AZ

Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq üzrə inkişaf edir ŞƏRH

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, hər iki ölkə müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələri inkişaf etdirməyə xüsusi önəm verib.

“Bu münasibətlər təkcə rəsmi səviyyədə deyil, xalqlar arasında qarşılıqlı simpatiya və etimada da söykənir. Siyasi sahədə Azərbaycan və Ukrayna arasında münasibətlər sabit və davamlı xarakter daşıyır. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan danışıqlar əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Hər iki dövlət beynəlxalq hüququn prinsiplərinə, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək verir. Bu baxımdan tərəflərin bir-birinə göstərdiyi siyasi dəstək münasibətlərin əsas istiqamətlərindən biridir”, - deyə deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərən mühüm mesajlarla yadda qaldı. İlk növbədə, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ukrayna liderləri arasında görüşlər müntəzəm xarakter daşıyır. Son 4 ildə onların 7 dəfə görüşməsi münasibətlərin təsadüfi deyil, davamlı və strateji xarakter daşıdığını göstərir. Dövlətimizin başçısının Zelenskinin 2019-cu ildə Azərbaycana ilk səfərini xatırlatması da şəxsi münasibətlərin və qarşılıqlı etimadın illərdir formalaşdığını göstərir. Prezidentin 2022-ci ildə Kiyevə səfərini qeyd etməsi isə iki ölkənin çətin dövrlərdə də əlaqələri qoruduğunu nümayiş etdirir.

“Bəyanatın əsas hissələrindən biri siyasi əməkdaşlıqla bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Ukrayna arasında münasibətlərin güclü siyasi təməli var. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlıq sənədlərinin imzalanması münasibətlərin rəsmi şəkildə yüksək səviyyədə qurulduğunu göstərir. Bu sənədlərdə ölkələrin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələ həm Azərbaycan, həm də Ukrayna üçün olduqca həssas və vacib mövzudur”, - deyə deputat diqqətə çatdırıb.

O qeyd edib ki, Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi isə münasibətlərin dövlət qurumları səviyyəsində də aktiv davam etdiyini göstərir. Gələcəkdə bu tədbirlərin Ukraynada keçirilməsi barədə fikir mübadiləsinin aparılması əməkdaşlığın davamlı olacağına işarədir.

“İqtisadi sahədə də mühüm mesajlar verildi. SOCAR-ın uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərməsi Azərbaycanın Ukrayna bazarında etibarlı tərəfdaş olduğunun təsdiqidir. Bundan başqa, yeni birgə layihələr, investisiya imkanları və ticarət dövriyyəsinin artırılması məsələləri də müzakirə olunub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi münasibətlərin iqtisadi baxımdan da əhəmiyyətli olduğunu göstərir. Prezident İlham Əliyevin bu rəqəmin gələcəkdə daha da artacağına ümid etdiyini deməsi yeni iqtisadi imkanların mövcudluğunu göstərir”, - deyə S.Mikayılova vurğulayıb.

Bəyanatda hərbi-texniki əməkdaşlığın da xüsusi yer tutduğunu diqqətə çatdıran deputat əlavə edib: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir. Bu sahədə birgə istehsal, texnologiya mübadiləsi və sənaye əməkdaşlığı üçün böyük imkanlar var. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əlaqələri genişləndirmək niyyətindədir. İki ölkə arasında əlaqələr dinamik inkişaf edir. Prezident İlham Əliyevin bəyanatı da göstərir ki, Azərbaycan və Ukrayna arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, siyasi, iqtisadi, enerji, hərbi və humanitar sahələrdə də inkişaf edir. Hər iki ölkə gələcəyə hesablanmış əməkdaşlıq modeli qurmağa çalışır. Bu səfər və verilən mesajlar münasibətlərin daha da güclənəcəyindən xəbər verir”.

Seçilən
33
50
azertag.az

10Mənbələr