Amerika və İsrail qüvvələrinin zərbələri nəticəsində İranın qorunan təbii ərazilərində təxminən 8500 hektar əraziyə ziyan dəyib.
“Cebheinfo.az” xəbər verir ki, bunu İran xəbər agentliyi IRNA İslam Respublikasının Ətraf Mühitin Mühafizəsi Təşkilatına istinadən bildirib.
Təşkilat hücumların vurduğu ətraf mühitə dəyən ziyanı təhlil etmək üçün xüsusi işçi qrupu yaradıb. İlkin hesablamalara görə, zərərin məbləği ən azı 130 milyon dollardır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlərə zərbələr endirilib.
İranın məlumatına görə, döyüşlərdə 3300-dən çox İran vətəndaşı həlak olub, 113 mindən çox yaşayış binası da daxil olmaqla təxminən 138 min mülki tikili zərər görüb.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. Aprelin 21-də isə o, İranla atəşkəsi uzatmaq niyyətində olduğunu bildirib.
İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun atəşkəsi birtərəfli şəkildə uzatmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.