AZ

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Avropanın təhlükəsizlik arxitekturası və Rusiya-Avropa münasibətlərinin gələcəyinə dair bir sıra mühüm bəyanatlar səsləndirib. Peskov vurğulayıb ki, Rusiya kimin nə deməsindən asılı olmayaraq, bir Avrasiya ölkəsi kimi Avropanın ayrılmaz tərkib hissəsidir və bu reallığı inkar etmək mümkün deyil.

NOCOMMENT.az xəbər verir ki, Kremlin sözçüsü Avropanın təhlükəsizlik sisteminin Rusiyanın iştirakı və maraqları nəzərə alınmadan qurulmasının qeyri-mümkün olduğunu bildirib. Hazırkı Avropa siyasətçilərinin tutduğu mövqeyi “kədərli mənzərə” kimi qiymətləndirən Peskov, zamanla bu nəslin yerini daha praqmatik qüvvələrin tutacağına ümid etdiyini qeyd edib. O, xüsusilə Almaniyanın güclü iqtisadiyyata və nizam-intizamlı cəmiyyətə malik ən böyük Avropa dövləti olduğunu xatırladaraq, gələcəkdə siyasi gedişatın hansı istiqamətə dəyişəcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib. Peskov həmçinin əlavə edib ki, Avropa siyasətçiləri öz daxili problemlərini Rusiyanın üzərinə yıxmaqla məsuliyyətdən qaça bilməyəcəklər.

Ukrayna böhranına da toxunan Peskov, rəsmi Moskvadan Kiyevə mütəmadi olaraq siyasi iradə nümayiş etdirmək və razılığa gəlmək üçün zəruri qərarlar qəbul etmək çağırışlarının edildiyini xatırladıb. Onun sözlərinə görə, Kiyev rejimi vaxt keçdikcə daha ağrılı qərarlar qəbul etmək məcburiyyətində qalacağını dərk etməyə başlayıb və bu fonda isterikaya qapılıb. Kremlin rəsmisi hesab edir ki, diplomatik həll yolu üçün Ukrayna rəhbərliyi real vəziyyəti dəyərləndirməli və Moskva tərəfindən irəli sürülən şərtlər daxilində addımlar atmalıdır.

Sara,
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr