AZ

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

2001-ci ildən başlayaraq, ölkəmizdə hər il qeyd edilən Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Əqli Mülkiyyət Agentliyi tərəfindən "İnnovativ potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda "dəyirmi masa" keçirilmişdir. 

"Dəyirmi masa"da agentliyin idarə heyətinin sədri Kamran İmanov yeni ekosistemin qurulmasında əqli mülkiyyətin rolunu vurğulamış, onun iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və innovasiyaların inkişafına verdiyi töhfələrdən danışmış, habelə müasir dövrdə əqli mülkiyyət institutunun qarşısında duran hədəfləri diqqətə çatdırmışdır.

Milli əqli mülkiyyət institutunun fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri təhlil edərək bir neçə mühüm məqama diqqət yetirilməsini vacib sayırıq: əvvəla qeyd etməliyik ki, Azərbaycanın milli əqli mülkiyyət sistemi zəngin tarixə malikdir və unikal idarəetmə strukturu ilə seçilir. Əqli Mülkiyyət Agentliyi 2018-ci ildə Prezident İlham Əliyevin uzaqgörən və müdrik strateji siyasətindən irəli gələn institusional islahatlar çərçivəsində əqli mülkiyyətin daim yeniləşən mahiyyətinə uyğun olaraq şəffaflığı, səmərəliyi və hesabatlığı təmin etmək məqsədilə çevik, daha kompakt və daha məqsədyönlü unikal idarəetmə qurumu kimi təsis edilmişdir. Bununla da əqli mülkiyyətin hər iki qolu (müəllif-hüquq sahəsi və sənaye mülkiyyəti) bir "çətir" altında birləşərək onların bir-birindən faydalanmasına şərait yaradılmışdır. 

İkincisi, Azərbaycanda "əqli mülkiyyət yalnız hüquqlar deyil, hüquqlar ilə təmin edilmiş əqli mülkiyyət obyektləridir" prinsipi əsas yanaşma kimi götürülür. Bu xətt artıq beynəlxalq əqli mülkiyyət sistemində də "vətəndaşlıq hüququ" qazanmışdır. Odur ki, sahə üzrə tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları modelləri və strukturu məhz bu yanaşma nəzərə alınmaqla qurulur və inkişaf etdirilir.

Üçüncüsü, Əqli Mülkiyyət Agentliyi yalnız əqli mülkiyyət obyektlərinin qeydiyyatını həyata keçirən, yəni hüquqları rəsmiləşdirən qurum kimi deyil, eyni zamanda əqli mülkiyyətin təsirini ölçən və sosial-mədəni nəticələrini müəyyən edən bir institut kimi fəaliyyət göstərir. Onun strukturu formalaşdırılarkən minimum transaksiya xərcləri əsas götürülür. 

Beləliklə, Azərbaycanda əqli mülkiyyətin idarəçilik sistemi digər ölkələrdə, o cümlədən MDB məkanında ən optimal və çevik idarəetmə strukturu kimi qəbul olunur. 2025-ci ilin noyabr ayında Moskvada Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında keçirilmiş II Beynəlxalq konfransda da Azərbaycanın əqli mülkiyyət sahəsində idarəçilik forması nümunə kimi göstərilib və digər ölkələrin əqli mülkiyyət ofislərinə Azərbaycan təcrübəsindən yararlanmaq tövsiyə olunub. Təsadüfi deyil ki, Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin strukturu və fəaliyyəti dünyanın 204 əqli mülkiyyət təşkilatları siyahısında seçilmiş 15-lərin sırasındadır. Bu mövqe ÜƏMT tərəfindən 2025-ci ildə nəşr olunmuş "Vizioner - gələcəyə baxan innovativ liderlərin Hesabatı"nda öz əksini tapıb. 

ÜƏMT-nin hesabatında Cənubi Qafqaz və MDB regionlarından yalnız Azərbaycan nümayəndəsi təmsil olunmuşdur. Hesabatın "Hüquqi amillər" bölməsində Azərbaycan Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun əqli mülkiyyətə və informasiya texnologiyalarına dair "Texnologiya və əqli mülkiyyət hüququ daim bir-birini stimullaşdırır, onlar zamanla bir-birinin istiqamətini və inkişafını qarşılıqlı şəkildə formalaşdırır" fikri sitat kimi verilərək, bu yanaşma hüquqi çərçivələrin yeni texnologiyalara uyğunlaşdırılmasının vacibliyini göstərən əsas tezislər sırasında təqdim olunmuşdur. Bunu da xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sisteminin tətbiq edildiyi ilk ölkədir. Şərqi Avropa və MDB dövlətləri arasında folklorun və ənənəvi-mədəni nümunələrin hüquqi qorunması ilə bağlı ilk qanun da Azərbaycanda qəbil edilmişdir. 

Ölkəmiz ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 66-cı iclasında Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilmiş 40 ölkə sırasında yer almışdır. Azərbaycan həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışınadək olan dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir. Həmin dövrədək Azərbaycan Proqram və Büdcə Komitəsində təmsil olunacaq 53 dövlət sırasında da yer almışdır. ÜƏMT-nin assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin rəhbəri 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib. 

Göründüyü kimi, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan ÜƏMT-nin 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir.

Əqli Mülkiyyət Agentliyi ilbəil müasirləşir və peşəkar qurum olaraq beynəlxalq əqli mülkiyyət ofisləri arasında mövqeyini daha da gücləndirir. Bir neçə ildir ki, həm sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) patentləşdirilməsi və qeydiyyatı ilə bağlı iddia sənədlərinin, həm də Əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya Şurasına müraciətlərin qəbulu 24/7 rejimində fəaliyyət göstərən və Elektron Hökumət İnformasiya ssisteminə inteqrasiya olunmuş "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. 

PƏNAH elektron sisteminin köməyi ilə tətbiq edilən "vahid pəncərə" və "istənilən yerdən xidmətə əlçatanlıq" prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin edir, əqli mülkiyyət sahəsində göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Bu sistem mobil platformalarda da əlçatandır, həmçinin MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələri üzrə iddia sənədlərinin 3D formatda qəbul olunması kimi innovativ funksiyanı dəstəkləyir. Həyata keçirilən rəqəmsallaşma isə yalnız sənaye obyektləri ilə məhdudlaşmır, bu proses həm də müəllif hüquqlarının qorunmasını əhatə edir. MyGov kimi rəqəmsal platformalarla inteqrasiya və SİMA bulud elektron imzasının tətbiqi ilə Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumatların təhlükəsizliyi təmin edilmişdir. Bundan əlavə, 52300-dən çox patentləşdirilən və qeydiyyata alınan sənaye mülkiyyəti obyektlərinə dair məlumatlara əlçatanlığı təmin edən Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri ("Açıq reyestrlər") yaradılmışdır.

İnformasiya ehtiyatlarından istifadəni daha da asanlaşdırmaq məqsədilə agentliyin internet saytına xüsusi müyəssərlik (əlçatanlıq) "menyusu" inteqrasiya olunub. "Menyu" vasitəsilə istifadəçilər müxtəlif vizual və funksional tənzimləmələrdən sərbəst istifadə edə bilirlər. Bu imkan xüsusilə görmə qabiliyyəti zəif olan istifadəçilərin sayta daha rahat çıxış əldə etməsi baxımından əlverişlidir. Belə ki, "menyu" şriftlərin ölçüsünün böyüdülməsini, kontrast rejiminin dəyişdirilməsini, rəng və vizual görünüşün yaxşılaşdırılmasını və mətnlərin oxunaqlığının vizual tənzimlənməsini təmin edir. Bu yeni modul agentliyin daxili resursları hesabına hazırlanıb. 

Əqli mülkiyyət sahəsində Azərbaycan MDB məkanında daha bir ilkə də imza atmışdır: Azərbaycanda yaşayan və fəaliyyət göstərən iddiaçılar Avrasiya patentinin alınması üçün iddia sənədlərini Əqli Mülkiyyət Agentliyinin PƏNAH milli elektron sistemi vasitəsilə birbaşa Avrasiya Patent İdarəsinə (APİ) göndərə bilirlər. Yeni yaradılan elektron xidmət vasitəsilə APİ bu il martın 5-də Azərbaycandan milli prioritetə malik ixtiraya dair ilk iddia sənədini qəbul edib. 

Agentlik və APİ-nin informasiya sistemləri arasında onlayn əlaqənin yaradılması nəticəsində operatorun nəzarəti altında məlumat və elektron sənədlərin mübadiləsi təmin olunur, iddia sənədlərinin materiallarının ötürülməsinə tələb olunan vaxt minimuma enir və prosesin icrası zamanı yarana biləcək texniki səhvlərin qarşısı dərhal alınır.

Müraciətlərə daha operativ şəkildə baxılması, əqli mülkiyyət sahəsində göstərilən dövlət xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə agentlikdə süni intellekt əsasında məlumatlandırma imkanlarını təqdim edən "süni intellekt bot"un yaradılması üzərində iş aparılır. Tezliklə istifadəyə veriləcək "süni intellekt bot"u əqli mülkiyyət sahəsində sualları cavablandıran "məsləhətçi" rolunda çıxış edəcəkdir. 

APİ ilə əməkdaşlıq çərçivəsində, patentləşdirmə proseslərinin avtomatlaşdırılması və intellektual dəstəklənməsi üçün süni intellekt həllərinin hazırlanması işlərinə də başlanılıb. Bu həllər agentliyin daxili informasiya sistemlərinə inteqrasiya nəzərə alınmaqla qurulur. 

Agentlikdə yeni rəqəmsal modellərin formalaşdırılması ilə əlaqədar qeyd edilməlidir ki, süni intellekt texnologiyalarına əsaslanan bir sıra xidmətlərdən istifadə etməyə imkan verən vahid platformaya çıxış təmin olunmuşdur. Yeni platforma WIPO Translate xidməti və PROMT sistemi vasitəsilə maşın tərcüməsi, dərc məqsədləri üçün üçölçülü rəqəmsal modellərin (3D-modellərin) çevrilməsi, sənaye nümunələrinin təsvirləri üzrə axtarışın həyata keçirilməsi, sənaye mülkiyyəti hüququ obyektlərinin ümumi reyestrinə çıxış, patent sənədlərinin Beynəlxalq Patent Təsnifatına (BPT) uyğun təsnifləşdirilməsi, milli patentlər haqqında məlumatların Avrasiya əczaçılıq reyestrinə daxil edilməsi və patent sənədlərinin mətni əsasında patent axtarışının aparılması ilə bağlı geniş imkanlar yaradır. 

İddiaçılar arasında "yaşıl patent"lərin alınmasına, bu sahədə ixtira və faydalı modellərin yaradılmasına maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdır. "Yaşıl" texnologiyaların ixtira və faydalı model kimi patentləşdirilməsi prosedurları sadələşdirilmiş və sürətləndirilmişdir. Bunun nəticəsidir ki, ötən il "yaşıl patent"lərin alınması ilə bağlı Əqli Mülkiyyət Agentliyinə ixtiraya aid 6 və faydalı modelə aid 2 iddia sənədi daxil olmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəriciyə dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30-50 faiz azaldılmışdır.

Beynəlxalq reytinqlərdə ölkəmizin əqli mülkiyyət sahəsində göstəriciləri ilbəil yaxşılaşır. 139 ölkənin iqtisadiyyatını əhatə edən və innovasiya fəaliyyətinin potensialı, səmərəliyi və çərçivə şərtlərinə dair təxminən 80 indikator-göstərici əsasında tərtib olunmuş "Qlobal İnnovasiya İndeksi - 2025"-də "mənşəyinə görə patent müraciətləri" indikator-göstəricisi üzrə Azərbaycan 57-ci yeri tutaraq Moldovanı (64-cü yer), Tacikistanı (77-ci yer) və Ermənistanı (79-cu yer) qabaqlamışdır. "Mənşəyinə görə faydalı modellər" və ya "kiçik patentlər" indikator-göstəricisi üzrə isə ölkəmiz 38-ci pillədədir. 

Sənaye mülkiyyəti sahəsində göstərilən dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır və patentlərin alınması ilə bağlı iddia sənədlərinin sayı ilbəil artır. 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair agentliyə 481 iddia sənədi, o cümlədən ixtiraya aid 282, faydalı modelə aid 77, sənaye nümunəsinə aid 65 və Avrasiya patentinin alınması üçün 57 iddia sənədi daxil olmuşdur. Patentlərin sayında da əhəmiyyətli artım müşahidə olunur: 2025-ci ildə 214 patent verilmişdir. Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37,8 faiz, patent fəallığı isə 15,7 faiz artmışdır. Bundan əlavə, PCT beynəlxalq sistemi vasitəsilə patent alınması üçün ÜƏMT-nin Beynəlxalq Bürosuna ixtiraya və faydalı modelə aid 20 (2024-cü ildə 8) iddia sənədi göndərilmişdir. 

İxtira fəallığı 2026-cı ilin birinci rübündə də yüksək olmuşdur: 3 ayda yalnız ixtiralara dair agentliyə 109 iddia sənədi daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədlərinin sayı 149-dur (PCT və Avrasiya patentlərinin alınması ilə bağlı iddia sənədləri daxil olmaqla). Bu dövrdə patent fəallığı da yüksək olmuşdur: ixtira, faydalı model və sənaye nümunələrinə 53 patent verilmişdir. Halbuki 2025-ci ilin müvafiq dövründə verilən patentlərin sayı 38 olmuşdur.

Keçən il Əmtəə nişanlarının Dövlət reyestrində 3100 nişan qeydiyyata alınmışdır ki, bu da 2024-cü illə müqayisədə 256 ədəd çoxdur. Bu ilin birinci rübündə isə 539 əmtəə nişanı qeydiyyta alınıb (2025-ci ilin müvafiq dövründə 464 nişan qeydiyyatdan keçirilib). Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı cari ilin birnci rübündə PƏNAH elektron sistemi vasitəsilə agentliyə 1012 iddia sənədi (2025-ci ilin müvafiq dövründə 894 iddia sənədi) daxil olub. Ötən il 512 müəllif-hüquq sahibinə məxsus 900 əsər və əlaqəli hüquqların obyekti olan ifa qeydiyyatdan keçirilib. 2026-cı ilin birinci rübündə 115 müəllifə (hüquq sahibinə) məxsus 210 əsər (2025-ci ilin müvafiq dövründə 167 əsər) qeydiyyata alınıb.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2026-cı il aprel ayının 1-i tarixinədək agentlik tərəfindən 17300-dən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyata alınmışdır ki, bunların 2800-dən çoxu elektron qaydada qeydiyyatdan keçirilib.

Texnologiyaların kommersiyalaşdırılmasına və transferinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə aparılan işlər çərçivəsində kommersiyalaşma potensialı olan 500 ixtira, 173 faydalı model, 130 sənaye nümunəsi və 501 startap layihəsi barədə məlumatlar sistemləşdirilərək agentliyin vahid məlumat bazasına daxil edilib. Sənaye və aidiyyəti dövlət qurumları, tədqiqat mərkəzləri, biznes inkubatorları ilə əməkdaşlığın real nəticələr verməsi məqsədilə altı qurumda görüşlər keçirilib və dəyərləndirilməsi üçün onlara təkliflər verilib, 6 kommersiya yüklü patentlərin pasportları hazırlanıb. 

Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra hallarda problemlərlə "müşayiət" olunur. Bunun səbəblərindən biri peşəkar kadrlara olan ehtiyacdan irəli gəlir. Bu sahədə boşluqların aradan qaldırılması üçün 2019-cu ildə Bakı Dövlət Universitetində Əqli mülkiyyət hüququ, 2023-cü ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli Mülkiyyət kafedraları yaradılıb. Hər iki kafedranın Əqli Mülkiyyət Agentliyində filialları fəaliyyət göstərir. Bu addımlar ölkədə innovasiya mühitinin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və yaradıcı potensialın qorunmasına dəstək verməklə yanaşı, əqli mülkiyyət sahəsində ixtisaslı kadrların, o cümlədən əqli mülkiyyət üzrə hüquqşünasların hazırlanmasında əhəmiyyətli rol oynayır.

Yeni yaradılan kafedralarda müəllif hüquqları, patent hüququ, əmtəə nişanları və əqli mülkiyyətin digər növlərinə olan hüquqlara dair fənlər tədris olunur. Tədris planına insan hüquqları, antiinhisar hüququ, əlaqəli hüquqlar, dizayn hüququna aid fənlər də daxil edilmişdir.

Əqli mülkiyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi agentliyin diqqət yetirdiyi prioritet məsələlər sırasındadır. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində iddia sənədlərinin ekspertizasının sürətli və keyfiyyətli aparılmasını, ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifin ədalətli qonorar almaq hüququnu təmin etmək məqsədilə Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra fundamental dəyişiklik edilmişdir. Dəyişikliklər əsasında ixtira və patent fəallığının artacağı proqnozlaşdırılır. Patent alınması ilə bağlı iddia sənədlərinin ekspertiza müddəti əhəmiyyətli dərəcədə azalacaq. 

Qanuna edilmiş dəyişiklik nəticəsində indiyədək pərakəndə şəkildə tənzimlənən, bir sıra hallarda isə, ümumiyyətlə, tənzimlənməsi böyük problem olan bir məsələnin də həlli təmin olunacaq: xidməti tapşırıq əsasında yaradılan ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.

İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq istəyən xarici iddiaçılar isə bir sıra prosedurları birbaşa Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə həyata keçirə biləcəklər. Halbuki əvvəlllər Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxs iddia sənədlərinin verilməsindən patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirə bilərdi. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olurdu.

Əqli mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlər çərçivəsində "Əqli mülkiyyət hüquqlarının təminatı və piraçılığa qarşı mübarizə haqqında" qanuna dəyişiklik edilməsi barədə agentliyin təklifləri isə aidiyyəti orqanlarla razılaşdırılır. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanuna dəyişiklik edilməsi barədə də qanun layihəsi üzərində iş başa çatdırılıb və hazırda bəzi texniki dəqiqləşdirmələr aparılır.

2025-ci ildə və cari ilin ötən dövründə agentlik tərəfindən K.İmanovun müəllifliyi ilə Azərbaycan, ingilis və rus dillərində 30 adda kitab və broşür nəşr olunaraq ixtiraçılar, patent sahibləri, müəlliflər, hüquqşünaslar, tədqiqaçılar, tələbələr və əqli mülkiyyətlə maraqlanan digər şəxslər arasında pulsuz paylanılmışdır. Əqli mülkiyyətə dair yeni kitabların, broşürların və əvvəllər çap olunmuş bir sıra kitabların təkrar nəşri davam etdirilir.

Xüsusi olaraq onu da vurğulamalıyıq ki, Azərbaycanda 26-cı dəfə qeyd edilən Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilən tədbirlər mövzularından asılı olmayaraq, həm milli əqli mülkiyyət sisteminin uğurlarının təşviqi, həm də sahənin üzləşdiyi çətinliklər barədə geniş müzakirələrin və maraqlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli platforma rolunu oynayır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
45
2
azerbaijan-news.az

3Mənbələr