Prezident İlham ƏLİYEV: "Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq"
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri, Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşlər, aparılan müzakirələr, mətbuata açıqlanan bəyanatların məzmunu iki ölkə arasındakı münasibətlərin yeni mərhələsindən xəbər verir.
Azərbaycan və Ukrayna strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdir. Cənab İlham Əliyevin mətbuata bəyanatında da xatırlatdığı kimi, ölkələrimiz arasında əməkdaşlığın çox güclü siyasi təməli var: "2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək".
Çətin vəziyyətdə olan xalqlara dəstək və beynəlxalq həmrəylik
Baş verən yeni geosiyasi proseslər fonunda Azərbaycanla Ukrayna arasında münasibətlər son illər yeni məzmun və dinamika qazanaraq daha çox humanitar sahədə dərinləşməkdədir. Bu yanaşma təsadüfi deyil. Azərbaycanın xarici siyasətində humanitar dəyərlər, çətin vəziyyətdə olan xalqlara dəstək və beynəlxalq həmrəylik xüsusi yer tutur. Uzun illər münaqişədən əziyyət çəkmiş ölkə kimi Azərbaycan bu ağrının, onun sosial-psixoloji nəticələrinin nə demək olduğunu yaxşı anlayır və bu təcrübəni bölüşməyi özünün mənəvi borcu hesab edir.
Humanitar əməkdaşlıq Azərbaycan-Ukrayna əlaqələrinin ən həssas və eyni zamanda ən təsirli istiqamətlərindəndir. Xüsusilə müharibənin ən ağır nəticələrindən birinin uşaqlar üzərində yaratdığı psixoloji sarsıntılar olduğu nəzərə alınaraq, Azərbaycan tərəfindən ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüslər yalnız sosial dəstək deyil, həm də gələcək nəsillərin sağlam psixoloji mühitdə yetişməsi baxımından strateji addım kimi qiymətləndirilə bilər. Yaxın perspektivdə ukraynalı tələbələrin də belə proqramlara cəlb olunması planlaşdırılır ki, bu da humanitar əməkdaşlığın daha geniş auditoriyanı əhatə edəcəyini göstərir. Prezident Volodimir Zelenski bəyanatında bu məsələyə xüsusi diqqət yetirərək demişdir: "O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq".
Digər mühüm istiqamət enerji təhlükəsizliyi sahəsində göstərilən humanitar dəstəkdir. Ukraynanın enerji infrastrukturunun zədələnməsi nəticəsində mülki əhali, xüsusilə xəstəxanalar ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə Azərbaycanın elektrik generatorları sarıdan göstərdiyi yardım konkret və həyati əhəmiyyət daşıyan dəstək nümunəsidir. Bu addımlar Azərbaycanın yalnız siyasi bəyanatlarla deyil, real və praktik yardımlarla çıxış etdiyini göstərir.
Uzunmüddətli, rasional və strateji siyasət
Azərbaycanın hərbi münaqişədən əziyyət çəkən dost ölkəyə humanitar dəstəyi özünə mənəvi borc və missiya kimi qəbul etməsi emosional yanaşmadan daha çox uzunmüddətli, rasional və strateji siyasətin mühüm elementidir. Xüsusilə Azərbaycan kimi münaqişə təcrübəsi yaşamış ölkə üçün bu yanaşma bir neçə fundamental səbəbə görə vacibdir.
İlk növbədə bu, tarixi yaddaşın siyasi davranışa çevrilməsidir. Azərbaycan uzun illər ərzində işğal, məcburi köçkünlük və sosial travmalarla üzləşmiş cəmiyyət kimi müharibənin real nəticələrini "kitabdan yox, həyatdan" öyrənib. Hazırda bu təcrübənin başqa xalqlarla paylaşılması, sadəcə, empatiya, yəni başqalarının dərdinə şərik olmaq deyil, tarixi təcrübənin məsuliyyətə çevrilməsidir. Əgər bir dövlət bu ağrını anlayırsa, susmaq yox, reaksiya vermək onun üçün daha məntiqi və etik seçimə çevrilir.
Digər tərəfdən, humanitar siyasət dövlətin "yumşaq güc"ünün əsas dayaqlarındandır. Müasir beynəlxalq münasibətlərdə nüfuz yalnız iqtisadi və hərbi güclə ölçülmür. Azərbaycanın humanitar təşəbbüsləri, xüsusilə müharibədən əziyyət çəkən Ukrayna əhalisinə dəstəyi ölkəmizin beynəlxalq imicini daha da yüksəldir, etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bütün bunlar gələcəkdə həm siyasi, həm də iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Beynəlxalq hüququn və ədalətin müdafiəsi
Bu yanaşma həm də beynəlxalq hüququn və ədalətin müdafiəsinə xidmət edir. Azərbaycan öz təcrübəsindən çıxış edərək ərazi bütövlüyü və suverenlik prinsiplərinin pozulmasının hansı nəticələrə gətirib çıxardığını yaxşı bilir. Humanitar dəstək bu prinsiplərin yalnız siyasi bəyanatlarda deyil, real addımlarda da dəstəklənməsi deməkdir, yəni bu, dəyərlərin praktik ifadəsidir.
Humanitar fəaliyyət gələcək təhlükəsizlik mühitinə də təsir edir. Müharibələrin nəticələrinin yumşaldılması, xüsusilə uşaqlar və gənclər arasında ağrı-acıların azaldılması uzunmüddətli sabitlik üçün vacibdir. Bu gün reabilitasiya olunan bir uşaq sabah radikallaşmadan uzaq, daha sağlam cəmiyyətin üzvünə çevrilir. Bu baxımdan humanitar siyasət həm də preventiv təhlükəsizlik alətidir.
Azərbaycanın Ukraynaya humanitar dəstəyi dövlətimizin yalnız öz maraqlarını deyil, eyni zamanda universal humanitar dəyərləri qoruduğunu göstərir. Bu isə həm cəmiyyət daxilindəki həmrəyliyi gücləndirir, həm də ölkə xaricində böyük rəğbət doğurur.
Nəhayət, belə bir missiya Azərbaycanın özünü necə görməsi ilə bağlıdır. Azərbaycan yalnız regional oyunçu olmaqla kifayətlənmir, məsuliyyətli, balanslı və etibarlı beynəlxalq aktor kimi çıxış edir. Humanitar təşəbbüslər isə bunun ən konkret sübutlarındandır.
Canlı körpü, balanslaşdırılmış siyasət
İnsanlar arasında olan müsbət əlaqələr də iki ölkənin münasibətlərində mühüm rol oynayır. Ukraynada fəaliyyət göstərən geniş Azərbaycan diasporu bu əlaqələrin canlı körpüsünə çevrilib. Bu diaspor həm mədəni-humanitar mübadiləni təşviq edir, həm də iki xalq arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət göstərir.
Azərbaycanın müharibədən sonrakı dövrdə qazandığı təcrübə Ukrayna üçün xüsusi əhəmiyyət daşıya bilər. Ölkəmizin mina təmizlənməsi sahəsində əldə etdiyi praktiki biliklərlə, malik olduğu texnoloji imkanlarla gələcəkdə Ukraynanın bu sahədə qarşılaşdığı problemlərin həllinə töhfə verməsi mümkündür. Eyni zamanda Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələri dünya miqyasında diqqətçəkən unikal model kimi çıxış edir. Bu təcrübənin Ukrayna ilə bölüşülməsi gələcək əməkdaşlıq üçün mühüm perspektivlər açır.
Siyasi müstəvidə əməkdaşlığa gəlincə isə Azərbaycan belə məsələlərdə hər zaman balanslaşdırılmış və prinsipial mövqe nümayiş etdirir. Ölkəmiz öz xarici siyasətini milli maraqları əsasında formalaşdırır və bu siyasət heç bir halda üçüncü dövlətlərə qarşı yönəlmir. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü, suverenliyini beynəlxalq hüququn əsas prinsipi kimi dəstəkləyir. Bu yanaşma ölkəmizin öz tarixindən - uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkməsindən qaynaqlanır.
Eyni zamanda Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hərbi iştirakdan kənarda qalır və münaqişənin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Bu kontekstdə Azərbaycan potensial olaraq neytral və etibarlı platforma rolunu oynaya bilər. Regionda diplomatik mərkəz kimi formalaşan Azərbaycan müxtəlif tərəflər arasında etimad mühitinin yaradılmasına töhfə vermək imkanına malikdir.
Azərbaycanın xarici siyasətində mühüm cəhətlərdən biri də müxtəlif tərəflərlə paralel və balanslı münasibətlər qurmaq bacarığıdır. Tarix göstərir ki, regionda ən gərgin geosiyasi şəraitdə belə ölkəmiz həm Rusiya, həm də digər qonşu dövlətlərlə konstruktiv əlaqələri qoruyub saxlamışdır. Bu praqmatik yanaşma bu gün də davam edir və Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir.
Gələcəyə birgə baxış
İqtisadi sahədə də Azərbaycan-Ukrayna əməkdaşlığının geniş potensialı mövcuddur. Xüsusilə enerji sektorunda qarşılıqlı fəaliyyət imkanları diqqətəlayiqdir. Azərbaycanın enerji layihələri geniş coğrafiyanı əhatə edir və bu təcrübə Ukrayna ilə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Eyni zamanda SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli iqtisadi əlaqələrin real və praktiki göstəricisidir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələr humanitar dəyərlər, qarşılıqlı dəstək və gələcəyə birgə baxış üzərində qurulub. Mövcud reallıqlar fonunda bu münasibətlərin daha da inkişaf edəcəyi və yeni məzmun qazanacağı gözləniləndir. Azərbaycan Prezidenti bəyanatının sonunda demişdir: "...Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır".
İradə ƏLİYEVA,
"Azərbaycan"