AZ

“Sabah” “Qarabağ”ı titulsuz qoydu! - REPORTAJ

yarımfinal, cavab oyunu
Sabah (Bakı) – Qarabağ (Ağdam) 2:1 (0:0)

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev (99. Patrik Mbina, 74), 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges (10. Abdulla Zubir, 90), 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade (97. Fabian Buntiç, 41), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Ceremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: K.Duran, 59 (0:1). V.Simiç, 79 (1:1). P.Mbina, 88 (2:1).
Vərəqələr: İ.Noqeyra, 11 (hakimin qərarına etiraz). S.Solvet, 11 (qeyri-idman hərəkəti). S.Pokatilov, 17 (hakimin qərarına etiraz). A.Maluda, 44 (hakimin qərarına etiraz). K.Duran, 90+5 (hakimin qərarına etiraz). M.Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz). M.Qurbanlı, oyundan sonra (hakimin qərarın etiraz) – sarı. M.Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə). M.Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz) – qırmızı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: Kamranbəy Rəhimov (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
22 aprel. Bakı. “Bank Respublika Arena”. 8730 tamaşaçı (8900 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.

İlk oyundan fərqli bu dəfə bütün oxlar “Sabah”ı göstərirdi. İstər doğma meydan amili, istər tarixində ilk dəfə “qızıl dubl”a bu qədər yaxın olmaq, istər son 8 oyunda “Qarabağ”a uduzmamağın yaratdığı psixoloji üstünlük, istərsə də komandadaxili əhval-ruhiyyə. “Köhlən atlar”la bağlı vəziyyət isə aydındı. “Tofiq Bəhramov”da keçirilən ilk matçdan sonra da yazmışdıq ki, mütləq dəyişikliyə ehtiyac var. Düzdü, Qurban bəy də bunu təsdiqləmişdi. Lakin yeganə yenilik start heyətində Zubirin yox, Addainin yer alması oldu. O başqa məsələ ki, fərqli çıxış yolu görünmürdü. Bəlkə hadisələrin axarına müdaxilələr işə yaraya bilərdi ki, burda da yubanma baş verdi.

Halbuki nəticə özünü əvvəldən büruzə verirdi. 12-ci dəqiqədə Addai ilə Bikalyonu ötən Lepinitsa cərimə meydançasının qövsü üzərindən “çərçivə”ni nişan almaq istəyirdi ki, Silvanın müdaxiləsi uğurlu alındı. Ardınca Koxalski Zedadkanın uzaqdan ötürməsini qarşılamağa hazırlaşan Simiçi qabaqladı. “Çərçivə”yə ilk zərbə də “Sabah”dan gəldi. Düzdü, Velkonun göndərdiyi topu başla tora qovuşdurmaq istəyən Mikels də qapıçıyla bacarmadı. Lakin təhlükənin xəbərçilərinə qulaq tıxamaq “Qarabağ”a baha başa gəldi. “Bayquşlar”ın 37-ci dəqiqədəki hücumu qonaqların azlıqda qalmasıyla nəticələndi. Buna Koxalskinin sürətlə cərimə meydançasına daxil olmağa çalışan Simiçi kobudluqla aşkar qol imkanından məhrum etməsi səbəb oldu. Belədə Andrade Buntiçlə əvəzləndi. Başqa sözlə, 2-ci hissə “Qarabağ” üçün əsl həqiqət anına çevrildi!

Fasilədən qayıdan “Sabah”ın rəqibin qapısına yol tapması üçün çox vaxt lazım olmadı. Cəmi 5 dəqiqə sonra Maludanın qapıya paralel ötürməsini qolla tamamlayan İsayev komandasını sevindirdi. Amma topu Mikelsdən qəbul edən Maludanın oyundankənar vəziyyətdə olması “bayquşlar”ı məyus etdi. Hesab gözlənilməyən anda açıldı. Ona görə ki, 59-cu dəqiqədə Duran Raxmonaliyevin qeyri-dəqiqliyi üzündən “kürə”ni ələ keçirən Addainin ötürməsindən maksimum faydalandı. Elə “bayquşlar” da fərdi səhv sayəsində qol vurdu. Düzü, 79-cu dəqiqədə yaşanan epizodda Maluda fərqlənməyə yaxın idi. Lakin rəqibə mane olmaq istəyən Medina səhvən Simiçə fürsət yaratdı. Təbii ki, serbiyalı belə imkanı qaçıra bilməzdi. 88-ci dəqiqədə isə Mbina komanda yoldaşının uğurunu təkrarladı. Mikelsin ötürdüyü topu başla “çərçivə”dən keçirən qabonlu həm də yeni komandasında ilk dəfə fərqləndi. Düzdü, o, 90+3-cü dəqiqədə yenə qapıya dəqiq zərbə vurdu. Ancaq bu dəfə də Maluda oyundankənar vəziyyətdə idi. Bir neçə saniyə sonra Mikels də topu tora qovuşduranların, daha doğrusu, qolu sayılmayanların sırasına qoşuldu. Çünki almaniyalı Simiçin ona ötürmə etdiyi anda ofsaydda idi. 90+6-cı dəqiqədə gərginlik son həddə çatdı. Belə ki, top hesabı bərabərləşdirməyə çalışan Duranın zərbəsindən sonra Simiçin qoluna dəydi. “Qarabağ” camiəsinin penalti gözlədiyini anda fiti səsləndirən Rəvan Həmzəzadə “Sabah”ın finala vəsiqə qazanmasını, “Qarabağ”ın isə mövsümü titulsuz başa vuracağını rəsmiləşdirdi.

KƏNAN BAHADIR

Seçilən
37
1
football-plus.az

2Mənbələr