AZ

Putin Bakıdakı şöbəsi bağlanan agentliyin rəhbərini dəyişdi


Rusiya Prezidenti Vladimir Putin Yevgeni Primakovun “Rossotrudniçestvo”nun rəhbəri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Putin başqa bir fərmanla Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğlu İqor Çaykanı bu vəzifəyə təyin edib.
Qeyd edək ki, bu təyinatdan əvvəl İqor Çayka agentliyin rəis müavini vəzifəsini tutub.
Məlumat üçün bildirək ki, İqor Çayka 2024-cü ildə müəmmalı şəkildə vəfat edən, Rusiya müxalifətinin lideri Aleksey Navalnının 2015-ci ildə İqor və qardaşı Artyom Çaykanın biznesi və əmlakı haqqında araşdırma dərc etməsindən sonra tanınmağa başlayıb. Araşdırma dərc edildikdən sonra “Rosreestr” (daşınmaz əmlakın dövlət reyestri) onların daşınmaz əmlakı ilə bağlı məlumatlarda dəyişikliklər edib.  Artyom Çaykanın adı “ЛСДУ3”, İqor Çaykanın adı isə “ЙФЯУ9” olaraq dəyişdirilib.
2022-ci ildə ABŞ Maliyyə Nazirliyi İqor Çaykaya Moldovanın daxili işlərinə müdaxilə etdiyinə görə sanksiyalar tətbiq edib. Onun alternativ adı, "ЙФЯУ9" kod adı da sanksiya siyahısına salınıb.
Onu da bildirək ki, “Rossotrudniçestvo” MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin qısaltmasıdır.
Təşkilat 2008-ci ildən fəaliyyət göstərir və dünyanın 71 ölkəsində 87 nümayəndəliyi var. Qeyri-rəsmi dairələrdə bu nümayəndəliklər “Rus Evləri” adlanır.
Departamentin vəzifələrindən biri Rusiyanın maraqlarını xaricdə təşviq etməkdir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib", - deyə Azərbaycan XİN-dən bildirilib.

Murad Məmmədov
Seçilən
1
2
yeniavaz.com

3Mənbələr