AZ

Avropa enerji tələsində: Rusiya “qaz kartını” yenidən açdı!

Bu gündən etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) qısamüddətli müqavilələr çərçivəsində Avropa İttifaqı ölkələrinə idxalına qoyulan qadağa rəsmi şəkildə qüvvəyə minib.

Avropa İttifaqı uzun müddətdir ki, Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində ardıcıl siyasət yürüdür. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu məsələ artıq təhlükəsizlik və siyasi prinsip məsələsinə çevrilib. Yeni qərar isə bu siyasətin daha sərt mərhələyə keçdiyini göstərir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə vəziyyətin nə qədər ciddi olduğunu açıq şəkildə ifadə edib. O bildirib ki, İran ətrafında gərginliyin artması və mümkün enerji böhranı şəraitində belə Avropa Rusiya qazına tətbiq etdiyi sanksiyalardan geri çəkilməyəcək.

Digər tərəfdən, İran ətrafında yaranan geosiyasi gərginlik enerji marşrutlarına və təchizat zəncirinə əlavə risklər gətirir. Bu kontekstdə Avropanın həm Rusiya qazından imtinası, həm də Yaxın Şərqdəki qeyri-sabitlik enerji təhlükəsizliyi məsələsini daha da mürəkkəbləşdirir.

Bəs bu qərar Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyaya təzyiqin effektiv alətinə çevrilə bilərmi? İran ətrafında artan gərginlik fonunda Avropanın bu addımı enerji təhlükəsizliyini riskə atmırmı? Avropa eyni anda həm Rusiyadan imtina edib, həm də Yaxın Şərq risklərini idarə edə biləcəkmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik bütün dünyada olduğu kimi Avropada da enerji qiymətlərinin kəskin şəkildə yüksəlməsinə səbəb olub:

"Rusiya-Ukrayna müharibəsi fonunda yaranan enerji böhranı Avropa iqtisadiyyatını ciddi sınaq qarşısında qoyub. Avropa İttifaqı bu vəziyyətdən çıxış yolları axtarsa da, eyni zamanda Brüssel Rusiyaya güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini qoruyur.

Rusiya isə yaranmış vəziyyətdən istifadə edərək Avropaya açıq və dolayı mesajlar göndərir ki, istənilən halda yenidən Avropaya neft və qaz satışını bərpa edə bilər. Bu, əslində enerji üzərindən siyasi təsir aləti kimi qiymətləndirilir. Lakin Avropa İttifaqı bu cür “enerji şantajını” qəbul etmir. Çünki belə bir addım Ukraynaya verilən dəstəyin zəifləməsi, hətta dolayısı ilə onun işğalına göz yumulması kimi dəyərləndirilə bilər. Məhz bu səbəbdən Brüssel öz prinsipial xəttindən geri çəkilmir və Rusiyadan enerji asılılığını minimuma endirmək siyasətini davam etdirir".
Elxan

Politoloq bildirib ki, Avropa İttifaqı daxilində bəzi ölkələr Rusiyadan neft və qaz alışının bərpasını dəstəkləyirlər:

"Bu ölkələrin sayı çox azdır, lakin mövcuddur və enerji təhlükəsizliyi baxımından fərqli yanaşmalar ortaya qoyurlar. Məsələn, Macarıstan kimi dövlətlər müəyyən hallarda Rusiya enerjisindən istifadənin davam etdirilməsində maraqlı görünürlər. Bu kontekstdə "Drujba" neft kəməri vasitəsilə yenidən Rusiyanın Macarıstana neft tədarük etməsi də diqqət çəkən məqamdır.

Bununla belə, ümumi mənzərədə Avropa İttifaqının böyük əksəriyyəti Rusiyaya güzəştə getmək niyyətində deyil.

Məhz bu səbəbdən Avropa alternativ enerji mənbələri və marşrutları axtarmağa məcburdur. ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının artırılması, Afrika ölkələri ilə enerji əməkdaşlığının genişləndirilməsi və Xəzər regionundan qaz tədarükünün artırılması bu strategiyanın əsas istiqamətlərindəndir".

Elxan Şahinoğlu vurğulayıb ki,  Azərbaycan Avropa üçün getdikcə daha mühüm enerji tərəfdaşına çevrilir:

"Təsadüfi deyil ki, Corcia Meloni mayın 4-də Azərbaycana səfər edəcək. Bu səfərin əsas mövzularından biri də Azərbaycandan Avropaya nəql olunan enerji həcminin artırılmasıdır. İtaliya baş nazirinin bu addımı Avropa İttifaqının enerji siyasətində yeni istiqamətlərin formalaşdığını və alternativ mənbələrə yönəlik strategiyanın daha da gücləndiyini göstərir.

Beləliklə, Avropa İttifaqı yaranmış mürəkkəb enerji böhranından çıxmaq üçün həm siyasi prinsipiallığını qorumağa, həm də yeni enerji tərəfdaşlıqları quraraq riskləri azaltmağa çalışır. Bu proses isə qlobal enerji bazarında yeni balansın formalaşmasına gətirib çıxarır".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
17
50
musavat.com

10Mənbələr