqamətində maarifləndirmə tədbirləri genişləndirilir. Mütəxəssislər hesab edirlər ki, bu proses həm qarşılıqlı anlaşmanın güclənməsinə, həm də ölkənin multikultural imicinin daha da möhkəmlənməsinə xidmət edir.
Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, ölkəmizə gələn hər bir xarici vətəndaş Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi barədə məlumatlandırılmalıdır.
Onun sözlərinə görə, bu cür maarifləndirmə həm xarici tələbələr, həm də ümumilikdə ölkəyə gələn əcnəbilər üçün vacibdir:
“Ümumiyyətlə, ölkəmizə gələn hər bir xarici vətəndaş bizim tariximiz, mədəniyyətimiz, irsimiz haqqında müəyyən məlumatlara sahib olmalıdırlar. Onlar bilməlidirlər ki, Azərbaycan həm tolerant, həm də multikultural bir ölkədir. Burada çoxdinli və çoxmillətli əhali yaşayır.”
Ekspert qeyd edib ki, universitetlərdə və aidiyyəti qurumlarda bu istiqamətdə aparılan işlər mühüm rol oynayır:
“Bu cür tədbirlər onlarda fikir formalaşdırır və faydalıdır. Xarici tələbələrlə bağlı universitetlərdə şöbələr fəaliyyət göstərir, eyni zamanda Xarici İşlər Nazirliyində də aidiyyəti qurum var. Ona görə də bu istiqamətdə maarifləndirmə işlərinin aparılması yalnız müsbət nəticə verir.”
Onun sözlərinə görə, xarici vətəndaşların Azərbaycanın mədəniyyəti, irsi və tarixi abidələri ilə tanış olması və onlara hörmət göstərməsi vacibdir.
Zəhra Ağayeva