AZ

Sərhədləri aşan ixtira: SSRİ yə səs salmış azərbaycanlı həkimlə MÜSAHİBƏ

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Referans Medical Hospital"ın həkimi, tibb elmləri namizədi, ali dərəcəli cərrah, otorinolarinqoloq Hüseyn Ağayev Modern.az saytına geniş müsahibə verib.

– Hüseyn müəllim, söhbətə sizi daha yaxından tanımaqla başlamaq istərdik. Harada anadan olmusunuz, uşaqlıq və məktəb illəriniz necə keçib? Orta təhsilinizi harada və neçənci ildə başa vurmusunuz?

– Mən 1951-ci ildə Qarabağda, Füzuli rayonunun Qarğarbazar kəndində anadan olmuşam. Atam kənd məktəbində müəllim işləyirdi. Uşaqlıq illərimin ilk dövrü həmin kənddə keçib. Lakin 1957-1958-ci illərdə kəndimizdə böyük sel fəlakəti baş verdi. Sel bir sıra evləri yuyub apardı, hətta ölüm halları da oldu. Bizim evimiz də həmin seldə dağıldı. Bundan sonra atam Bakıda yaşayan, rəhbər vəzifələrdə çalışan qohumlarımızla məsləhətləşdi. Evimiz də olmadığından ailəliklə Bakıya köçmək məcburiyyətində qaldıq. Bakıya gəldikdən sonra atam dənizdə işə düzəldi. Mən isə təhsilimi Bakı şəhərindəki 194 nömrəli məktəbdə davam etdirdim. Məktəb illərim kifayət qədər uğurlu keçib. Həmin dövrdə ailədə tək uşaq idim. Atam müəllim olduğu üçün təhsilimə xüsusi diqqət yetirirdi. Bakı şəhərində və respublika səviyyəsində keçirilən fənn olimpiadalarında fəal iştirak edir, müxtəlif yerlər tutur, fəxri fərmanlar alırdım. Orta məktəbi uğurla başa vurduqdan sonra əvvəlcə “Azərbaycan Neft və Kimya İnstitutu”na (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), daha sonra isə “Politexnik İnstitutu”na (hazırkı Azərbaycan Texniki Universiteti) qəbul olunmaq barədə düşünürdüm. Bakı Dövlət Universitetinin Fizika fakültəsi də maraq dairəmdə idi. Çünki bu sahəyə də potensialım var idi. O dövrdə bir sıra tanınmış professorlar mənimlə söhbət etmiş, biliklərimi də yoxlamışdılar. Onlardan birinin adını xüsusi qeyd etmək istəyirəm - akademik İbrahim İbrahimov. O, SSRİ miqyasında tanınmış bir professor idi və atamla orta məktəbdə bir yerdə oxumuşdu. Məni sorğu-sual etdikdən sonra atama demişdi ki, “bu uşaq hara istəsə, gedəcək”. Amma sonradan belə qərara gəldik ki, mən elə tibb sahəsini seçim.

– Həkimlik peşəsinə marağınız necə yarandı? Tibb sahəsini seçmək qərarınız hansı amillərin təsiri ilə formalaşdı?

– Bizim nəslimizdə həkimlər olub və mən onlarla tez-tez ünsiyyətdə olurdum. Onların fəaliyyəti, insanlara münasibəti məndə bu peşəyə maraq yaratmışdı. Digər tərəfdən, atam Böyük Vətən müharibəsinin iştirakçısı idi, müharibədə yaralanmışdı. O, müharibənin ağır günlərini görmüş insan idi və həmişə deyərdi ki, həkimlik çox çətin, amma bir o qədər şərəfli sənətdir. Atam istəyirdi ki, mən həkim olum. Anam da onunla həmfikir idi. Bu söhbətlərdən sonra “Neft-Kimya İnstitutu”na, “Politexnik İnstitutu”na və Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunmaqla bağlı düşüncələrimi kənara qoydum. Bütün diqqətimi tibb sahəsinə yönəltdim və qəbul imtahanlarına hazırlaşdım. Nəticədə rahatlıqla Azərbaycan Tibb Universitetinə qəbul olundum. Tələbəlik illərində də ciddi çətinliyim olmadı. Hələ tələbə ikən praktiki işlərə maraq göstərirdim. O dövrdə bizdə eksperimental laboratoriya var idi. Məndən bir neçə kurs yuxarı oxuyan həmyerlim Qalib Qarayevlə birlikdə həmin laboratoriyada heyvanlar üzərində müəyyən təcrübələr aparırdıq. Sonradan bu istiqamətdə məqalə də hazırlandı və institutun icmalında çap olundu. Bütün bunlar tibbə olan marağımı daha da artırdı və məni bu sahədə irəli getməyə həvəsləndirdi. Nəhayət, universiteti bitirdikdən sonra ixtisas seçimi zamanı otorinolarinqologiyanı seçdim.

– Vaxtilə Xəzər rayonu ərazisində LOR şöbəsinin yaradılması təşəbbüsü ilə çıxış etmisiniz. Bu qərarın arxasında hansı ehtiyac və məqsədlər dayanırdı?

– Mən 1977-1978-ci illərdə internatura və ordinaturanı başa vurduqdan sonra sovet dövründə Xəzər Dəniz Hərbi Donanmasının hospitalında işləmək təklifi aldım. Təklifi qəbul etdim və 1978-ci ildən 1982-ci ilə qədər həmin hospitalda çalışdım. Lakin mən hərbçi deyildim, tutduğum vəzifə mülki vəzifə idi. 1982-ci ildə qərara gəldim ki, hospitaldan ayrılım. Bununla bağlı Səhiyyə Nazirliyinə və Bakı Baş Səhiyyə İdarəsinə müraciət etdim. Məni Xəzər rayonundakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına LOR həkimi göndərdilər. Bir müddət orada çalışdıqdan sonra vəziyyəti yaxından müşahidə etdim. O dövrdə Xəzər rayonu Bakının nisbətən ucqar rayonlarından sayılırdı. Rayon ərazisində bizim ixtisas üzrə ayrıca stasionar xidmət, klinik baza yox idi. Halbuki Neft Daşları, Çilov adası, Pirallahı, Zirə və digər qəsəbələrdən olan xəstələrin şəhərin mərkəzinə getməsi çox çətin idi. Bunu nəzərə alaraq xəstəxananın baş həkimi ilə birlikdə Səhiyyə Nazirliyinə və Bakı Baş Səhiyyə İdarəsinə müraciət etdik. O dövrdə səhiyyə naziri Tələt Qasımov, Bakı Baş Səhiyyə İdarəsinin rəisi isə Tarix İsmayılov idi. Müraciətimiz müsbət qarşılandı. Tarix İsmayılov həm də Bakı Sovetinin deputatı seçilmişdi. Onun rayon sakinləri ilə görüşü təşkil olundu, vəziyyət yerində öyrənildi. Nəticədə belə qərara gəlindi ki, həmin xəstəxananın nəzdində 25 çarpayılıq LOR şöbəsi yaradılsın. Mən həmin şöbəyə müdir təyin olundum. Əvvəlcə şöbə yalnız böyüklər üçün nəzərdə tutulmuşdu. Lakin iki il keçməmiş yenidən müraciət etdik ki, uşaqların da qəbuluna icazə verilsin. Rəhbərlik bunu nəzərə aldı və biz həm böyüklərə, həm də uşaqlara xidmət göstərməyə başladıq. Bu şöbənin yaradılması Xəzər rayonu və ətraf ərazilərdə yaşayan insanlar üçün çox vacib addım idi. Çünki xəstələr artıq şəhərin mərkəzinə getmədən yaşadıqları əraziyə yaxın tibbi yardım ala bilirdilər.

– Elmi fəaliyyətiniz də kifayət qədər zəngindir. İlk elmi məqaləniz nə vaxt və harada dərc olunub? Bu araşdırma hansı mövzuya həsr edilmişdi?

– İlk geniş elmi məqaləm Xəzər Dəniz Hərbi Donanmasının hospitalında işlədiyim dövrdə apardığım müşahidələr əsasında hazırlandı. Həmin vaxt bizə xüsusi ultrasəs inhalyasiya cihazı gətirilmişdi. Mən bu cihazın xroniki tonzillitlərin müalicəsində tətbiqi ilə maraqlandım və praktikada onun imkanlarını öyrənməyə başladım. Bir müddət sonra bu mövzuda məqalə hazırladım. Məqaləni Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda professor Nisəxanım Ağayeva ilə müzakirə etdim. O dövrdə Nisəxanım xanım kafedra müdiri idi. Məsələ elmi şurada müzakirə olundu və qərara alındı ki, məqalə “Azərbaycan Tibb Jurnalı”na təqdim edilsin. Beləliklə, 1987-ci ildə “Azərbaycan Tibb Jurnalı”nın 7-ci nömrəsində ilk rəsmi geniş elmi məqaləm çap olundu. Məqalə ultrasəs inhalyasiyasının xroniki tonzillitlərin müalicəsində tətbiqinə həsr edilmişdi.

– Tibb sahəsində daim yenilənmək vacibdir. Siz özünüzü inkişaf etdirmək üçün hansı təkmilləşdirmə və ixtisasartırma proqramlarında iştirak etmisiniz? Bu təcrübələr sizə nə qazandırıb?

– Həkimlik elə bir peşədir ki, burada dayanmaq olmaz. Tibb daim inkişaf edir, yeni cihazlar, yeni dərman preparatları, yeni müayinə və müalicə üsulları ortaya çıxır. Həkim bunları izləməli və öz gündəlik praktikasında tətbiq etməyi bacarmalıdır. Mən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif kurslarda iştirak etmişəm. Professor Nisəxanım Ağayeva ilə bir sıra əməliyyatlarda iştirak edirdim. Zaman keçdikcə aramızda həm elmi, həm də peşəkar baxımdan çox yaxşı münasibət formalaşdı. Təkmilləşdirmə kursları xüsusilə müstəqil fəaliyyətə başlayan həkimlər üçün çox vacibdir. Tələbəlik dövrü ilə müstəqil həkim fəaliyyəti tamamilə fərqli mərhələlərdir. Müstəqil işləyərkən həm uşaqlarda, həm də böyüklərdə müxtəlif mürəkkəb klinik hallarla qarşılaşırsan və hər bir vəziyyətə hazır olmalısan. Bu səbəbdən 1978-ci ildən sonrakı dövrlərdə, o cümlədən 1982-ci və 1985-ci illərdə də Moskvada təkmilləşdirmə kurslarında iştirak etmişəm. Sonrakı illərdə də mütəmadi olaraq hər 5 ildən bir ixtisasartırma kursları keçmişəm. Eyni zamanda tibbi jurnalları izləməyə, yenilikləri oxumağa və praktik fəaliyyətimdə tətbiq etməyə çalışmışam.

– Elmi yolunuz sizi Moskvaya – aspiranturaya aparıb. Bu proses necə baş tutdu? Elmi rəhbəriniz kim olub və orada hansı mütəxəssislərlə birgə çalışmısınız?

– 1985-ci ildən sonra qərara gəldim ki, Moskvaya gedərək uşaqlarda və yeniyetmələrdə LOR xəstəliklərinin müalicəsi üzrə təkmilləşdirmə kursu keçim. İki aylıq kurs zamanı professor Boris Vasilyeviç Şevrıginlə tanış oldum. O, Moskvada Mərkəzi Həkimlərin Təkmilləşdirmə İnstitutunda prorektor və kafedra müdiri idi. Həmin dövrdə artıq bir elmi məqaləm hazır idi. Məqaləni ona göstərdim, müzakirə etdik. Professor işimə maraq göstərdi və mənə Moskvada aspiranturaya qəbul olunmağı təklif etdi. Kursu bitirdikdən sonra Bakıya qayıtdım, bir müddət işlədim. Daha sonra 1986-cı ildə yenidən Moskvaya getdim, imtahan verdim və Mərkəzi Həkimlərin Təkmilləşdirmə İnstitutunda aspirantura pilləsinə qəbul olundum. Aspirantura illərində müxtəlif mütəxəssislərlə birgə çalışdım, geniş elmi ədəbiyyatla tanış oldum. Bu dövr mənim elmi fəaliyyətimdə mühüm mərhələ oldu.

– Araşdırmalarınız nəticəsində yeni bir tibbi alət icad etmisiniz. Bu ideya necə yarandı və sizi belə bir addım atmağa nə sövq etdi?

– Praktik fəaliyyətim zamanı çox mürəkkəb klinik hallarla rastlaşırdım. Xüsusilə burunətrafı ciblərin, o cümlədən pazabənzər cibin xəstəlikləri ilə bağlı müayinə və müalicə prosesi çətin idi. Pazabənzər cib burunətrafı ciblər arasında ən dərində yerləşənlərdən biridir və həmin nahiyəyə müdaxilə etmək o dövrün texniki imkanları baxımından kifayət qədər mürəkkəb sayılırdı. Elmi işimlə bağlı geniş ədəbiyyat araşdırması apardım, yalnız Azərbaycanda və SSRİ-də deyil, həm də ABŞ, İngiltərə, Fransa, Yaponiya, Almaniya və Kanada kimi ölkələrdə aparılan tədqiqatlarla tanış oldum. Kanada ədəbiyyatında bu sahə ilə bağlı maraqlı materiallara rast gəldim. Məlum oldu ki, mənim araşdırdığım istiqamətdə ilk işlərdən biri məhz Kanadada aparılıb və ilk alətlərdən biri də orada hazırlanıb. Bütün bunlar məni düşündürdü. Gördüm ki, bu sahədə daha əlverişli, daha praktik, daha az travmatik bir tibbi alətə ehtiyac var. Məqsədim elə bir universal alət yaratmaq idi ki, onun köməyi ilə müdaxilə daha rahat və təhlükəsiz həyata keçirilsin.

– Alətin hazırlanma prosesi necə keçdi? Hansı elmi prinsiplərə əsaslandınız və bu müddətdə hansı çətinliklərlə qarşılaşdınız?

– Bu alətin hazırlanması uzun və ciddi elmi-praktik iş tələb edirdi. Müasir elmi ədəbiyyatı incələdim. Daha sonra müxtəlif yaş qruplarına aid anatomik materiallar üzərində işləməyə başladım. 6 yaşdan 80 yaşa qədər olan müxtəlif yaş qruplarının anatomik-topoqrafik xüsusiyyətlərini araşdırdım.

O dövrdə indiki kimi geniş texniki imkanlar yox idi. Bu gün endoskopiya, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası geniş tətbiq olunur. Amma həmin vaxt əsasən rentgen müayinəsi, bəzi optik cihazlar, binokulyar lupalar və digər məhdud texniki vasitələr var idi. Bu da işi xeyli çətinləşdirirdi. Əvvəllər həmin nahiyəyə müdaxilə üçün daha ağır cərrahi üsullardan istifadə olunurdu. Mən isə burun yolu ilə daha əlverişli və az travmatik yanaşma üzərində işlədim. Nəticədə yeni alətin anatomik-topoqrafik əsaslandırmasını apardım, cizgi rəsmlərini hazırladım. Buzovna qəsəbəsində yerləşən hərbi zavodun rəhbərliyi ilə əlaqə saxladım. Cizgi rəsmlərini onlara təqdim etdim. Məni çox yaxşı qarşıladılar və alətin hazırlanmasında yaxından kömək etdilər. Beləliklə, həmin alət hazırlandı.

– Müəlliflik şəhadətnaməsinin əldə olunması mürəkkəb bir mərhələdir. Siz bu prosesi necə keçdiniz və nəticə olaraq hansı uğurları qazandınız?

– Alət hazırlandıqdan sonra onun rəsmiləşdirilməsi mərhələsi başladı. Bunun üçün Moskvaya müraciət etmək lazım idi. O dövrdə Dövlət Patent İnstitutu Moskvada yerləşirdi. Mən onlara məktub yazdım, əlaqə saxladım və daha sonra Moskvaya getdim. Orada bir neçə görüş keçirdim. Əsas tələb bu idi ki, alətin mövcud alətlərdən üstünlüyü elmi əsaslarla sübut olunsun. Çünki hər bir ixtirada analoq və prototip məsələsi var. Mənə də sual verilirdi ki, sizin alət digər alətlərdən nə ilə fərqlənir, üstün cəhətləri nələrdir? Mən bütün bunları anatomik-topoqrafik ölçmələr, müxtəlif yaş qrupları üzrə topladığım materiallar və praktik nəticələr əsasında əsaslandırdım. Bir neçə müzakirədən sonra sənədlərim qəbul edildi. 1988-ci ildə mənə müəlliflik şəhadətnaməsi verildi. Həmin il həm də “SSRİ ixtiraçısı və səmərələşdiricisi” adına layiq görüldüm, diplom və medalla təltif olundum. Bu, mənim üçün böyük uğur idi. Amma bu uğurla iş bitmirdi. Qarşıda alətin praktik tətbiqi, nəticələrin sənədləşdirilməsi və elmi jurnallarda çapı kimi mühüm mərhələlər var idi.

– İcad etdiyiniz alət haqqında məlumat ilk dəfə hansı jurnal və ya nəşrdə dərc olunub?

– Alətin tətbiqi ilə bağlı ilk məqalələrim Ukraynada, Kiyev şəhərində rus dilində nəşr olunan “Qulaq, burun, boğaz xəstəlikləri” jurnalında çap olundu. Həmin jurnalda bu mövzu üzrə iki məqaləm dərc edildi. Məqalələrdə alətin tətbiq imkanları, əməliyyat zamanı yaratdığı üstünlüklər və əldə olunan nəticələr barədə məlumat verilmişdi. Daha sonra bu işə Moskvada maraq daha da artdı. Bir sıra Moskva xəstəxanaları və elmi müəssisələri alətin tətbiqi ilə maraqlandılar. Sonrakı dövrdə bu barədə Moskvada nəşr olunan “Cərrahiyyə” jurnalında da məqalə dərc olundu.

– Bu alətin tətbiq olunduğu tibb müəssisələri barədə də məlumat verərdiniz. Yerli və xarici təcrübəniz hansı nəticələri göstərir?

– Elmi işimin yekun mərhələsində onu xarici rəyə göndərmək lazım idi. İş Moskvada yerləşən “Qulaq, Burun, Boğaz Xəstəlikləri” üzrə Elmi-Tədqiqat İnstitutuna təqdim olundu. Orada professor və mütəxəssislərlə geniş müzakirələr apardıq. Onlar belə bir şərt qoydular ki, alətin effektivliyini canlı əməliyyat üzərində göstərim. Mən razılaşdım. Xəstə hazırlandı və əməliyyat zamanı pazabənzər cibə burun yolu ilə daxil olaraq əməliyyat etdim, iltihabi prosesləri və polipləri aradan qaldırdım. Əməliyyatın gedişini izləyən mütəxəssislər nəticəni yüksək qiymətləndirdilər və mənə müsbət rəy verdilər. Bundan sonra digər elmi institutlar da bu alətə maraq göstərdi. Mən təqdimatlar keçirdim, alətin tətbiq imkanlarını izah etdim. Hətta bir sıra müəssisələrə alətin nümunəsini təqdim etdim. Moskvada tibb elmləri namizədliyi üçün müdafiə zamanı opponentlər də bu təcrübələri nəzərə alaraq müsbət rəy verdilər. Alətin tətbiqi həm yerli, həm də Moskva klinikalarında uğurlu nəticələr verdi. Əməliyyatların daha az travmatik, minimal invaziv və daha effektiv aparılması mümkün oldu.

– Elmi fəaliyyətiniz çərçivəsində beynəlxalq tədbirlərdə də iştirak etmisiniz. Moskva və digər şəhərlərdə keçirilən konqres və ya müsabiqələrdə təcrübəniz necə olub?

– Bakı şəhərində keçirilən demək olar ki, əksər konqreslərdə məruzəçi qismində iştirak etmişəm. Orada məqalələr təqdim etmiş, çıxışlar etmişəm. Beynəlxalq səviyyədə isə 2013-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən böyük konfransa dəvət almışam. Orada da çıxış etmişəm və məqaləm konfrans materiallarında çap olunub. Sonrakı illərdə Almaniyada keçirilən tədbirlərdə iştirak etdim. Orada yerli professor-müəllim heyəti ilə tanış oldum, elmi işlərimi təqdim etdim. Mənə əməliyyatlarda iştirak etmək təklifi olundu və bir neçə əməliyyatda iştirak etdim. Həmin əməkdaşlıq nəticəsində Almaniyada alman və ingilis dilli nüfuzlu jurnalda iki məqaləm dərc olundu. Bu fəaliyyətimə görə Almaniya Otorinolarinqoloqlar Cəmiyyətinə üzv seçildim.

– Elmi məqalələriniz müxtəlif nüfuzlu jurnallarda çap olunub. Bu nəşrlər və əsas araşdırma istiqamətləriniz barədə qısa məlumat verə bilərsinizmi?

– Elmi fəaliyyətim əsasən otorinolarinqologiya sahəsində - xüsusilə burunətrafı ciblərin xəstəlikləri, cərrahi müdaxilə üsulları və yeni texnologiyaların tətbiqi istiqamətində olub. Məqalələrim həm keçmiş SSRİ məkanında, həm də xarici ölkələrdə nəşr olunub. Cari ildə İsveçdə keçirilən Avropa Otorinolarinqologiya və Baş-boyun Cərrahiyyəsi Konfederasiyasının konqresində oğlum doktor Elşən Ağayevlə birgə məqaləmiz dərc olunub. Bu elmi iş də LOR sahəsində müasir yanaşmaları əhatə edir.

– “Otorinolarinqologiya” dərsliyinin müəlliflərindən birisiniz. Bu kitabı yazmaq ideyası necə yarandı və professor N.M. Ağayeva ilə əməkdaşlığınız necə quruldu?

– Mən təkmilləşdirmə kurslarında iştirak etdiyim dövrdə professor Nisəxanım Ağayeva ilə yaxından tanış olmuşdum. O, həmin dövrdə respublikada bu sahənin ən güclü mütəxəssislərindən biri idi.

Bir gün o, məni yanına çağırdı və bildirdi ki, Azərbaycanda otorinolarinqologiya sahəsində dərslik çatışmazlığı var. Xüsusilə latın qrafikasına keçiddən sonra bu sahədə yeni ədəbiyyata ciddi ehtiyac yaranmışdı. Həqiqətən də bu sahədə son kitab 1969-cu ildə yazılmışdı və artıq 40 ildən çox vaxt keçmişdi. Biz birlikdə qərara gəldik ki, bu boşluğu aradan qaldıraq və yeni dərslik hazırlayaq. Təxminən 5 il ərzində yeni kitab üzərində işlədik. Kitab yalnız nəzəri məlumatlara deyil, həm də bizim illərlə topladığımız praktik təcrübəyə əsaslanır. Kitabda hər bir xəstəlik həm nəzəri, həm də vizual materiallarla təqdim olunub. Şəkillərin böyük hissəsi də bizim şəxsi praktik fəaliyyətimiz zamanı əldə etdiyimiz materiallardır.

– Kitabın ilk nəşri nə vaxt baş tutdu və mütəxəssislər tərəfindən necə qarşılandı?

– Kitab ilk dəfə 2011-ci ildə çap olundu. Lakin tiraj nisbətən az idi, bu səbədən qısa müddətdə bitdi. Kitab tibb ictimaiyyəti tərəfindən müsbət qarşılandı və geniş istifadə olunmağa başladı.

– Daha sonra kitabın yenidən nəşrinə ehtiyac yarandı. Bu qərarın əsas səbəbləri nələr idi?

– Kitaba tələbat çox olduğu üçün və yeni məlumatların əlavə olunması zərurəti yarandığından 2014-cü ildə kitab üzərində yenidən işləyib çap etdirdik. Bu nəşrdə müəyyən əlavələr və yeniliklər yer aldı.

– Kitabın dərslik kimi təsdiqlənməsi prosesi necə keçdi? Bu mərhələdə hansı çətinliklərlə üzləşdiniz?

– Dərslik kimi təsdiq olunması üçün kitab bir neçə mərhələdən keçməli idi. Əvvəlcə Səhiyyə Nazirliyinin elmi şurasında müzakirə olundu və təsdiqləndi. Daha sonra Elm və Təhsil Nazirliyinin elmi şurasında da müzakirə mərhələsindən keçdi. Bu proses asan olmadı. Çünki kitabın elmi səviyyəsinin yüksək olması, rəyçilərin - xüsusilə tibb elmləri doktorlarının müsbət rəy verməsi tələb olunurdu. O dövrdə belə mütəxəssislərin sayı çox deyildi. Buna baxmayaraq, həm yerli, həm də xarici mütəxəssislər - o cümlədən ABŞ, Almaniya və Rusiyadan olan alimlər kitab haqqında müsbət rəylər verdilər. Respublikanın baş otorinolarinqoloqu prof. Nazim Hüseynov da elmi şurada kitabı yüksək qiymətləndirdi. Vurğulamaq istərdim ki, kitabın hazırlanmasında və çapında prof. Rafiq Rzayevin də böyük dəstəyi oldu. Nəticədə kitab 528 səhifədən ibarət olmaqla latin qrafikalı ilk müasir Otorinolarinqologiya  dərsliyi kimi nəşr yenidən olundu.

– Ümumilikdə iştirak etdiyiniz yerli və beynəlxalq konqreslər sizin peşəkar inkişafınıza necə təsir edib?

– Konqreslərdə iştirak həkim üçün çox vacibdir. Bu tədbirlər yeni biliklərin əldə olunması, təcrübə mübadiləsi və beynəlxalq əlaqələrin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Mən iştirak etdiyim konqreslərdə həm öz təcrübəmi bölüşmüşəm, həm də digər ölkələrin mütəxəssislərinin iş üsulları ilə tanış olmuşam. Bu da mənim peşəkar inkişafıma müsbət təsir göstərib, yeni yanaşmaları praktik fəaliyyətimdə tətbiq etməyə imkan yaradıb.

– Sonda isə dövlət tərəfindən aldığınız təltiflər barədə danışmağınızı istərdik. Bu mükafatlar sizin üçün nə ifadə edir?

– Mən 1988-ci ildə “SSRİ ixtiraçısı və səmərələşdiricisi” adına layiq görülmüşəm, bu münasibətlə diplom və medalla təltif olunmuşam. Bundan əlavə, Moskva Mərkəzi Həkimlərin Təkmilləşdirmə İnstitutunda həkimlər arasında III yerə layiq görülərək qırmızı diplom almışam. Həmçinin Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının “Fəxri fərman”ı ilə də təltif olunmuşam. Dövlət tərəfindən göstərilən etimad, bu mükafatlar mənim üçün böyük dəyər daşıyır. Çünki onlar uzun illər ərzində çəkilən zəhmətin, elmi fəaliyyətin və həkimlik peşəsinə sədaqətin qiymətləndirilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
modern.az

1Mənbələr