AZ

Merzin pensiyalarla bağlı açıqlamaları ilə mübahisələrə səbəb olub

Almaniyada pensiya məsələsi illərdir ən həssas mövzulardan biridir, lakin bu həftə kansler Fridrix Merz mövzunu yenidən kəskinləşdirib...

Poliqon xəbər verir ki, bu barədə Deutsche Welle yazır.

"Dövlət pensiya sığortası ən yaxşı halda qocalıqda yalnız baza səviyyəsində müdafiə təmin edəcək. Bu, uzunmüddətli perspektivdə həyat səviyyəsini saxlamaq üçün artıq kifayət deyil", deyə Merz Berlində Alman banklar assosiasiyasının tədbirində bildirib.

Kanslerin sözlərinə görə, buna görə iş yerində pensiya yığımları və fərdi pensiya qənaətləri kimi əlavə yığım mexanizmləri daha geniş tətbiq edilməlidir: "Və bu, indiki vəziyyətdən daha böyük miqyasda olmalıdır, hazırkı sistem isə əsasən könüllü iştirakdan asılıdır".

Nəşr qeyd edir ki, bu yanaşma gələcəkdə daha çox diqqətin səhmlərə və digər investisiya formalarına yönəlməsini nəzərdə tutur. Lakin bu strategiya mübahisəlidir, çünki maliyyə bazarları kəskin dalğalanmalara məruz qala bilər: bu gün qazanc, sabah itkiyə çevrilə bilər.

Almaniyanın Əmək naziri Barbara Bas isə kanslerin sözlərini sərt tənqid edib. Onun sözlərinə görə, Merz insanlarda elə təəssürat yaradıb ki, vətəndaşlar öz təminatlarını tamamilə özləri həll etməlidirlər.

Bas hesab edir ki, bu açıqlamalar bir çox insanda "hətta layiqli pensiya ala bilməyəcəkləri" hissini yaradıb.

Nəşr yazır ki, Xristian-Demokrat İttifaqı (CDU) və sosial-demokratlar arasında pensiya islahatı ilə bağlı mübahisə yaxın aylarda daha da kəskinləşə bilər. Koalisiya tərəfindən yaradılmış pensiya komissiyasının iyunun sonuna qədər tövsiyələrini təqdim etməsi gözlənilir.

Almaniyada aşağı doğum səviyyəsi pensiya sisteminə ciddi təzyiq yaradır: işləyənlərin sayı azalır, pensiyaçıların sayı isə artır.

OECD məlumatlarına görə, Almaniyada orta pensiya gəlir səviyyəsinin təxminən 53%-ni təşkil edir ki, bu da təşkilatın orta göstəricisi olan 61%-dən aşağıdır. Fransa və İtaliya kimi ölkələrdə bu göstərici 70–80% aralığındadır.

Ölkədə pensiya yaşı orta hesabla 64-dən bir qədər çoxdur, bu isə qanunla müəyyən edilən yaşdan təxminən üç il tezdir.

Təqaüd sisteminə ödənişlər Almaniyada 18,6% səviyyəsindədir və bu göstərici digər ölkələrlə müqayisədə nisbətən aşağı hesab olunur.

Məqalədə həmçinin vurğulanır ki, yaşlı insanlar arasında yoxsulluq riski xüsusilə az qazanan və şəxsi yığımları olmayan şəxslər üçün yüksəkdir.

Şərqi Almaniyada yaşayanların pensiya bərabərləşdirilməsi isə yalnız 2025-ci ildə tam başa çatıb.

Avropada pensiyalarla bağlı digər məlumatlara görə, Almaniyada orta pensiya təxminən 1500 avrodur, lakin yaşayış xərcləri bunun yarısına qədərini təşkil edir. Bəzi ölkələrdə, məsələn Niderland və Avstriyada pensiya təminatı daha yüksək səviyyədədir.

Poliqon.info

Seçilən
6
50
poliqon.info

10Mənbələr