Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Narazı vətəndaşların, hüquqşünasların, ziyalıların, deputatların səsini eşitmək lazımdır”
Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.
1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.
Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.
Yeri gəlmişkən, bugünlərdə haqları tapdanmış çek sahibləri Konstitusiya Məhkəməsinə ŞİKAYƏT və VƏSATƏTlə müraciət ediblər. “Özəlləşdirmə Çekləri Qrupu”ndan AYNA.AZ-a verilən məlumata görə, lakin Konstitusiya Məhkəməsində qanunlara zidd olaraq, şikayətçilərə ərizələrinin qəbul olunması barədə qeydiyyat nömrəsi verməkdən imtina edirlər.
“Bu səbəbdən biz narazı vətəndaşlar kütləvi şəkildə cənab Prezidentə müraciət edirik. Biz cənab Prezidentin ədalətli və vicdanlı olduğuna, Ulu Öndərimizin xalqa vədinə əməl edəcəyinə inanırıq. Bu səbəbdən də məhz dövlət başçımıza müraciət edirik. Bu yerdə cənab Prezidentin məşhur deyimini xatırladırıq: “Haqq verilmir - tələb olunur. Ədalət var - ancaq onun üçün mübarizə aparmaq lazımdır”. Biz də rəhbərimizin bu prinsipi üzrə öz haqqımızı tələb edirik”, - deyə məlmatda bildirilir.


Qeyd olunur ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib: “Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib”.
Gəlin QANUNla olan normalara baxaq:
İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.
Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.
Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.
Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.
Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.
Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.
Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.
Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!
(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)
Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.
Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.
Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.
Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.
Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər - elm və mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, əmlak ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələr, ictimaiyyət fəalları tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan bir sıra əmlak ekspertləri və iqtisadçı ekspertlərin fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc:

“Ötən əsrin 90-cı illərinin sonlarında mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanı cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Hamı bu çeklərin sayəsində əmlaka sahib olacağını, dividendlər əldə edəcəyini düşünürdü. O zamanlar biz gənc idik, amma bizim də xəyallarımız var idi.
Lakin sonradan məlum oldu ki, bu çeklər, əsasən məmur oliqarxiyasının və işbazların mənafeyinə xidmət edib. Gələcəyə və bu vauçerlərə ümidlə baxan vətəndaşlar isə bu prosedən kənarda qaldılar. Qanuna görə, özəlləşdirilən dövlət əmlakının 65 faizinin payçıları vətəndaşlar olmalı idi. Lakin bu, baş vermədi.
Çeklər üçün konkret müddət nəzərdə tutulmamışdı. Lakin günün birində elan etdilər ki, tədavül müddəti başa çatıb. Heç olmasa, bu gün çekləri əllərində qalan insanların probleminə aydınlıq gətirsinlər. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Hesab edirəm ki, vətəndaşların bununla bağlı hökumət başçısına və rəsmilərə ünvanladıqları müraciətə müsbət cavab veriləcək”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı:

“Hökumət yüzminlərlə vətəndaşın haqlı tələbinə etinasız yanaşmamlıdır. Mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanı və mövzud qanunvericilik bazası vətəndaşların özəlləşdirmə prosesində iştirakını və ölkədə səhm bazarını formalaşdırmağı nəzərdə tuturdu. Təəssüflər olsun ki, ilkin mərhələdə özəlləşdirmə payları öz təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə edildi. Bununla bağlı böyük skandallar oldu, ciddi problemlər meydana çıxdı. Hansı ki, qanunda kifayət qədər müsbət məqamlar yer alırdı.
Özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin əksəriyyəti vətəndaşlara məxsus idi, inflyasiyadan qorunan məbləğ də müəyyən edilmişdi. Lakin 2011-ci ildə prosesin başa çatdığını bəyan etdilər. Hansı ki, qanunda nəzərdə tutulan formada prosesə yekun vurulmamışdı. Çox təəssüf ki, sonradan dövlət qurumları bu məsələyə laqeyd münasibətini davam etdirdi. Hesab edirəm ki, bu gün də gec deyil və nəhayət, bu prosesə nöqtə qoyulmalıdır”.
“REC-İNVEST” şirkətinin direktoru, əmlak eksperti Elnur Əsədov:

“Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Misal üçün, o zaman bu vauçeri alan şəxsin 40 yaşı var idisə, artıq onun 70-ə yaxın yaşı var. Bu adamlar dövlətin sovetlər dövründən miras olan əvəzsiz payından istifadə etməyiblər. Ortaya haqlı sual çıxır: bəs, onlar dünyasını dəyişsələr, nə baş verəcək? Düzdür, vauçerlər adsız kağızdır, tədavül müddəti bərpa olunsa, varisləri istifadə edəcək.
Artıq bu məsələyə yekun vurmağın zamanıdır. Deputatlar, ziyalılar bununla bağlı təşəbbüs qaldırırlar. Özəlləşdirmə payları əlində qalan vətəndaşlar sosial şəbəkələrdə fəalllıq nümaiyş etdirir, müvafiq qurumlara müraciət edirlər.
Özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması qanunvericilikdə öz əksini tapıb. Qarşıda növbəti özəlləşdirmə prosesi olacaq. Hesab edirəm ki, ya hər bir vauçer üçün qanuna müvafiq olaraq, minimum 2000 ABŞ dolları kompensasiya ödənilməli, yaxud da növbəti özəlləşdirmə prosesində onların 65 faiz payla iştirakı təmin edilməlidir”.
“Fm Consulting” şirkətinin direktoru, iqtisadçı Nahid Həsənov:

“Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev 1996-cı ildə tarixi fərman imzaladı. Bu fərmanla ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çekləri paylanıldı. Lakin sonradan prosesin icrası zamanı qüsurlara yol verildi.
Ümidvaram ki, nəhayət, doğru qərar qəbul ediləcək. Özəlləşdirmə çekləri qiymətli dövlət kağızıdır və onlar üçün tədavül müddəti nəzərdə tutulmamalıdır.
Bu mənada məsələyə aydınlıq gətirilməsi, dəymiş zərərin ya qəbul edilmiş normativlərə uyğun olaraq ödənilməsi, ya da növbəti özəlləşdirmələr zamanı payları əlində qalan vətəndaşların iştirakına şərait yaradılması labüddür. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməli və tarixi qərarı elan etməlidir”.
Əmlak eksperti Ramil Qasımzadə:

“Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı qanunun tələblərinə əməl etməlidir. Bu qanun qəbul olunanda qeyd olunurdu ki, ölkə vətəndaşları əldə etdikləri özəlləşdirmə çekləri vasitəsilə müxtəlif müəssisələrin, zavod və fabriklərin özəlləşdirilməsində iştirak edə bilərlər. Bu, kifayət qədər vacib və ciddi məqam idi. Bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşlarının yeni sistemə inteqrasiyası, məşğulluğun artırılması baxımından da bu önəmli bir qanun və fərman idi.
Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”.
İqtisadçı ekspert Razi Abbasbəyli:

“2011-ci ildən sonra çeklərin qiymətli kağız statusu ləğv edildiyinə görə onların istifadə ediləcək ünvanları yoxdur. Paradoks odur ki, çeklər tədavüldən çıxarılsa da, onların etibarsızlığı ilə bağlı ortada qanunvericilik aktı yoxdur. 2011-ci ildən vauçerlərin istifadə müddəti uzadılmadı ki, bu da mübahisəlidir.
2011-ci ilədək çeklər dövlətin qiymətli kağızı hesab olunurdu. Çeklər bu gün də dövlətin qiymətli kağızı hesab olunur. Məsələ burasındadır ki, çeklər ləğv edilməyib. Bu, vətəndaşın özəlləşdirmədə iştirakını təmin etmək üçün qiymətli kağızdır. Amma bu gün faktiki olaraq bu çeklər özəlləşdirmədə iştirak etmir və bu, tamamilə yanlış yanaşmadır.
Qiymətli kağızlarla bağlı qanun qüvvədə olsa da, çeklərdən istifadə mümkün deyil. Hesab edirəm ki, Prezident müvafiq sərəncam verməli, özəlləşdirmə çeklərinin istifadəsinə təkrar şərait yaradılmalıdır. Dövlət əmlakının özəlləşməsində dövlətin verdiyi qiymətli kağızlardan istifadəyə şərait yaratmaq mümkündür.
Sadə bir mexanizm var ki, bununla vətəndaşların konstitusion hüquqlarından istifadə etmələri mümkün olsun. Bu məsələnin həlli bir, yaxud iki rəsmi qərar və normativ hüquqi aktla mümkündür. Bu gün Azərbaycanda xeyli sayda vətəndaşda çeklər qalıb ki, onlar bundan yararlana bilməyiblər. Məsələni həll etməklə həm narazılıq aradan qalxar, həm də haqqı pozulanların hüquqlarının qorunması təmin edilər.
Problemi sadə mexanizmlərlə həll etmək mümkündür. Hökumət bu məsələni yoluna qoymaq iradəsində olsa, əllərində çekləri qalan vətəndaşların artan narazılığı da aradan qalxar. Narazı vətəndaşların, onların hüquqlarını müdafiə edən ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, deputatların səsini eşitmək lazımdır”.
“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri Vüsal Əliyev:

“Özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər qanunla verilib və dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Bu gün özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı müxtəlif yanaşmalar var. Əlində çeki qalan şəxslər prosesin aktiv fazaya keçməsini istəyirlər. Ümumiyyətlə, mülkiyyət hüququnu özündə qoruyan özəlləşdirmə vauçerləri heç vaxt qüvvədən düşə bilməz.
Dövlət tərəfindən ədalətli qərarın verilməsi vacibdir. Düşünürəm ki, yüzminlərlə vətəndaşın haqqının pərpası istiqamətində əməli addım atılmalı, vətəndaşın xeyirinə həll yolu tapılmalıdır. Məsələn, hansısa dövlət komissiyası yaradılmalıdır, yaxud aidiyyəti dövlət qurumuna problemin yoluna qoyulması üçün göstəriş verilməlidir”.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elçin Bayramlı

“Özəlləşdirmə çekləri ilə bağlı kütləvi şəkildə vətəndaşların hüquqları pozulub və onlara məxsus əmlak məmur-oliqarxiyasının əlinə keçib. Özəlləşdirmə çekləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ona görə aktuallaşıb ki, vətəndaşlara çatmalı olan pay bəzi işbazlar tərəfindən qəsb olunub. Buna etiraz edən, hüquqlarının pozulması ilə barışmayan vətəndaşlar çeklərini satışa çıxarmaqdan imtina ediblər.
Uzun illərdir ki, onların əlində olan çeklər - hansı ki, vacib qiymətli dövlət kağızıdır - əhəmiyyətsiz kağız parçasına çevrilib. Onların bununla bağlı müraciətlərinə isə heç bir reaksiya verilmir. Nəhayət, Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı məsələyə nöqtə qoymalıdır.
Ədalət hansısa formada bərpa olunmalıdır: ya tədavül müddətini artırmalı, ya da dəymiş ziyanı ödəməlidirlər. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Çeki əlində qalan vətəndaşların statistikası aparılmalı, müvafiq proqram hazırlanmalı və icraya yönəldilməlidir. Yalnız bu yolla ədalətin bərpasına nail olmaq olar”.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli:

“Dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyən vətəndaşların hüquqlarının bərpa olunması şərtdir. Məlumdur ki, çeklər tədavüldə olan zaman bundan istifadə etməyən, yaxud edə bilməyən vətəndaşlar olub. Kimsə zamanında çeklərdən istifadə etdi, bəs, istifadə edə bilməyən vətəndaş nə etməlidir?
Vauçerlərini saxlayan vətəndaşlar düşünürdülər ki, bundan daha səmərəli istifadə edəcəklər. Bu düşüncələrində də kifayət qədər haqlı idilər. Çünki dövlətin onlara verdiyi qiymətli kağızın üzərində tədavül müddəti, etibarlılıq müddəti yoxdur. Etibarlılıq müddəti göstərilməyibsə, demək ki istənilən zaman bu çeklər özəlləşdirmədə iştirak edə bilər.
Dediyim kimi, özəlləşdirmə çekləri müddətsizdir və onun tədavülü ilə bağlı müddət qoyulmamalı idi, proses davam etməli idi. Vətəndaşlar da buna uyğun olaraq ya mülkiyyətə, ya da özəlləşdirilməyə çıxarılan hansısa böyük müəssisələrin hissələrinə sahib olmalı idilər. Amma bu, baş vermədi.
Bu gün də müəyyən dövlət müəssisələri özəlləşdirməyə çıxarılır, hərraclar keçirilir. Hesab edirəm ki, əlində çeki qalan vətəndaşların bundan yararlanmaları üçün şərait yaradılmalı, yaxud da hansısa ciddi qərar verilməlidir. Şükür Allaha, Qarabağ işğaldan azad olundu. Yəqin ki, orada özəlləşdirmə həyata keçiriləcək. Bu özəlləşdirmədə vaxtilə verilən qiymətli kağızlardan istifadə mümkündür.
Çeklərin tədavül müddətinin artırılması, yaxud da vətəndaşlara kompensasiya ödənilməsi mümkündür. Müvafiq komissiya yaradıla bilər, qiymət müəyyənləşər ki, bir vauçerin qiyməti bu qədərdir. Əlində çeki qalan vətəndaş da bunu təqdim edər, kompensasiyasını alar. Bununla həm vətəndaşın hüququ bərpa edilmiş olar, həm də problem həllini tapar. Demək istədiyim odur ki, məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü:

“Hökumətin bu məsələdə vətəndaşların xeyrinə qərar qəbul etməsi lazımdır. Əgər əvvəlki illərdə vətəndaşların ziyanına qərar qəbul edilibsə, hazırkı hökumət üzvləri vəziyyəti düzəltmək üçün uyğun qərarlar qəbul etməlidirlər.
Hazırda bu mövzuda iqtisadçılarımızın, mütəxəssislərimizin verdikləri rəy və təkliflərə baxanda yanlışlığın olduğunu söyləmək mümkündür. O zamankı hökumət rəsmilərinin qəbul etdikləri qərar əlində çekləri qalan minlərlə vətəndaşımıza qarşı böyük haqsızlıq idi.
Təklif irəli sürən, sürməyə hazır olan mütəxəssisləri dinləmək, lazımdırsa, bir işçi qrupu, komissiya yaradıb problemin həllinə başlamaq olar. Bu istiqamətdə vətəndaşın xeyrinə atılacaq qətiyyətli addım və qərarlar sosial gərginliyin azalmasında böyük rol oynaya bilər”.
QEYD
Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərsiniz:
KEÇİD 1
KEÇİD 2
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.