AZ

Su müharibəsi nə son addım?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər dünyada su ehtiyatlarının azalması, iqlim dəyişikliklərinin təsirləri və transsərhəd çaylar üzərində artan gərginliklər “su müharibəsi” riskini yenidən gündəmə gətirib.

Belə ki, su qıtlığının yaxın onilliklərdə ciddi geosiyasi qarşıdurmalara səbəb ola biləcəyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, artıq bəzi regionlarda su resursları uğrunda rəqabət açıq münaqişə səviyyəsinə çatmasa da, siyasi təzyiq və iqtisadi təsir alətinə çevrilib. 

Doğrudanmı dünyada “su müharibəsi” başlayıb? Su ehtiyatlarının azalması gələcəkdə hansı regionlarda daha ciddi münaqişələrə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında ekoloq Fikrət Cəfərov su ehtiyatlarının azalması ilə bağlı səsləndirilən bəzi fikirlərlə razılaşmadığını bildirib. 

Onun sözlərinə görə, Yer kürəsində su dövranı davam edir və bu proses suyun tam şəkildə azalması ehtimalını zəiflədir:

“Hesab edirəm ki, bu fikir ümumilikdə yanlışdır. Çünki Yer kürəsində su dövranı həmişə var və daima davam edir. Nə qədər su buxarlanırsa, bir o qədər də yağıntı şəklində yerə qayıdır. Bu baxımdan, hazırkı vəziyyətdə suyun tam şəkildə azalmasından danışmaq çətindir. Ona görə ki, bu gün hər yerdə intensiv leysan yağışları müşahidə olunur”.

Ekoloq vurğulayıb ki, mövcud şəraitdə əsas məsələ suyun düzgün idarə olunması və cəmiyyətin dəyişən iqlim şərtlərinə uyğunlaşmasıdır:

“İnsanlar sadəcə öyrənməli, mövcud şəraitə uyğunlaşmalı və adaptasiya olmalıdırlar. İlk növbədə yağış və qar sularının toplanması və səmərəli şəkildə saxlanılması vacibdir. Eyni zamanda, yeraltı (qrunt) sularının lazımi səviyyədə qalmasına, qorunmasına imkan yaradılmalıdır”.

Fikrət Cəfərov qeyd edib ki, buzlaqların əriməsi müəyyən mənada su ehtiyatlarına təsir göstərsə də, bu prosesin mənfi nəticələrini azaltmaq mümkündür:

“Doğrudur, buzlaqların əriməsi nəticəsində dağlardan süzülən suyun həcmi azalır. Lakin bu prosesin qarşısını almaq və onun təsirlərini müəyyən qədər azaltmaq olar. Son illərdə xüsusilə cənubda intensiv leysan yağışların artması da müşahidə edilir. Məsələn, Dubayda və digər bəzi ölkələrdə qar yağması və bir neçə dəfə daşqınların baş verməsi qeydə alınıb.

Hesab edirəm ki, Azərbaycanın mövcud vəziyyətini orta səviyyədə qiymətləndirmək olar. Bununla belə, həm dövlət, həm də cəmiyyət səviyyəsində suya qənaət edilməsi son dərəcə vacibdir”.

Əfsanə Rəcəb

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
41
cebheinfo.az

10Mənbələr