AZ

Görkəmli nasir və alim Mir Cəlal həm də mahir publisist olub

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşayev bədii yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə ölkəmizdə ictimai-siyasi fikrin formalaşmasında və vətənpərvərlik ideyalarının təşəkkülündə böyük rol oynamış ziyalıdır. Ümummilli lider Heydər Əliyev “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanımızda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar” deyəndə klassik adlandırdığı yazarlar siyahısında Mir Cəlalın da adını çəkirdi. Yaxud elmin və ədəbiyyatın böyük hamisi olan Prezident İlham Əliyev yazıçı Mir Cəlalı “XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi” və “Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamış” sənət adamı kimi dəyərləndirir.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal 6 roman, 300-ə yaxın hekayə və çoxsaylı elmi əsərlərin müəllifi kimi böyük oxucu kütləsinin qəlbini fəth etmişdir.

Akademik Nərgiz Paşayevanın vurğuladığı kimi, Mir Cəlal Paşayevin həyatı və fəaliyyəti çoxşaxəli yaradıcılıq zəhmətinin parlaq nümunəsidir. O, yarım əsrdən artıq müddətdə həm bədii ədəbiyyatda, həm elmi araşdırmalarda, həm də pedaqoji sahədə ardıcıl və fədakar fəaliyyət göstərmiş, hər 3 istiqamətdə silinməz iz qoymuşdur.

Mir Cəlalın ədəbi irsi o qədər parlaq və təsirli, elmi yaradıcılığı o dərəcədə dəyərli olub ki, sanki, onun publisist yaradıcılığı bu zənginliyin kölgəsində qalıb. Həqiqət isə budur ki, bu istedadlı yazıçı və alim ədəbi mühitə məhz mətbuatdan, coşqun və səmərəli jurnalist fəaliyyətindən gəlib.

Hətta 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetinin 23 yanvar sayında dərc edilən “Onlar “Gənc işçi”nin müxbirləri olmuşlar” adlı məqaləsində, özünün olduqca səmimi etirafında belə bunu görmüşük: “Qəzet bizim yarımsavad, ibtidai yazılarımızı pozub, düzəldib, rəndələyib, ağardıb, abra salıb çap edirdi. Altında imzamız olan yazını ilk dəfə qəzetdə görəndə sevincimizin hüdudu olmamışdır. Biz bu yazıları təkrar-təkrar oxumuş, həm sevinmiş, həm də öyrənmişik. Hər bir savadlı adam yaza bilər. Ancaq mətbuat üçün on minlər, yüz minlərin diqqətinə layiq yazı yazmaq, hər kəsə müyəssər olan asan bir iş deyil”. Keçən əsrin 30-cu illərindəki ədəbi mühiti dəyərləndirən akademik Nizami Cəfərov yazır ki, haqqında söhbət gedən mərhələnin dramaturqlarının əksəriyyəti həm də publisist idi: Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Hüseyn Cavid... o cümlədən Mir Cəlal...

Mir Cəlalın publisistik yaradıcılığına diqqət edəndə bu fəaliyyətin 18 yaşında, 1926-cı ildə – hələ Gəncə Darülmüəllimində təhsil aldığı illərdən başlandığını görürük. 1926–1929-cu illərdə “Yeni fikir” və “Maarif yolu” nəşrlərində onun ilk məqalələri çap olunub. Bakıya aspirant kimi təhsil almaq üçün gəlişi isə ona şəhər mühiti ilə yaxından tanış olmaq imkanı qazandırır. Mir Cəlalın o dövrün bir sıra görkəmli şair və yazıçıları ilə, o cümlədən Mehdi Hüseyn, Hüseyn Cavid, Süleyman Sani Axundov kimi mötəbər ziyalılarla tanışlığı bu illərə aiddir. Bu əlaqələrin həm yaranmasında, həm də daha da genişlənməsində onun müxbirlik fəaliyyəti də əvəzsiz rol oynamış və bu fəaliyyətin 2 ili “Komminist” və 4 ili “Gənc işçi” qəzeti ilə bağlı olmuşdur. Mir Cəlal uzun illər sonra “Ulduz” jurnalında dərc olunmuş məqaləsində yazırdı: “Kommunist”də 2, “Gənc işçi”də 4 illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakimə hazırlamaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram”.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Mir Cəlal” biblioqrafiyasında (2018) da göstərilir ki, 1928-ci ildə yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, tənqidlə məşğul olmuş, sonra “Mirzə Xəyal” adlı komediya da yazmışdır. Amma əslində elə həmin mənbədə də göstərildiyi kimi, Mir Cəlal Paşayev yaradıcılığa jurnalistikadan başlamışdır və bu faktı akademik Nizami Cəfərov da təsdiqləyir: “O, yaradıcılığa publisistika ilə başlamış, xüsusilə 20-ci, 30-cu illərdə “yeni həyat” uğrunda “bütün cəbhə boyu” qızğın ictimai-siyasi mübarizənin gənc intellektuallarından olmuşdur”.

Bu fəaliyyətin ilkləri isə 1926-cı ilə aiddir. Həmin il “Yeni fikir” qəzetində dərc edilmiş “Dinsizlər İttifaqı nasıl çalışmalıdır”, “Məhərrəmlik mövhumatı kimin əsəridir” məqalələri, 1927-ci ildə “Zəhmət” qəzetində dərc edilmiş “Azərbaycanda İran mühacirləri”, “Gəncədə bəhayi fəaliyyəti”, “Gəncədə mühacir ipək toxuyanlar”, 1931-ci ildə “Kommunist” qəzetində dərc edilmiş “Hücum” jurnalının 1931-ci il 8-ci nömrəsi haqqında tənqid və biblioqrafiya” (Həmid Araslı ilə birgə), “Qələbələrin açarı” və sair məqalələr təsdiqləyir ki, Mir Cəlal müəllimin ilk yaradıcılıq uğurları mətbuatla bağlıdır. Təbii ki, jurnalistikaya daha çox meyil etməsi və onun bu fəaliyyəti yaradıcılığının sonrakı mərhələlərində də mühüm rol oynamışdır. Onun jurnalist peşəsi haqqında söylədiyi dəyərli bir fikri xatırlatmaq vacibdir: “Hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər”.

Mir Cəlalı yaradıcılıq fəaliyyəti çox zəngin olan publisist adlandırmaq lazımdır. Mətbuatın cəmiyyətdəki rolunu yüksək dəyərləndirən böyük ədib bildirdi ki, “Qəzet işində gördüyüm yaxşı cəhətlərdən biri də xalq arasında hörmət, nüfuzdur. Bizim xalq elə tərbiyə olunmuşdur ki, mətbuata doğrudan da müqəddəs, həqiqət, ədalət carçısı kimi baxır. Hara gedirsən, kim ilə rastlaşırsan, mətbuat nümayəndəsi olduğunu biləndə xüsusi hörmət görürsən. Adamlar ehtiyac və şikayətlərini birinci növbədə sənə deyirlər”.

Onun hələ ədəbiyyata gəlməmişdən öncə, dövri mətbuatda dərc edilən məqalələrinin sayı yüzdən çoxdur. Hətta işıq üzü görən ilk kitabı - “Sağlam yollarda” adlanan oçerklər toplusu da mətbuatda dərc edilmiş yazılardan ibarət olmuşdur. 1930-cu ildə Mehdi Hüseyn “Ədəbiyyat cəbhəsində” qəzetində dərc etdirdiyi “Əskini yıxan, yenini quran şair” adlı məqaləsində Mir Cəlalın ədəbi yaradıcılığından yox, onun “Gənc işçi” qəzetində çap olunan məqalələrindən danışır, bu məqalələrin sənətkarlıq məsələləri ilə yanaşı, həyati məqamlarını vurğulayır. Şübhəsiz ki, Mehdi Hüseyn kimi çox istedadlı və yaradıçılıq məsələsində heç kəsə güzəştə getməyən bir ədibin Mir Cəlalın publisistikasına diqqət etməsi və ona ayrıca məqalə həsr etməsi də bu yazıların kifayət qədər yetkin nümunələr olduğunu təsdiqləyir.

Tərcüməçi Cahanbaxış Cavadzadə Mir Cəlalın “Biz neçə böyüyürük” oçerkinə ayrıca məqalə həsr etmiş və “Komsomol səsi” adlı bu məqalə 11 may 1934-cü ildə “Kommunist” qəzetində dərc olunmuşdur.

Amma qeyd etmək vacibdir ki, Mir Cəlal Paşayevin publisistik fəaliyyəti sovet dövründə də filoloji fikir üçün diqqətdən kənarda qalmamışdır. Hələ 1957-ci ildə Nurəddin Babayev “Azərbaycanda bədii oçerkin inkişafı (1930–1940)” mövzusunda dissertasiyasında ədibin oçerklərini geniş təhlilə cəlb etmiş, onların bədii-publisistik xüsusiyyətlərini və quruculuq ideyalarının ifadəsini elmi şəkildə əsaslandırmışdır. Sonrakı mərhələdə Ceyran Əbdürrəhimova “Azadlığın carçısı” əsərində Mir Cəlalın “Şərq qadını” jurnalındakı fəaliyyətini dəyərləndirmiş, publisistikanın ədəbi-ictimai prosesdə rolunu önə çıxarmışdır.

Eyni zamanda, Abdulla Abbasov və Yusif Yusifov kimi alimlərin araşdırmalarında da yazıçının publisistik irsi elmi dövriyyəyə daxil edilmişdir. Bununla belə, sovet dövründə nəşr olunan bir sıra fundamental mənbələrdə – “Mir Cəlal: biblioqrafiya”, Y.İsmayılovun “Mir Cəlalın yaradıcılığı” monoqrafiyası və Azərbaycan Sovet Ensiklopediyasında yer alan məqalədə — ədibin bədii irsi geniş işıqlandırıldığı halda, publisistik fəaliyyəti nisbətən arxa planda təqdim olunmuşdur. Ona görə də deyə bilərik ki, bu nümunələr Mir Cəlalın publisist kimi tanıdılmasında elə də əhəmiyyətli rol oynamamış və sovet dövründə onun elmi və pedaqoji fəaliyyətindən fərqli olaraq publisist fəaliyyəti öyrənilməmiş, jurnalistika sahəsindəki uğurları uzun illər ən az danışılan sahə olmuşdur.

2008-ci ildə nəşr edilən “Mir Cəlal. Biblioqrafiya” da ədibin 1932-ci ildə “Kommunist”, “Gənc işçi” qəzetlərində işlədiyi, “Sağlam yollarda” adlı ilk kitabının çapdan çıxdığı bildirilir. Yeri gəlmişkən, qeyd edək ki, Mir Cəlalın “Kommunist” qəzetində işlədiyi dövr 1932-ci il göstərilir. Amma “Kommunist” qəzetinin o illərə aid arxiv araşdırmaları və qəzetdə dərc edilən məqalələrin tarixləri isə təsdiqləyir ki, səhv olaraq göstərilən bu tarix də düzəldilməlidir. Bu barədə böyük ədibin “Kommunist” qəzetində 1931-ci idə dərc edilən yazıları da əyani təsdiqdir.

Ədibin 2013-cü ildə “Seçilmiş əsərləri: hekayələr, oçerklər, şeirlər, tərcümələr, xatirələr: 5 cilddə” təqdim olunur və burada onun mətbuatda dərc edilən yazılarının daha geniş yer alması təqdirəlayiq hadisədir. Akademik Nərgiz Paşayeva “Müasir nəsrimizin hekayə ustadı” adlı təqdimatında Mir Cəlal Paşayevin zəngin yaradıcılıq irsini və publisistik fəaliyyətini yığcam şəkildə səciyyələndirir.

Müstəqillik illərində “Respublika” qəzetinin baş redaktoru olmuş professor Teymur Əhmədov böyük ədibi tərtibçisi olduğu 2 cildlikdə - “Mir Cəlal: Ömrün mənalı anları” albom-kitabında “Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayev” kimi təqdim edir. Eyni zamanda, Mir Cəlal Paşayevin zəngin yaradıcılığını əks etdirən dəyərli bir əsər olaraq onun yazıçılıq, publisistika və ədəbi-nəzəri fəaliyyətlərinin bir-birini necə tamamladığını göstərir. Bu albom-kitab onun təkcə bir yazıçı kimi deyil, həm də tarixə və ədəbiyyata dair obyektiv baxışı olan fikir adamı kimi rolunu xüsusi vurğulayır.

Ən nəhayət, xatırlatdığımız qısa faktlar da təsdiqləyir ki, Azərbaycan nəsrinin görkəmli nümayəndəsi və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin publisistik fəaliyyəti onun çoxşaxəli yaradıcılığının önəmli bir qolu olub. Bu mənada, “Publisistika (1926-1977)” kitabı Mir Cəlalın publisist fəaliyyətinə verilən böyük dəyərin nümunəsidir.

Akademik Nərgiz Paşayevanın da qeyd etdiyi kimi: “Ümumiyyətlə, Mir Cəlalın oçerkləri ölkəmizin ictimai həyatının müxtəlif həlledici mərhələlərindəki əhəmiyyətli, səciyyəvi problemlər və hadisələr barədə, həmçinin zamanın mənəvi-psixoloji xarakteri haqqında bitkin təsəvvür yaradır”.

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin publisistik fəaliyyəti çoxşaxəli yaradıcılığının önəmli bir qolu kimi daha dərindən öyrənilməli və təbliğ olunmalıdır. Həm də ona görə ki, böyük ədibin publisistikası rejimə və sovet sisteminə yox, Azərbaycan xalqına və onun milli dəyərlərinə xidmət edib.

Namiq QƏDİMOĞLU,
filologiya üzrə fəlsəfə doktoru,
BDU jurnalistika fakültəsinin müəllimi

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr