AZ

Süni intellekt və rəqəmsallaşma HR sahəsində işə qəbul prosesini necə dəyişdirəcək?

Bakı, 24 aprel, AZƏRTAC

Son illərdə süni intellekt texnologiyalarının işə qəbul və kadrların qiymətləndirilməsi prosesinə daxil olması geniş müzakirə olunur. Süni intellekt və rəqəmsallaşma HR sahəsində işə qəbul prosesini necə dəyişdirəcək?

İnsan resursları üzrə ekspert Sevda Quliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, son illərdə bu texnologiyalar HR sahəsində çox sürətlə yayılmağa başlayıb.

Onun sözlərinə görə, süni intellekt işə qəbul prosesində müəyyən mərhələləri asanlaşdıra bilər. Məsələn, CV-lərin təhlili, namizədlərin uyğunluq səviyyəsinə görə sıralanması və ilkin mərhələdə cavablandırma kimi proseslərdə süni intellekt mühüm dəstək rolunu oynaya bilər.

“Süni intellekt hər zaman bütün məqamları tam şəkildə dərk edə bilmir. Xüsusilə namizədin şirkətin dəyərlərinə uyğunluğu, onun potensialı və insan faktoruna bağlı digər nüanslar bəzən texnologiya tərəfindən düzgün qiymətləndirilməyə bilər. Bu isə nəticə etibarilə bəzi potensial namizədlərin nəzərdən qaçırılmasına səbəb ola bilər. Məhz buna görə də seçim mərhələsində HR mütəxəssislərinin rolu əvəzolunmaz olaraq qalır. HR mütəxəssisləri süni intellekti tam əvəzləyici vasitə kimi deyil, dəstək mexanizmi kimi istifadə etməli və namizədləri daha yaxından tanımağa çalışmalıdırlar. Çünki şirkətlər üçün ən vacib məqam təşkilata dəyər qatacaq düzgün insan kapitalının seçilməsidir. Müasir HR yanaşmaları yalnız texnologiyadan istifadə ilə məhdudlaşmır. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi, tövsiyə mexanizmləri və peşəkar şəbəkələr vasitəsilə potensial namizədlərin müəyyən edilməsi də mühüm rol oynayır. Bu yanaşma sayəsində hazırda müxtəlif qurumlarda çalışan peşəkar mütəxəssislər konfidensial şəkildə alternativ vakansiyalar haqqında məlumat əldə edə bilirlər”, - deyə Sevda Quliyeva vurğulayıb.

Onun sözlərinə görə, bəzən dövlət və özəl qurumlar müəyyən strateji vakansiyalar üzrə müraciət edirlər və bu zaman uyğun namizədlərin axtarışı aparılır: “Bu proses tam konfidensial şəkildə həyata keçirilir və peşəkar, ədalətli, beynəlxalq HR prinsiplərinə əsaslanır. Bu yanaşma həm şirkətlər üçün daha uyğun namizədlərin tapılmasına kömək edir, həm də əmək bazarında yeni imkanların yaranmasına şərait yaradır. Mövcud iş yerlərində çalışan mütəxəssislər prosesin məxfiliyinə əmin olduqları üçün belə imkanlardan rahat şəkildə yararlana bilirlər”.

Seçilən
38
1
azertag.az

2Mənbələr