Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İranla bağlı beynəlxalq müzakirələrin getdiyi bir vaxtda sanksiyaların ləğvi məsələsinə kəskin münasibət bildirib.
Musavat.com xəbər verir ki, Berlində mühafizəkar CDU/CSU partiyalarının görüşündə çıxış edən fon der Lyayen hazırkı mərhələdə məhdudiyyətlərin aradan qaldırılmasını "vaxtından əvvəl atılmış addım" hesab etdiklərini bəyan edib. O xatırladıb ki, bu sanksiyalar rəsmi Tehranın öz əhalisinə qarşı nümayiş etdirdiyi repressiv siyasət və təzyiqlər səbəbindən tətbiq olunub. Avropa rəsmisi vurğulayıb ki, sanksiyaların yumşaldılması və ya tamamilə ləğvi üçün ilk növbədə İranda real və fundamental dəyişikliklərin baş verdiyini görmək lazımdır. Fon der Lyayenin bu açıqlaması xüsusilə son günlər Tehranın Qərblə diplomatik yaxınlaşma cəhdləri fonunda Brüsselin qəti mövqeyini nümayiş etdirir.
Bu bəyanat həm də digər beynəlxalq oyunçulara, xüsusilə ABŞ-la aparılan danışıqlara bir mesaj kimi qiymətləndirilir. Hazırda Avropa paytaxtlarında İranın nüvə proqramı və daxili siyasəti ilə bağlı müzakirələrin gərgin keçəcəyi proqnozlaşdırılır.
Musavat.com