Lüksemburqda Azərbaycan Respublikası ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədə siyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelə təhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdən keçirilib.
Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyətini vurğulayıblar.