AZ

“PAŞA Sığorta” 8 milyon manatdan çox xalis mənfəət əldə edib

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“PAŞA Sığorta” mənfəətliliyini qoruyur

2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş “PAŞA Sığorta” bu tendensiyanı 2026-cı ildə də davam etdirir.  

Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldə edib.

Yanvar-mart aylarında “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. O cümlədən, şirkətin təkcə əsas əməliyyat  gəlirləri 1 il əvvələ nisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiya etməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiya gəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə 48,3% artaraq 0,8 milyon manata çatıb.

Şirkətdə müştəriyönümlülük güclənməkdədir

“PAŞA Sığorta” 3 ay ərzində 122,3 milyon manat sığorta haqqı toplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini təxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün güclənməsindən xəbər verir.

“PAŞA Sığorta”nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4 milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırda könüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu da təbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarının könüllü tibbi sığortalanmasını məhz “PAŞA Sığorta”ya etibar edir.

Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından və digər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-mart aylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8 milyon manat və 15 milyon manat təşkil edib.

İnvestisiya portfelinin dəyəri 250 milyon manatı keçib

Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 9%-ə yaxın artım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyi isə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinə sığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara, cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.

Aktivləri yarım milyard manata çatıb

2026-cı il martın sonuna “PAŞA Sığorta” 497,1 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu ilə müqayisədə 2,9 dəfə artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38,9% artımla bu il aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8 milyon manat olub.

Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədən nizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
6
banco.az

7Mənbələr