AZ

Dünyada milyarderlərin sayı sürətlə artır

Dünyada milyarderlərin sayı yaxın beş il ərzində sürətlə artaraq 4 min nəfərə çata bilər. 

“The Guardian” qəzetinin məlumatına görə, “Knight Frank” şirkəti bununla bağlı təhlil aparıb. 

Son təhlillərə əsasən, hazırda dünyada 3110 milyarder var, lakin bu rəqəmin 2031-ci ilə qədər 25 faiz artaraq 3915-ə yüksələcəyi proqnozlaşdırılır. Xüsusilə texnologiya və süni intellekt sahəsindəki böyük mənfəətlər fərdi sərvətlərin sürətlə böyüməsinə “super güc” qatır. Eyni zamanda, ən azı 30 milyon dollar sərvəti olan multimilyonçuların sayı da son illərdə 300 faizdən çox artaraq 700 mini ötüb.

Tədqiqat göstərir ki, milyarderlərin sayı ən sürətlə neftlə zəngin Səudiyyə Ərəbistanında artacaq və burada varlıların sayı 2026-cı ildəki 23 nəfərdən 2031-ci ildə 65 nəfərə yüksələcək. Oxşar artım meyilləri Polşa və İsveçdə də müşahidə olunur. Lakin bu sərvət partlayışı dünyada varlılar və yoxsullar arasındakı uçurumun daha da dərinləşməsi ilə müşayiət olunur. Belə ki, dünya əhalisinin cəmi 0,001 faizini təşkil edən bir qrup insan bəşəriyyətin kasıb olan yarı hissəsindən üç dəfə çox sərvətə nəzarət edir.

Hazırda dünyanın ən zəngin insanı 785,5 milyard dollarlıq sərvəti ilə İlon Maskdır. Onu “Google”un qurucusu Larri Peyc və “Amazon”un rəhbəri Cef Bezos izləyir. Britaniyada isə milyarderlərin sayında tarixi azalma müşahidə olunur. Belə ki, keçən il onların sayı 165-dən 156-ya düşüb. Ekspertlərin fikrincə, siyasi qeyri-sabitlik və vergi islahatları super varlıları daha proqnozlaşdırıla bilən və fürsətlər təqdim edən bir neçə şəhərə köçməyə məcbur edir. Proqnozlara görə, 2031-ci ilə qədər Asiya-Sakit okean bölgəsi Şimali Amerikanı geridə qoyaraq dünyada milyarderlərin ən çox yaşadığı bölgəyə çevriləcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr