Müsahibimiz BDU-nun kafedra müdiri, Əməkdar elm xadimi, Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və Mexanika” üzrə Ekspert Şurasının sədri, Türkiyə TÜBİTAK (Elm və Texnika Komitəsi) Mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovdur.
Son illərdə Azərbaycanda alimlərin elmi nəşrlərə münasibəti daha məqsədyönlü və strateji xarakter almağa başlayıb. Elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq akademik mühitə inteqrasiyanın gücləndirilməsi bu gün prioritet məsələlərdən birinə çevrilib, indi beynəlxalq indeksli platformalarda çıxış etmək prioritet hesab olunur. Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda yer alan jurnallarda məqalə çap etdirmək alimlər üçün həm nüfuz, həm də karyera baxımından əhəmiyyətli meyara çevrilib.
Amma son dövrlərdə elmi mühitdə bəzi nəşriyyatlar və jurnallar ətrafında ciddi müzakirələr yaranmışdır. Xüsusilə Multidissiplinar Rəqəmsal Nəşriyyat İnstitutunun (MDPI) jurnallarında yayımlanan məqalələr, Lambert Akademik kimi nəşriyyatların çap etdiyi kitab və monoqrafiyalar bu müzakirələrin mərkəzində dayanır. Bu nəşrlərin əsas məqsədi elmi keyfiyyətdən çox maliyyə gəlirinə və maddi qazanca yönəldiyindən, bu platformalarda dərc olunan bəzi işlərin elmi etibarlılığı və akademik dəyəri ciddi elmi mühitdə birmənalı qəbul olunmur və daha ehtiyatlı yanaşma tələb edir.
Bu barədə BDU-nun professoru Arif Səlimovla həmsöhbət olduq. Qeyd edək ki, Arif müəllim beynəlxalq elmi bazalarda indekslənən 100-dən çox məqalənin və 2 monoqrafiyanın müəllifidir. Bu elmi işlər riyaziyyatın ən mürəkkəb və nəşri çətin hesab olunan sahələrindən biri – həndəsə istiqamətinə aiddir. O, “Həndəsə və topologiya” ixtisası üzrə həm fəlsəfə doktoru (PhD), həm də elmlər doktoru dərəcələrini bir vaxtlar “həndəsənin Məkkəsi” sayılan məşhur Kazan Dövlət Universitetində müdafiə etmişdir. 25 il Türkiyənin Atatürk Universitetində çalışmış, TÜBİTAK çərçivəsində bir neçə elmi layihəyə rəhbərlik etmiş və qurumun nüfuzlu “Layihə Məhsuldarlıq Mükafatı”na (Proje Performans Ödülü) layiq görülmüşdür.
- Azərbaycan alimləri indi yerli nəşrlərdən daha çox beynəlxalq indeksli platformalarda çıxış etməyi prioritet hesab edir. Beynəlxalq elmi nəşrlərə bu münasibəti necə qiymətləndirirsiniz?
-Bu dəyişimin əsas səbəblərindən biri elmi dərəcələrin verilməsi, akademik vəzifələrə irəliləyiş və layihələrə maliyyə cəlbi zamanı elmi-metrik göstəricilərin getdikcə daha çox nəzərə alınmasıdır. Eyni zamanda, Azərbaycan alimləri qlobal elmi mühitə inteqrasiya etmək və tədqiqatlarının beynəlxalq səviyyədə tanınmasını təmin etmək üçün daha aktiv mövqe tuturlar. Bununla yanaşı, bu sahədə müəyyən çətinliklər də qalmaqdadır. Məsələn, yüksək reytinqli jurnallara çıxışın məhdudluğu, məqalələrin qəbul olunması üçün tələb olunan yüksək standartlar və bəzən də maliyyə xərcləri alimlər üçün maneələr yaradır. Lakin ümumi tendensiya göstərir ki, Azərbaycanda elmi nəşrlərə münasibət getdikcə daha peşəkar və beynəlxalq meyarlara uyğun formalaşır. Amma bununla yanaşı narahatlıq doğuran məsələlər də gündəmdədir və onlar aktuallığı ilə seçilir.
-Hətta dissertasiyaların Ali Attestasiya Komissiyası tərəfindən rədd edilməsinin əsas səbəblərindən biri də budur.
-AAK-ın rədd qərarlarının səbəbləri müxtəlifdir. Bunlara formatlaşdırma səhvləri, prosedur qaydalarının pozulması, plagiat halları və eyni zamanda AAK tərəfindən tanınmayan jurnallarda nəşrlər daxildir. Xüsusilə elmi nəşrlərin keyfiyyəti və uyğunluğu ən kritik meyarlardan biridir. AAK üç mərhələli - texnik ekspertiza, dissertasiyanın və iddiaçıların elmi səviyyəsi - yoxlama sistemi tətbiq edir və yuxarıda söylədiyimiz nöqsanlar olduqda ciddi sanksiyalar qəbul edir, hətta mövzu üzrə daimi qadağa tətbiq edilə bilər və elmi rəhbər ilə opponentlər də məsuliyyət daşıyır.
-Elmi nəşrlərlə bağlı hansı problemlər dissertasiyaların rəddinə səbəb olur?
-Rəddlərin bir hissəsi məhz nəşr problemləri ilə bağlıdır. Əsas səbəblər AAK siyahısına daxil olmayan jurnallarda və ya beynəlxalq bazalarda indeksləşdirilməyən nəşrlərdə çap olunmuş məqalələrdir. Həmçinin jurnal sonradan bu bazalardan çıxarılarsa, həmin məqalə də etibarsız sayılır. Yeri gəlmişkən deməliyəm ki, “Yırtıcı” jurnallar problemi Azərbaycanda son dərəcədə aktuallaşıb və bu problem kifayət qədər geniş yayılıb. Təkcə 2023-cü ildə 348 azərbaycanlı müəllif üç məşhur “yırtıcı” jurnalda yüzlərlə məqalə dərc etdirib. Buraya Norwegian Journal of Development of the International Science (Beynəlxalq Elmin İnkişafı üzrə Norveç Jurnalı), Danish Scientific Journal (Danimarka Elmi Jurnalı), Slovakia International Scientific Journal (Slovakiya Beynəlxalq Elmi Jurnalı) kimi nəşrlər daxildir.
- Amma etiraf edək ki, bu gün məqalə çap etdirmək yarışı gedir. Elmi mühitdə məqalə çap etdirmək yarışının güclənməsi və bu tendensiya elmi keyfiyyətə necə təsir edir?
- Son illərdə bu müşahidə olunan meyllərdəndir və əsas məqsəd elmi yenilik yaratmaq deyil, sadəcə siyahını genişləndirməkdir: nə olursa-olsun, təki bir məqalə dərc edilsin. Bu yanaşma isə təəssüf ki, müəlliflik məsələsində də özünü göstərir — elmi töhfəsi minimal və ya ümumiyyətlə olmayan şəxslərin adları belə məqalələrə əlavə edilir. Nəticədə həm elmin nüfuzu zədələnir, həm də gənc tədqiqatçılar üçün yanlış nümunə formalaşır.
Halbuki elmdə etik davranış və müəllif məsuliyyəti hər şeydən önəmlidir. Bu məsuliyyətin necə formalaşdığını göstərən bir xatirəmi bölüşmək istərdim. 1981-ci ildə aspiranturada oxuduğum dövrdə bir elmi nəticə əldə etmişdim — o zaman bunun əhəmiyyətini tam dərk etməsəm də, sonradan məhz həmin nəticə doktorluq dissertasiyasına aparan yolun əsasını təşkil etdi. Bu tapıntını elmi rəhbərim, professor V. Vişnevski ilə müzakirə etdim. O, nəticəni diqqətlə dinlədi və açıq şəkildə təəccübünü gizlətmədi: belə bir məqamı görmədiyinə təəccübləndiyini dedi.
Məqalənin hazırlanması mərhələsinə gəldikdə isə, bir qədər tərəddüdlə ona həmmüəllif olmasını təklif etdim. Axı mövzunu mənə o vermişdi və mən bunu bir növ borc kimi hiss edirdim. Lakin onun reaksiyası mənim üçün gözlənilməz oldu. Üzündə məmnun bir təbəssüm yaransa da, bu təklifi qəti şəkildə qəbul etmədi. Onun mövqeyi aydın idi: nəticə kimə məxsusdursa, müəlliflik də ona aid olmalıdır.
Bu hadisə mənim dünyagörüşümdə dərin iz buraxdı. Sonrakı illərdə elmi fəaliyyətim boyunca bu prinsipə sadiq qalmağa çalışdım. Bu gün kifayət qədər çox sayda nəşrim olsa da, yalnız həqiqətən müəllif kimi çıxış etməli olduğum işlərdə adımın yer almasına razı olmuşam. Hətta ciddi zəhmət sərf etdiyim bəzi tədqiqatlarda belə həmmüəlliflikdən imtina etmişəm. Mənim üçün elmdə əsas olan dürüstlük və məsuliyyətdir.
İndi xatırladığım professor V. Vişnevski ədəbiyyatda və elmi mühitdə özünəməxsus yer tutan, milli və ya yerli sərhədlərdən çox elmin universallığını önə çıxaran alimlərdən idi. O, elmi münasibətlərdə şəxsi meyillərdən uzaq durmağı, qiymətləndirməni yalnız bilik və nəticə üzərindən aparmağı vacib sayırdı. Onun bu yanaşması təkcə dərs və tədqiqat mühitində deyil, elmi ictimaiyyətlə münasibətlərində də açıq şəkildə hiss olunurdu. Kazan Universitetində keçirilən 75 illik yubileyinə həsr olunmuş konfransda onun elmi və pedaqoji fəaliyyətinə dair plenar məruzənin mənim tərəfimdən təqdim olunmasını istəməsi mənim üçün həm böyük etimad, həm də ciddi məsuliyyət idi. Bu, onun tələbəyə və gənc tədqiqatçıya yanaşmasının təbii davamı idi.
-Alimlər niyə “yırtıcı” jurnallara müraciət edir və bu müraciətlərin arxasında hansısa sistemli və fərdi səbəblərmi dayanır?
-Əsas səbəb sürətli və asan nəşr imkanlarıdır. Bu jurnallar adətən ödəniş və tez qəbul prosesi təklif edir. Bəzi tədqiqatçılar isə bu jurnalların keyfiyyətsiz və saxta olduğunu ya bilmir, ya da riskə gedir. Bu problemlərin qarşısını almaq üçün universitetlərdə nəzarət mexanizmləri gücləndirilməli, dissertantlara akademik yazı və nəşr etikası ilə bağlı təlimlər keçirilməlidir.
Bununla yanaşı, Azərbaycan alimlərinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici universitetlərdə mühazirələrin oxunması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və akademik mübadilə proqramlarında iştirak milli elmin inkişafına ciddi töhfə verə bilər.
- Elmi nəşrlərin keyfiyyəti ilə bağlı beynəlxalq və yerli mühitdə hansı tədqiqat və ya təşəbbüslər həyata keçirilir? Bu istiqamətdə şəxsi təcrübəniz varmı?
- Qardaş Türkiyə ilə əməkdaşlığımız barədə dəfələrlə danışmışıq və artıq 30 ildən çoxdur ki, bu əlaqələr uğurla davam edir. Qarşıdakı illərdə bu əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, İspaniya və Yaponiya elmi məktəbləri ilə də uzunmüddətli və davamlı əlaqələrimiz mövcuddur.
Son dövrlərdə də beynəlxalq əməkdaşlıq istiqamətində yeni addımlar atılıb. Mənim də iştirakımla Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində silsilə onlayn mühazirələr təşkil olunub və universitetin “İnformasiya texnologiyaları və böyük verilərin analizi” fakültəsində keçirilən bu mühazirələrin ilk mərhələsi artıq uğurla yekunlaşıb.
Digər bir mühüm iş isə Kazan Federal Universiteti ilə bağlıdır. Nikolai Lobaçevsky tərəfindən əsası qoyulan məşhur riyaziyyat məktəbinin davamçılarından biri, akademik Marat Arslanov mənə ünvanladığı dəvət məktubunda elmi əməkdaşlığın yenidən qurulmasına maraq göstərdiyini bildirib. Məktubda qeyd olunur ki, Kazan həndəsə məktəbi hazırda müəyyən çətinliklərlə üzləşib və onun yenidən canlandırılması üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. Akademik Arslanov xüsusilə vurğulayır ki, bu əməkdaşlıq yalnız iki universitet arasında deyil, daha geniş miqyasda – türk riyaziyyat məktəbləri ilə əlaqələrin qurulmasına da töhfə verə bilər. Belə nümunələr göstərir ki, Azərbaycan alimlərinin beynəlxalq elmi məkanda fəallaşması təkcə fərdi uğur deyil, həm də ölkənin elmi potensialının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar davamlı xarakter alarsa, Azərbaycan elmi yaxın illərdə daha geniş miqyasda tanınacaq və qlobal elmi proseslərdə daha aktiv rol oynayacaq.
- Həm də belə çıxır ki, hər çap olunan iş elmin inkişafına xidmət etməlidir…
-Belə olmalıdır, amma bəzi hallarda elmi fəaliyyətin görünən göstəricisi, yəni məqalə sayı, əslində aldadıcı göstəriciyə çevrilir. Çünki hər çap olunan iş elmin inkişafına xidmət etmir; bəzən sadəcə bioqrafiyanı “böyütmək” üçün yaradılmış formal nəticə olur. Bu səbəbdən elmi nəşr seçimi yalnız texniki yox, həm də etik məsələdir.
Müəlliflər xüsusilə diqqətli olmalıdırlar: bəzi nəşr platformaları sürətli qəbul və asan çap vəd etsə də, elmi keyfiyyət və ciddi ekspertiza standartlarına cavab vermir. Belə jurnallarda dərc olunan materiallar akademik mühitdə etibarlı mənbə kimi qəbul edilmir və uzunmüddətli elmi reputasiyaya mənfi təsir göstərə bilər.
Məhz buna görə elmi fəaliyyətində davamlılıq və nüfuz hədəfləyən tədqiqatçılar yalnız tanınmış, ciddi müstəqil ekspertlərin yoxlama sisteminə malik və beynəlxalq elmi indekslərdə yer alan nəşrlərə üstünlük verməlidirlər. Əks halda, qısa müddətli “nəşr uğuru” uzunmüddətli akademik dəyəri zəiflədə bilər. Elmdə əsas prinsip sadədir: məqsəd çox yazmaq deyil, dəyərli və etibarlı elmi nəticə ortaya qoymaqdır.
Bəzi jurnallar özlərini rəyçilər tərəfindən yoxlanılan (ekspert qiymətləndirməli- peer-reviewed) jurnallar kimi təqdim etsələr də, praktika həmişə bu anlayışın klassik mənası ilə üst-üstə düşmür. Hətta bəzi hallarda müəllifdən potensial rəyçilərin siyahısının tələb olunması bu prinsipə kölgə salır. Belə yanaşma, nəzəri olaraq prosesi sürətləndirmək məqsədi daşısa da, bəzən obyektivliklə bağlı suallar doğurur və seçim mexanizminin şəffaflığına dair şübhələr yaradır. Məhz bu nöqtədə elmi ictimaiyyətdə “peşəkar yoxlama” ilə “formal təsdiq” arasında fərqin itməsi barədə narahatlıqlar ortaya çıxır. Nəticədə isə bəzən elə vəziyyət yaranır ki, qiymətləndirmə sistemi öz mahiyyətindən uzaqlaşır və etibarlılıq sual altına düşür. Bu yerdə deyirlər: at izi it izinə qarışmış. Əslində isə rəyçilik sistemi o zaman etibarlı sayılır ki, qiymətləndirmə prosesində tam müstəqillik qorunsun və müəllifin prosesə təsir imkanı olmasın.
-Elmi əsərlərə istinadların rolu və bəzi alimlərin bu sahədə tətbiq etdiyi yanaşmalar barədə nə düşünürsünüz?
-Elmi istinadlar akademik fəaliyyətin əsas sütunlarından biridir və tədqiqatın etibarlılığını, davamlılığını və elmi mühitlə əlaqəsini təmin edir. Lakin bəzi tədqiqatçıların istinad sayını süni şəkildə artırmağa çalışması narahatlıq doğurur. Xüsusilə H-indeks kimi göstəriciləri yüksəltmək məqsədilə öz-özünə istinaddan həddindən artıq istifadə halları müşahidə olunur. Əslində, müəllifin öz işlərinə istinad etməsi tamamilə normal və bəzən zəruridir. Bu, xüsusilə yeni və ya az öyrənilmiş sahələrdə çalışan alimlər üçün qaçılmazdır. Lakin problem o zaman yaranır ki, uzun illərdir araşdırılan mövzularda belə müəllif öz işlərinə həddindən artıq istinad edir və bu, elmi obyektivliyə kölgə salır.
Bir sıra beynəlxalq elmi bazalarda ("Web of Scince" və "Scopus") aparılan müşahidələr göstərir ki, bəzi alimlərin istinadlarının əhəmiyyətli hissəsi, bəzən yarıdan çoxu, öz-özünə istinadlardan ibarətdir. Halbuki akademik etikaya görə bu göstərici məqbul həddi aşmamalıdır və ümumi istinadların 1/3 -dən çox olmaması tövsiyə edilir. “Google Scholar” bazası üzrə isə heç danışmaq istəmirəm, bu platformadakı materialların və istinadların əksəriyyəti akademik dairələrdə nüfuzlu hesab olunmur. Buna görə də, burada yer alan göstəricilər çox vaxt ciddi elmi qiymətləndirmə üçün əsas meyar kimi qəbul edilmir.
-Son dövrlərdə Azərbaycanda elmi dərəcə sisteminin yenidən qurulması ilə bağlı müzakirələr — xüsusilə elmlər doktoru dərəcəsinin saxlanılıb-saxlanılmaması məsələsi — yenidən gündəmə gəlmişdir. Bu məsələyə münasibətiniz…
-Bu barədə müxtəlif fikirlər səsləndirilsə də, məsələni yalnız struktur dəyişiklik kimi deyil, daha geniş akademik sistem kontekstində qiymətləndirmək daha doğru olar. Məncə bu o qədər də önəmli məsələ deyil, qala da bilər və ya qaldırıla da bilər. Əgər qaldırılacaqsa, onda professorluq şərtləri sərtləşdiriləcək, təbii ki. Ona görə də bu işdən "avantajlı" çıxarıq düşünüb və diskussiyanı da bu məqsədlə gündəmə oturtmaq istəyənlər çox da ümidlənməsinlər.
Əslində, istər elmlər doktoru dərəcəsi qalsın, istərsə də yalnız PhD sistemi ilə əvəz olunsun, əsas dəyişən mexanizm yox, onun tətbiq mühitidir. Yəni professorluq və akademik yüksəliş meyarları da buna uyğun olaraq daha ciddi və şəffaf standartlara bağlanmalıdır. Əks halda, formal ad dəyişikliyi real keyfiyyət dəyişimi yaratmır.
Bəzi ölkələrin təcrübəsi göstərir ki, bu modelə yanaşmalar kifayət qədər fərqlidir. Hətta bir sıra universitetlərdə müdafiə prosesləri tamamilə institusional seçim əsasında təşkil olunur. Məsələn, bəzi hallarda opponentlərin kimliyi əvvəlcədən açıqlanmır və həm müdafiə edən, həm də opponent prosesə yalnız rəsmi dəvət mərhələsində qoşulur. Bu, akademik müstəqilliyi və obyektivliyi artırmaq məqsədi daşıyan yanaşmalardan biridir.
Beynəlxalq təcrübədə belə modellərə rast gəlmək mümkündür və müxtəlif ölkələrin universitetlərində bu tip elmi qiymətləndirmə mexanizmləri tətbiq olunur. Məsələn, Misirin Qahirə Universiteti bu yaxınlarda həndəsə üzrə elmlər doktoru dissertasiyasının müdafiəsini təşkil edəcək və mən də opponent kimi bu müdafiyəyə rəsmi dəvət olunmuşam, öncədən də heç bir məlumatım olmayıb bu dissertasiya və onun sahibi haqqında. Yəni, bəhs etdiyimiz universitetin özü seçim edir opponentlər haqqında və bundan nə opponentin, nə də müdafıə edənin əvvəlcədən heç birinin xəbəri olmur. Bu elm dünyasında yayılmış bir praktikadır və bu üsulla şəxsən mən bir neçə müxtəlif ölkələrin universitetlərinin seçimində yer almışam. Bu isə göstərir ki, elmi dərəcə sistemləri vahid deyil, ölkənin akademik ənənələrinə və idarəetmə mədəniyyətinə uyğun formalaşır. Bu baxımdan əsas sual “hansı dərəcə qalır?” deyil, “mövcud sistem elmi keyfiyyəti nə qədər təmin edir?” olmalıdır. Elmi müzakirənin mərkəzində də məhz bu prinsip dayanmalıdır. Biz də bu yolu seçə bilərik...
-Arif müəllim, bu sualımın çavabı ola bilsin ki, aşkardır, amma sizdən eşidək: eyni məqaləni eyni müəllif eyni zamanda bir jurnala muxtəlif ünvanlardan, məsələn Almaniya və Azərbaycandan göndərib. Hansı halda məqalə daha tez çap olunacaq və ya heç çap olunmayacaq? Səbəbi?
- Əslində beynəlxalq elmi nəşr standartlarına görə, eyni məqalənin paralel şəkildə müxtəlif ünvanlardan və ya eyni zamanda bir neçə kanalla göndərilməsi ciddi etik pozuntu hesab olunur. Amma nə demək istədiyinizin arxa planı mənə aydındır. Bu sualın arxasında daha geniş bir məna da dayanır: elmi fəaliyyət yalnız fərdi nəticə deyil, həm də ölkənin akademik nüfuzunu formalaşdıran bir prosesdir. Buna görə də hər bir tədqiqatçının davranışı, seçimi və təqdim etdiyi işlər dolayısı ilə təmsil etdiyi mühitin elmi imicinə təsir göstərir. Sualın çavabını açıq deməliyəm və bu kimi isə havəsdən salmasın: təbii ki Almaniya. Bu həm də alimlərimizin üzərinə milli kimlikdən qaynaqlanan bir məsuliyyət qoyur və hər birimiz fəaliyyətimizlə müstiqıl Vətənimizin də imicinin qoruyucu olmalıyıq.
-Təcürbəli bir alim kimi, daha dəqiq desək, ən məşhur beynəlxalq elmi bazalarda 100-dən çox elmi məqalənin müəllifi kimi alimlərimizə sözünüz nə olardı?
-Beynəlxalq akademik müzakirələrdə “yırtıcı nəşriyyatlar” adlandırılan jurnallarda məqalə çap elətdirmək dosyanı “kirlətmək” deməkdir. Əziz müəlliflər, bu nəşrlərin məqsədi elmi keyfiyyət yox, maddi qazancdır. Məqalələr bu yolla çox vaxt ciddi rəy olmadan qəbul edilir və akademik standartlar zəif olduğundan elmi etibarlılığı beynəlxalq mühitdə qəbul olunmur. Bu çür nəşrlərdə məqalə və kitab çap etdirməkdən vaz keçin, bu cür yayınlar elmi qrumlar tərəfindən də qəbul edilməyəcək.
-Müsahibə üçün sağ olun, ümidvarıq ki, məsləhətinizin bəhrəsi olacaq.
Namiq Qədimoğlu
XQ