Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə qalibin fərdi inkişaf planı müzakirə edilib, onun idarəetmə bacarıqlarının artırılması və peşəkar inkişafının dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb. Agentliyin sədri əldə etdiyi nailiyyət münasibətilə qalibi təbrik edib, müsabiqənin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında əhəmiyyətini vurğulayıb.
Görüş zamanı qalibin çalışdığı sahə üzrə gələcək fərdi inkişaf hədəfləri müzakirə olunub, maraqları və inkişaf etmək istədiyi istiqamətlər üzrə fikirləri dinlənilib. Ona idarəetmə bacarıqlarının daha da möhkəmləndirilməsi və səriştəliliyinin artırılması ilə bağlı tövsiyələr verilib. Qalibin peşəkar inkişafına hərtərəfli dəstək göstəriləcəyinə diqqət çəkilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf proqramına cəlb olunur və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.