AZ

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

Respublikamızdakı biznes imkanları beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Dünyanın hər yerində sərmayədarları ilk növbədə cəlb edən sabitlik, təhlükəsizlik və əlverişli biznes mühitidir. Azərbaycan da təhlükəsizlik və biznes imkanlarına görə xüsusilə fərqlənən ölkədir. Xarici sərmayədarlar üçün ölkəmiz əlverişli investisiya məkanıdır. 

Bu cəlbediciliyin nəticəsidir ki, son iyirmi il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bunun da təqribən 170 milyard dolları xarici mənbələrdən gələn investisiyalardır. Statistika da göstərir ki, Azərbaycan yerli investorlarla bərabər, xarici sərmayədarları da özünə cəlb edir. 

"Rayonlarda biznes imkanları var. Əlbəttə ki, onlar paytaxtda olan biznes imkanlarından fərqlidir. Buna görə də kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarəedilməsi - bütün bu sahələrdə dövlət və özəl şirkətlər Azərbaycanda layihələr həyata keçirirlər. Hesab edirəm ki, Latviya investorları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı". Prezident İlham Əliyevin Azərbaycan-Latviya biznes-forumunda səsləndirdiyi bu fikirlər də respublikamızın müxtəlif bölgələrində, müxtəlif sahələrdə sərmayə imkanlarının olmasından xəbər verir. 

Sabitlik və gəlir potensialı baxımından seçilən ölkə

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Müşfiq Cəfərov qəzetimizə açıqlamasında deyib ki, hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Onun sözlərinə görə, Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması dövlət səviyyəsində mövcud investisiya mühitinin daha da yaxşılaşdırılması üçün  mühüm addımlar atılıb: "Prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakı zamanı qeyd etdiyi kimi, ölkəmizdə investisiya üçün əlverişli mühitin yaradılması qarşıda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Düşünürəm ki, sözügedən forum beynəlxalq əməkdaşlıq sahəsində yeni mərhələnin başlanğıcı olacaq".

Deputat qeyd edib ki, Azərbaycanda artıq neft sektoruna kifayət qədər xarici investisiya yatırılıb, indi isə əsas məqsəd investisiya axınını qeyri-neft sektoruna yönəltməkdir. Hazırda ölkəyə yatırılan qeyri-neft sərmayələr isə daha çox birbaşa dövlət investisiyaları və yerli sahibkarların maliyyə vəsaitləri hesabına edilən yatırımlardır. 

M.Cəfərov bildirib ki, Azərbaycan regional iqtisadi xəritədə həm sabitlik, həm də gəlir potensialı baxımından seçilən ölkələrdən biridir: "Buna görə də həm yerli, həm də xarici investorlar üçün Azərbaycana investisiya qoyuluşu həm təhlükəsiz, həm də sərfəli hesab olunur. Azərbaycanda enerji resursları - neft və qaz ölkənin maliyyə dayanıqlığının əsas baza mənbəyidir. Eyni zamanda dövlətimiz bu gün Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Bunun fonunda bərpaolunan enerji layihələri üzrə irihəcmli sazişlər imzalanır və bu sahə yeni investisiya dalğası üçün imkanlar yaradır.

Sabitlik güclü enerji bazası, strateji coğrafi mövqe, azad iqtisadi zonalar və sənaye parkları, eləcə də rəsmi investisiya təşviqi mexanizmi və vergi-gömrük güzəştləri Azərbaycana investisiya yaratmağı həm risk baxımından idarəolunan, həm də gəlir baxımından sərfəli edir".

İnvestisiya mövqeyimiz yüksəlib

İqtisadçı Pünhan Musayev qeyd edib ki, iyirmi il ərzində 20 milyard dollardan 76 milyard dollara qədər böyüyən iqtisadiyyat üçün xaricdən cəlb olunan 170 milyard dollar xarici sərmayə olduqca xüsusi göstərici kimi çıxış edir. Bu, həm də orta hesabla hər il 8-10 milyard dollar həcmində xarici investisiya axını deməkdir. Bu illərin heç də hər birində qlobal konyunktur və investisiya şərtlərinin eyni olmadığını nəzərə alsaq, bu məqamın özü Prezident İlham Əliyevin də vurğuladığı kimi, həyata keçirilən iqtisadi siyasətin əhatə və sistemliyini ifadə etməyə imkan yaradır. "Cəlb olunan xarici sərmayənin strukturuna diqqət yetirdikdə görünür ki, xaricdən gələn investisiyaların mühüm hissəsi iqtisadiyyatın neft sektoruna istiqamətlənib. Bu sahə müstəqillik illərində iqtisadiyyatın aparıcı sahəsi olduğundan, ilk baxışdan belə bir təsəvvür yarana bilər ki, xarici investisiyaların gəlmə səbəbi sırf bu sektorun mövcudluğu ilə bağlı olub. Reallıqda isə təsvir bundan daha genişdir. Çünki neft ehtiyatları ilə zəngin olan bir çox ölkənin təcrübəsi göstərib ki, sabit ictimai-siyasi, habelə investisiya mühiti və etibarlı tərəfdaşlıq münasibətləri formalaşmadığı təqdirdə, resurs potensialı özlüyündə həlledici amilə çevrilə bilmir", - deyə o əlavə edib.

İqtisadçı vurğulayıb ki, bilavasitə dövlət başçısının rəhbərliyi ilə müxtəlif forum, beynəlxalq tədbirlər çərçivəsində bərpaolunan enerji, nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı, su idarəçiliyi kimi iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlb olunması üzrə əcnəbi investorlarla birbaşa əməkdaşlıq platformalarının təşviqi və iqtisadi modernləşmə kursunun ardıcıl davam etdirilməsi investisiya məsələlərinin dövlət siyasətinin prioritet istiqaməti olaraq gündəmdə saxlanmasına xidmət göstərir: "Bunun nəticəsidir ki, son illərdə dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi - "Fitch Ratings" və "Moody's Ratings" tərəfindən Azərbaycanın investisiya mövqeyi yüksəldilib, hətta xarici investisiya cəlb edən ölkədən xarici ölkələrin enerji aktivlərinə investisiya qoyan ölkəyə çevrilib. Bütün bunlar işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasını da əhatə edən yeni inkişaf mərhələsində ölkənin iqtisadi potensialından faydalanmaq və biznes imkanlarını yaxşılaşdırmaqla, nəticə etibarilə maliyyə sabitliyinə, ərzaq və enerji təhlükəsizliyinin davamlılığına, həmçinin yoxsulluq və işsizlik kimi sosial rifah məsələlərinin nəzarətdə saxlanmasına, beləliklə, müstəqil iqtisadi kursun uğur qazanmasına mühüm töhfə verir".

Beləliklə, Azərbaycanda investisiya mühiti həyata keçirilən islahatlar və iqtisadi sabitlik fonunda son illərdə daha da cəlbedici xarakter daşıyır. Bununla belə, dayanıqlı və sağlam biznes mühitinin daha da inkişafı üçün ardıcıl tədbirlər davam edir. Bu tendensiya isə, həmçinin qeyri-neft sektorunun inkişafına təkan verməklə, iqtisadi potensialı yüksəldəcək və Azərbaycanı xarici investorlar üçün daha etibarlı investisiya məkanına çevirəcək.  

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr