AZ

Şərəfli ömür yolu - FOTO

 “Şəhid atasının yubiley  tədbiri” 

Vətənini, xalqını sevən, məhz bu məqsədlə  yaşayıb-yaradan əsl ziyalı, kamil şəxsiyyət, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov yaxşılıq gözündə ucala-ucala ömrünün 65 ilini yola saldı.  
Kamran müəllim ucaldığı müdriklik zirvəsindən geriyə boylananda  ötən illərin hədər  getmədiyini, özünün  cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununla  ruhən,  cismən rahatlıq  tapır, qürur duyur, millətin  döyünən ürəyi, düşünən  beyni olaraq şərəfli həyat yolunu davam edir. Hər gördüyü işdə fədakar ziyalı, xalqını, yurdunu   halal bir məhəbbətlə sevən ləyaqətli bir vətəndaş olduğu  yaxşı görünür.

Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Elə doğma elində- məzunu olduğu  Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı,  uzun müddət yaddaşlardan silinməyən bir tədbir keçirildi. 

Tədbirdə əvvəlcə Kamran müəllimin nəvələri- şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynur  musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudular  və  Vətən yolunda  özlərini qurban verən zəfər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Səmədovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, Lənkəran Dövlət Universitetinin və  Astara Pedaqoji Kollecinin əməkdaşlarının, məktəb rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin, yubilyarın ailə üzvlərinin, qazi və  şəhid ailələrin, eləcə  digər qonaqların yer aldıqları tədbirdə Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirən məktəbin direktoru Ramiz Ramazanov daha sonra dedi:

- Nəcib həyat  amalı, saf niyyəti  xalqın, dövlətin mənafeyi naminə yönələn Kamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri çox dəyərlidir. Həmçinin şəhid atası kimi göstərdiyi mətanət və iradəsi onun doğma Vətəninə nə qədər ürəkdən bağlı olmasından xəbər verir. Yüksək zəkası, fitrətən xalq adamı olması, zəngin mənəvi aləmi hər kəsə örnəkdir.

Çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açan  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov onu da vurğuladı ki, Kamran müəllim yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimi  böyük nüfuz sahibidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl   insana sağlam ömür arzu edirəm.
“Hər bir insanın dəyəri  onun öz  xalqı üçün gördükləri ilə ölçülür. Kamillik və mənəviyyat zirvəsinə ucalan, böyük həvəslə  insanlara səmimi xidmət etmək  iç dünyasından, mənəvi aləmindən qaynaqlanan  Kamran Kazımovun həyatı buna gözəl nümunədir". 

Bu  səmimi fikirlər isə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun çıxışından götürülüb.

Çıxış edən digər natiqlər Kamran müəllimin  gənclik dövründən elmə və təhsilə böyük maraq göstərdiyini,  çalışqan, intizamlı və məsuliyyətli olduğunu,  pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən biliyini,  bacarığini  şagird və tələbələrin təlim-tərbiyəsinə yönəldiyini,   uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynadığını dedilər. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulandı. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olundu, həyat yolunun gələcək nəsillər üçün örnək olacağı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1  saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şer, musiqi nömrələri  iştirakçılar tərəfindən maraqla qarşılandı və  dəfələrlə alqışlandı.

Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən  söz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundan  danışdı.  Ona göstərilən diqqət və qayğını  yüksək qiymətləndirdi, eləcə   tədbirə qatılan hər kəsə minnətdarlığını bildirməklə  onlara möhkəm can sağlığı və uğurlar arzuladı.
Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
  
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Seçilən
13
ucnoqta.az

1Mənbələr