AZ

Diplomatik trafik: Gündəm regional təhlükəsizlik məsələsidir?

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

İranın “Tasnim News” agentliyinin məlumatına görə, görüş zamanı İran nümayəndə heyəti ABŞ ilə müharibənin sona çatması ilə bağlı fikirlər və mülahizələrini vasitəçi tərəf olan Pakistan rəsmisinə çatdırıb.

Bundan sonra Abbas Əraqçinin Oman və Rusiyaya da səfər edəcəyi gözlənilir.Bir çox ekspertlər iddia edirlər ki, son zamanlar İranın Pakistan, Oman və Rusiya ilə təmaslarında və münasibətləri genişləndirməkdə əsas məqsədi regional təhlükəsizlik arxitekturası qurmaqdır. 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İranın Abbas Əraqçi vasitəsilə Asim Munir ilə təmasları və ardınca Oman və Rusiyaya planlaşdırılan səfərlər təsadüfi diplomatik aktivlik deyil.

“Birincisi, regional təhlükəsizlik və münaqişənin idarə olunması qeyd olunmalıdır. İran hazırkı gərgin beynəlxalq şəraitdə ABŞ-la potensial eskalasiyanın nəzarətdən çıxmaması üçün dolayı kanallar axtarır.

Pakistan burada mühüm vasitəçi rolunda çıxış edir - həm İslam dünyasının nüfuzlu dövləti, həm də Qərb və Çin arasında balanslı siyasət yürüdən aktor kimi. Oman isə ənənəvi olaraq İran–ABŞ gizli danışıqlarında “səssiz vasitəçi” rolunu oynayır. Bu baxımdan, Tehran regional təhlükəsizlik mexanizmini formal institutdan çox, çevik diplomatik platforma kimi qurmağa çalışır.

İkincisi, diplomatik bloklaşma və təcridin zəiflədilməsi məsələsidir. İran Qərb sanksiyaları fonunda beynəlxalq təcriddən çıxmaq üçün paralel diplomatik xətt qurur. 

Bu xəttdə Pakistan İslam dünyasında legitimlik və siyasi dəstək, Oman vasitəçilik və Qərblə əlaqə kanalı, Rusiya isə qlobal güc balansında strateji tərəfdaş kimi çıxış edir. 

Xüsusilə Rusiya ilə münasibətlər İran üçün yalnız siyasi deyil, həm də hərbi-texniki və enerji əməkdaşlığı baxımından kritikdir. 

Üçüncüsü, enerji və iqtisadi təhlükəsizlik faktorudur. İran regional əlaqələri genişləndirərək enerji ixracı, tranzit marşrutları və alternativ maliyyə mexanizmləri yaratmaq istəyir. 

Pakistanla qaz layihələri (məsələn, uzun illər müzakirə olunan İran–Pakistan qaz kəməri), Rusiya ilə enerji koordinasiyası və Oman üzərindən dəniz çıxış imkanları bu strategiyanın iqtisadi ayağını təşkil edir”.

Ekspert qeyd edib ki, İranın Pakistan, Oman və Rusiya ilə təmaslarında təhlükəsizlik “tamponu”nun formalaşdırılması da xüsusi əhəmiyyət kəsb edir:

“Tehran öz ətrafında dost və ya neytral dövlətlərdən ibarət təhlükəsizlik zolağı yaratmağa çalışır. Bu, həm hərbi riskləri azaltmaq, həm də mümkün münaqişə halında diplomatik dayaqları genişləndirmək məqsədi daşıyır. 

Pakistan burada xüsusilə həssas istiqamətdir, çünki həm nüvə dövləti, həm də regionda hərbi çəkisi olan aktordur”.

Seçilən
53
cebheinfo.az

1Mənbələr