AZ

Livan prezidenti saxta “soyqırım”a yas saxladı –reaksiya

Livan prezidenti Cozef Aun qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı müraciətində saxtakarların çaldığı havaya oynadığını nümayiş etdirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Aun “bu faciənin bəşəriyyətin vicdanında açıq yara olaraq qaldığını” iddia edib və “ədalət, həqiqət və insan ləyaqəti dəyərlərinə sadiqliyini” bir daha xatırladıb.

Livanlı prezidentin sözlərinə görə, onun ölkəsi Livanın milli birliyinin ayrılmaz hissəsinə çevrilmiş ermənilər üçün həmişə təhlükəsiz sığınacaq olub. “Bu, insan faciəsini dərin hüznlə xatırlayıram. Erməni əsilli livanlılar bu ölkədə heç vaxt qonaq olmayıblar, lakin onun quruculuğunda, möhkəmliyində və rifahında əsl tərəfdaş olublar. Onlar iqtisadiyyatdan mədəniyyətə, sənayedən incəsənətə, siyasətdən təhsilə qədər müxtəlif sahələrdə töhfə veriblər, müasir Livanın prezidentlik ofisinin yaydığı bəyanatda deyilir”.

O, həmçinin əlavə edib ki, xatırlama faciələrin təkrarlanmasının qarşısını almaq üçün açardır.

“Gəlin bu yaddaşdan milli birliyimizi möhkəmləndirmək, insan ləyaqətini müdafiə etmək, əcdadlarımızın fədakarlıqlarına və gələcək nəsillərin ümidlərinə layiq gələcək qurmaq əzmini çıxaraq”, - Cozef Aun vurğulayıb. O, həmçinin əmin edib ki, Livan azadlıq və plüralizm ölkəsi kimi öz missiyasına sadiq qalacaq.

Qəribəsi budur ki, İsrailin Livana qarşı bombardmanlarından aciz duruma düşmüş Livan prezidenti tarixi həqiqətlərə söykənməyən saxta erməni iddialarına yas saxlayır. Eyni zamanda Hizbullahın əlində yesir qalmış bu adam bir əsr öncənin hər kəsə bəlli olan tarixi həqiqətlərini əxz etməkdənsə, yalanlara qoşulur. Heç şübhəsiz ki, burada Livan ermənilərinin katolikosu birinci Aramın təsiri kifayət qədərdir. Amma istənilən halda, bir ölkənin başçısına yaraşmayan mövqedir.

Elxan

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında maraqlı fikirlər söylədi: “Livan rəsmiləri ilk dəfə deyil ki, erməni təxribatçılarına, separatçılara, erməni diasporuna bu şəkildə dəstək verir.Unutmayaq ki, erməni terror təşkilatı ASALA-nın da yarandığı yer məhz Livan olub. Bu terrorçu təşkilat Livanda yarandıqdan sonra digər terrorçu təşkilatlarla əməkdaşlıq edib və 30 il ərzində müxtəlif ölkələrdə türk diplomatlarını şəhid edib. İndi də Livanda erməni radikalların mövqeyi güclüdür”.

E.Şahinoğlu Azərbaycanda Livana fərqli yanaşmaların olmasından da bəhs etdi: “Sonra da bizdə bəziləri deyir ki, İsrail guya müstəqil Livana qarşı işğalçı müharibə aparır. Bu ölkənin ərazisində terrorçu təşkilatlar var. ASALA olub, bəlkə indi də qalıb. Həmçinin proksi təşkilatlar, Hizbullah və digər terrorçu təşkilatlardan söhbət gedir. Bu təşkilatlar İsrailə təhlükə yaradıblar. Bu ölkə radikallara dəstək verir. İndi biz durub Livana isti münasibətmi bəsləməliyik? Mən demirəm biz İsraili Livanda hərbi əməliyyat həyata keçirdiyi üçün dəstəkləyək, halbuki, Təl-Əviv Hizbullaha qarşı əməliyyat aparır. Amma bir Livan siyasətinə də, erməni separatizminə verdiyi dəstəyə də diqqət yetirək. İranın təsiri altında olan Hizbullah bütün məsələlərdə Livan hökuməti ilə tərs mövqedədir. Amma bu məsələdə heç səsini də çıxartmır, erməni məsələsində Hizbullah İran kimi, eyni siyasəti yürüdür”.

E.Paşasoy,
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr