Dövlət başçısının çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri siyasi dialoqla yanaşı, iqtisadi və enerji əməkdaşlığının geniş perspektivləridir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illər uğurlu fəaliyyəti bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirən mühüm amildir. Energetika sahəsində əldə olunmuş nailiyyətlər, sərmayə qoyuluşu imkanları, birgə təşəbbüslər və yeni layihələr göstərir ki, iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi münasibətlərin genişlənən dinamikasını göstərən mühüm göstəricidir. Prezident İlham Əliyevin bu rəqəmin gələcəkdə daha da artacağına dair ifadə etdiyi əminlik mövcud imkanların reallığa çevriləcəyinə inamı əks etdirir.
Bəyanatda diqqət çəkən digər mühüm məqam hərbi-texniki və sənaye əməkdaşlığı ilə bağlı perspektivlərdir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal, texnoloji əməkdaşlıq və sənaye kooperasiyası üçün geniş imkanların mövcudluğu iki ölkənin əməkdaşlıq gündəliyini daha da zənginləşdirir. Bu, eyni zamanda göstərir ki, Bakı və Kiyev münasibətləri yalnız klassik diplomatik və iqtisadi çərçivə ilə məhdudlaşdırmır, onu daha strateji və çoxtərəfli müstəvidə inkişaf etdirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm siyasi mesajlardan biri münasibətlərin qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipi üzərində qurulduğunu vurğulaması idi. Müasir beynəlxalq münasibətlər sistemində məhz bu yanaşma dayanıqlı tərəfdaşlığın əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan və Ukrayna arasında dialoqun intensivliyi, hökumətlərarası mexanizmlərin fəaliyyəti, Xarici İşlər nazirlikləri səviyyəsində məsləhətləşmələrin davam etməsi və Hökumətlərarası Komissiyanın işinin genişləndirilməsi əlaqələrin institusional əsaslarını gücləndirir.
Bu bəyanat həm də onu göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən xətt üzrə davam edir. Ukrayna ilə münasibətlərdə nümayiş etdirilən bu strateji yanaşma Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bu səfər və verilən mesajlar göstərir ki, Azərbaycan-Ukrayna dostluq münasibətləri yeni mərhələyə daxil olur. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, hərbi-texniki sahədə perspektivlərin açılması və beynəlxalq hüququn prinsiplərinə ortaq sadiqlik bu münasibətləri daha da gücləndirən əsas amillərdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də yeni üfüqlər açır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31