AZ

İdman psixoloqu: Hakimlərin qərarverməsində psixoloji faktorlar mühüm rol oynayır

Bakı, 27 aprel, AZƏRTAC

Hakimlərin qərarverməsində psixoloji faktorlar mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman psixoloqu Fatimə Cəfərli futbol matçlarında hakimin qərarvermə prosesi və buna təsir edən psixoloji amillər barədə danışarkən deyib.

O bildirib ki, futbol digər idman növlərindən fərqli olaraq saniyələrlə ölçülən yüksək tempə malik oyundur və bu şəraitdə hər qərar böyük əhəmiyyət daşıyır: “Topun ötürülməsi, oyunçunun yerə yıxılması, tribunalardakı reaksiyalar və bütün diqqətin bir anda hakimin qərarına yönəlməsi bu prosesi daha da çətinləşdirir. Lakin nəzərə almaq lazımdır ki, bu qərarlar təkcə qaydaların tətbiqi deyil, eyni zamanda mürəkkəb psixoloji proseslərin nəticəsidir”.

Fatimə Cəfərli vurğulayıb ki, oyunun tempi artdıqca hakimlər eyni anda böyük həcmdə informasiya ilə işləməli olurlar: “Bu vəziyyət psixologiyada “koqnitiv yüklənmə” kimi izah olunur. Hakim eyni vaxtda topun hərəkətini, oyunçuların mövqeyini və mümkün qayda pozuntularını analiz etməyə məcbur qalır. Bu isə təbii olaraq səhv ehtimalını artırır”.

Psixoloqun sözlərinə görə, azarkeş reaksiyaları və emosional təzyiq də qərarvermə prosesinə təsir göstərən amillər sırasındadır: “Tribunalardan gələn səs-küy, fitlər və ümumi emosional atmosfer hakimin qərarına təsir edə bilən sosial faktorlar hesab olunur. Yüksək stress isə qərarverməni sürətləndirsə də, dəqiqliyi azalda bilər. Hakimlər də insan olduğu üçün müəyyən psixoloji tələlərə düşə bilirlər. Bəzən məsələ təkcə stress və ya diqqət deyil. Hakimlər də insan olaraq səhv qavrayışlara və idrak yanılmalarına məruz qala bilirlər. Nəticə etibarilə, son qərarı insan verir və psixoloji faktorlar oyunun ayrılmaz hissəsi olaraq qalır”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının son turlarında hakim idarəçiliyi və verilən qərarlar futbol ictimaiyyəti tərəfindən geniş müzakirə olunur.

Seçilən
50
azertag.az

1Mənbələr