AZ

İran ABŞ-yə yeni təklif göndərdi: Hürmüz açılsın, nüvə danışıqları sonraya qalsın

ABŞ rəsmisi və mövzuya yaxın iki mənbənin məlumatına görə, İran Hürmüz boğazının yenidən açılması və müharibənin dayandırılması ilə bağlı yeni təklifini ABŞ-yə təqdim edib.

Təklifdə nüvə danışıqlarının daha sonrakı mərhələyə saxlanılması nəzərdə tutulur. Axios xəbər verir ki, diplomatik proses dalana dirənib və İran rəhbərliyi daxilində nüvə güzəştləri ilə bağlı fikir ayrılıqları mövcuddur. Yeni təklifin isə bu ziddiyyətləri aradan qaldıraraq daha sürətli nəticə əldə etməyə yönəldiyi bildirilir.

Lakin ekspertlər hesab edir ki, boğazın açılması və blokadanın ləğvi ABŞ Prezidenti Donald Tramp üçün İrana qarşı əsas təzyiq rıçaqlarından birini zəiflədə bilər. Vaşinqtonun əsas hədəfləri arasında İranın zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması yer alır.

Üç ABŞ rəsmisinin sözlərinə görə, Trampın bazar ertəsi günü milli təhlükəsizlik üzrə yüksək səviyyəli komandası ilə “Situation Room”da iclas keçirməsi gözlənilir. Görüşdə danışıqlardakı çıxılmaz vəziyyət və mümkün növbəti addımlar müzakirə olunacaq.

Tramp Fox News kanalına açıqlamasında bildirib ki, İranın neft ixracını məhdudlaşdıran dəniz blokadası davam etməlidir və bu, Tehranın qısa müddətdə geri çəkilməsinə səbəb ola bilər.

Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Araqçinin həftəsonu İslamabadda apardığı danışıqlarda irəliləyiş əldə olunmayıb. ABŞ tərəfi Araqçi ilə görüşməyi planlaşdıran xüsusi nümayəndələr Stiv Vitkoff və Cared Kuşnerin səfərini ləğv edib.

Məlumata görə, Araqçi həmçinin Omanda Hürmüz boğazı ilə bağlı müzakirələr aparıb və bazar ertəsi Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşməsi gözlənilir.

Seçilən
2
aznews.az

1Mənbələr