İran ətrafındakı gərginlik və Hörmüz boğazındakı qeyri-sabitlik neft-kimya bazarını sarsıdır...
İran ətrafında yaranmış gərginlik və Hörmüz boğazında müşahidə olunan qeyri-sabitlik qlobal neft-kimya bazarına ciddi təsir göstərir və bu, geniş istehlak məhsullarının qiymətində artıma səbəb ola bilər.
Poliqon xəbər verir ki, bu barədə The Atlantic jurnalı məlumat yayıb.
Məlumata görə, plastik istehsalı üçün əsas xammalın kəskin bahalaşması artıq bazarlarda hiss olunmağa başlayıb. Xüsusilə polietilen (PE) və polipropilen (PP) kimi baza polimerlərin qiymətləri 2026-cı ilin fevral ayının sonundan etibarən dünya birjalarında 37–38% artaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
Ekspertlər bildirirlər ki, Yaxın Şərq regionu dünya üzrə polietilen ixracının 40%-dən çoxunu təmin edir. Hörmüz boğazı vasitəsilə logistika zəncirində yaranan problemlər qlobal tədarükün demək olar ki, yarısının iflic olmasına gətirib çıxarıb.
Nəticədə, bir sıra sənaye sahələrində qablaşdırma xərcləri artıq 20%-dən çox artıb. Bu isə istehsalçıları əlavə xərcləri son istehlakçının üzərinə ötürməyə məcbur edir. Mütəxəssislər qeyd edirlər ki, proses davam edərsə, avtomobil ehtiyat hissələri, oyuncaqlar, geyim və digər gündəlik məhsulların qiymətində daha genişmiqyaslı artım qaçılmaz olacaq.
Poliqon.info