AZ

Rusiya rəsmiləri Bakıda Ukrayna ilə üçtərəfli görüşün təhlükəsizliyinə şübhə edir?...



Elşad Həsənov: “Rusiyada bəzi dairələr Azərbaycanın bu məsələdə oynaya biləcəyi rola qısqanclıqla yanaşırlar”

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.

Bu arada Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov bildirib ki, Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər: “Əgər Azərbaycan danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər”.

Bundan başqa Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Azərbaycanın Ukrayna ilə bağlı mümkün üçtərəfli danışıqlar üçün uyğun platforma olduğunu bildirib. Deputatın sözlərinə görə, Azərbaycan belə görüşlər üçün layiqli məkan sayıla bilər.

Qəribədir ki, Rusiya rəsmiləri təhlükəsizlik məsələsini qabardır. Əgər Azərbaycan təhlükəsizliyə zəmanət verirsə, o zaman nə problem ola bilər ki? Sanki elə bil Rusiya tərəfi şübhə edirlər ki, Azərbaycan bu təhlükəsizliyin öhdəsindən gələ bilməz. Yoxsa bu təhlükəsizlik məsələsini niyə dönə-dönə vurğulayırlar? Bakıda indiyə qədər keçirilən görüşlərin, xüsusən də Rusiya üçün maraqlı görüşlərin hansının təhlükəsizliyinə bir təhdid olub? Heç bir problem olmayıb. O zaman bu fikir nəyə görə işlədilir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Zelenskinin Ukrayna-Rusiya danışıqlarının Bakıda keçirilməsi təklifi Azərbaycan tərəfindən qəbul edilib: “Ona görə ki, Azərbaycanda belə görüşlər keçirilib. Məsələn, ABŞ və Rusiyanın ordu rəhbərlikləri arasında Bakıda görüş keçirilib. Türkiyə-İsrail danışıqlarını buna misal göstərmək olar. Belə danışıqlar həm 44 günlük müharibədən əvvəl, həm də müharibədən sonra Bakıda keçirilib. Çünki Azərbaycan müstəqil siyasət yeridir. Hansısa hərbi bloklarda təmsil olunmur, geosiyasi mübarizədə hansısa böyük güclərin yedəyində getmir. İndiyə qədər Azərbaycanda keçirilən görüşlərdə heç bir problem yaşanmayıb. Nə danışıq aparan tərəflərin təhlükəsizliyi üçün hansısa risk yaranıb, nə də gizli danışıqlar harasa sızıb. Belə olan halda Rusiya-Ukrayna danışıqları Bakıda niyə də keçirilməsin? Danışıqların təhlükəsizlik şəraitində keçirilməsində nə problem ola bilər ki? Azərbaycan bu baxımdan ən təhlükəsiz ölkələrdən biridir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyada təhlükəsizlik ən önəmli məsələlərdən biridir. Azərbaycan belə görüşlərin keçirilməsi üçün ən təhlükəsiz ölkədir. Azərbaycan Rusiya-Ukrayna danışıqlarına ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verə bilər. Təki tərəflər arasında razılıq əldə edilsin, müharibə dayandırılsın. Sadəcə, Rusiyada bəzi dairələr Azərbaycanın nüfuzuna, bu məsələdə oynaya biləcəyi rola qısqanclıqla yanaşırlar. Hansısa formada istəyirlər ki, buna kölgə salsınlar. Fikrimcə, belə fikirlərin ortaya atılması bununla bağlı ola bilər”.

Vidadi ORDAHALLI

Seçilən
12
baki-xeber.com

1Mənbələr