AZ

Azərbaycanın çoxvektorlu siyasəti qarşılıqlı hörmətə və humanizmə əsaslanır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Qlobal sarsıntılar və geosiyasi xəritənin dəyişməsi dövründə sərt praqmatizmi humanizm prinsipləri ilə birləşdirə bilən dövlətlər ön plana çıxır. Azərbaycan da məhz bu siyasətin örnəyidir: dünya güc mərkəzlərinin maraqlarını tarazlaşdırmaq bacarığı Bakıya nəinki sabitliyi qorumağa, həm də böhran vəziyyətində olan ölkələr üçün, xüsusən də Ukrayna üçün əsas tərəfdaş kimi çıxış etməyə imkan verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, Bakı ilə Kiyev arasında yüzillik tarixə malik münasibətlər bu gün yeni nəfəs alıb. Bu qarşılıqlı əlaqənin əsası bir anlıq fayda deyil, “humanitar ölçü”dür. Belə ki, müharibənin nəticələrinin nə olduğunu yaxşı bilən Azərbaycan öz təcrübəsini konkret yardım, yəni gələcəyin reabilitasiyası (ukraynalı uşaqlar üçün psixoloji bərpa proqramları və tələbələr üçün hazırlanan layihələr insan kapitalına birbaşa investisiyalardır), enerji dəstəyi (xəstəxanalar və mülki obyektlər üçün elektrik generatorlarının tədarükü Ukrayna infrastrukturunun qorunmasında mühüm amilə çevrilib) və təhlükəsiz bərpa (Azərbaycanın ərazilərin minalardan təmizlənməsi və müharibədən sonrakı tikintidə böyük təcrübəsi ikitərəfli əməkdaşlıq üçün yeni üfüqlər açır) vasitəsilə bölüşür.

“Bakının siyasi xətti isə dəyişilməz olaraq qalır. Azərbaycan dövlətlərin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir, beynəlxalq hüquqa ciddi riayət edir, eyni zamanda, hərbi qarşıdurmalardan qətiyyətlə uzaq durur. Azərbaycan diplomatiyası güc deyil, dialoq təklif edir. Bakının dəfələrlə Rusiya və NATO Ali Komandanlığının, ABŞ və Türkiyə nümayəndələrinin görüş yerinə çevrilməsi Azərbaycanın “neytral məkan” statusunu təsdiqləyir”, - deyə deputat əlavə edib.

Kamran Bayramov vurğulayıb ki, Azərbaycan tərəfinin 2025-ci ilin iyulunda Prezidentin köməkçisi Hikmət Hacıyevin bəyan etdiyi və daha sonra Volodimir Zelenskinin ölkəmizə səfəri zamanı müzakirə olunan Moskva ilə Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması ölkənin nadir vasitəçilik potensialını təsdiqləyir.

“Azərbaycanın çoxvektorlu siyasəti mənfəət axtarışı deyil, qarşılıqlı hörmətə və humanizmə əsaslanan təməlin formalaşmasına xidmət edən fəaliyyətdir. Məhz bu yanaşma Azərbaycanı beynəlxalq arenada ən səmərəli oyunçulardan və etibarlı tərəfdaşlardan birinə çevirir”, deyə o diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
azertag.az

10Mənbələr