Aprelin 26-sı bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd yaradıcılığın, innovasiyanın və insan zəhmətinin hüquqi qorunmasının vacibliyini diqqətə çatdırmaqdır. Müasir dövrdə ideya, ixtira və yaradıcı məhsullar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi üçün əqli mülkiyyətin qorunması xüsusi əhəmiyyət daşıyır.
Əqli mülkiyyət dedikdə müəllif hüquqları, patentlər, ticarət nişanları, sənaye nümunələri və digər yaradıcı fəaliyyət nəticəsində ortaya çıxan hüquqlar nəzərdə tutulur. Kitab yazan müəllifdən yeni texnologiya hazırlayan mühəndisə, musiqi bəstələyən sənətçidən proqram təminatı yaradan mütəxəssisə qədər hər bir yaradıcı insanın əməyinin qorunması bu sistemin əsasını təşkil edir.
Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildən etibarən qeyd olunur. Bu təşəbbüs Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən irəli sürülüb. Günün məqsədi cəmiyyətə anlatmaqdır ki, yaradıcı ideyalar sadəcə fikir deyil, həm də iqtisadi dəyər yaradan sərvətdir.
Bu tarix həm də gəncləri yenilik etməyə, araşdırmağa və yeni məhsullar yaratmağa təşviq edir. Çünki insanın zehni potensialı düzgün qorunduqda elm, texnologiya, incəsənət və biznes daha sürətlə inkişaf edir.
Azərbaycan da əqli mülkiyyət hüquqlarının qorunmasına xüsusi diqqət yetirən ölkələr sırasındadır. Müəllif hüquqları, patent sistemi və brend qorunması istiqamətində müxtəlif qanunvericilik mexanizmləri tətbiq olunur.
XQ