AZ

Ağdamda əkilən ağaclar şəhidlərin xatirəsini yaşadır və mənəvi yaddaşı gücləndirir

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz sosial media hesabında Ağdamda əkilən ağacların şəhidlərin xatirəsinə həsr olunmasından və bunun mənəvi anlamından bəhs edən həssas paylaşım edib.

QHT.az paylaşımı təqdim edir:

"Ağdam torpağı təkcə tariximizin deyil, həm də qəhrəmanlıq salnaməmizin canlı yaddaşıdır. 1-ci və 2-ci demədən bütün Qarabağ müharibələrində şəhid olan hər bir igidimizin xatirəsini əbədiləşdirmək üçün burada ağaclar əkilib. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq və yaddaş siyasətinin bir nümunəsidir. Hər bir ağac bir ömür, bir arzunun, bir qəhrəmanlıq dastanının rəmzidir.

Mən bir şəhid anası kimi bu ağaclara baxanda təkcə yaşıllıq görmürəm… Hər yarpaqda balamın gülüşünü, hər budaqda onun yarım qalan arzularını hiss edirəm. Ürəyimdə həm sonsuz qürur, həm də sözlə ifadə olunmayan bir həsrət var. Mən balamı torpağa əmanət etdim, amma bilirəm ki, onun adı, onun xatirəsi bu ağaclarla birlikdə əbədi yaşayacaq.

Bu ağaclar yalnız təbiəti yaşıllaşdırmır, həm də gələcək nəsillərə vətən sevgisini, fədakarlığı və birlik ruhunu aşılayır. Onlar kök atdıqca, şəhidlərimizin xatirəsi daha da dərinləşir, budaqları göylərə ucaldıqca isə ruhlarının ucalığını simvolizə edir.

Ağdamda əkilən hər bir ağac bir şəhid adını daşıyır və bizə xatırladır ki, bu torpaq onların canı bahasına azaddır. Bu müqəddəs yadigarlar qarşısında baş əyir, bütün şəhidlərimizi ehtiram və sonsuz minnətdarlıqla anırıq".

Fatimə Nəbiyeva

Seçilən
53
qht.az

1Mənbələr