AZ

Erməni revanşistlərinin bayraq vandalizmi

Cənubi Qafqazın gələcəyi yandırılan bayraqlarda yox, yaradılan sülhdədir

Cənubi Qafqazda yeni siyasi mərhələnin başladığı, uzun illər davam edən qarşıdurmadan sonra bölgədə sülh və əməkdaşlıq üçün real imkanların yarandığı  vaxtda Ermənistanda baş verən son hadisələr bir daha göstərdi ki, keçmişin kabusları ilə yaşayan revanşist qüvvələr hələ də meydandadır. 

İrəvanda keçirilən ənənəvi məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, sadəcə, küçə radikalizmi deyil, düşünülmüş siyasi mesaj, nifrət üzərindən gündəm qurmaq istəyən dairələrin növbəti təxribatıdır. Bu addım ilk növbədə Ermənistan cəmiyyətinin gələcəyinə vurulan zərbədir. Çünki bayraq yandırmağı heç vaxt güc nümayişi hesab etmək olmaz. Çünki bu, aciz davranışın, məğlubiyyət psixologiyasının və sərsəm düşüncənin təcəssümüdür.

Bu gün Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh sazişi istiqamətində danışıqların davam etdiyi həssas bir mərhələdə belə aksiyaların meydana  çıxmasını  təsadüfi hadisə hesab etmək olmaz. Aydındır ki, Ermənistandakı müəyyən qüvvələr regionda etimad mühitinin formalaşmasını istəmir, düşmənçilik psixologiyasının qorunub saxlanmasına çalışırlar. Onlar anlayırlar ki, sülh bərqərar olarsa, revanşizm ideologiyası da iflasa uğrayacaq. Buna görə də küçə şouları, simvolik təhqirlər və nifrət çağırışları ilə gündəm yaratmağa cəhd göstərirlər.

İrəvandakı bu hadisənin əsas təşkilatçıları sırasında yenə radikal millətçi dairələrin, xüsusilə "Daşnaksütyun" xəttinə bağlı qrupların adı çəkilir. Tarixboyu xarici qüvvələrin əlində alətə çevrilən, region xalqları arasında düşmənçilik toxumu səpən bu siyasi düşüncə bu gün də Ermənistanın inkişafına mane olan əsas əngəllərdən biridir. Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atdığı bir vaxtda məhz bu qüvvələrin fəallaşması çox mətləbdən xəbər verir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin baş verən hadisə ilə bağlı yaydığı bəyanatda deyilir: "Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi". Bəyanatda həmçinin vurğulanır ki, bu cür hərəkətlərə sərbəst toplaşmaq və fikir azadlığı adı altında göz yumulması yolverilməzdir. Rəsmi Bakı bu təxribatı törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Əslində, Azərbaycanın mövqeyi dəyişməzdir - regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq. Son illər Bakı bunun üçün konkret addımlar atıb. Sərhədlərin delimitasiyası üzrə danışıqların aparılması, kommunikasiyaların açılması təşəbbüsləri, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına dair prinsipial mövqe, sülh sazişi layihəsinin təqdim olunması Azərbaycanın xoş niyyətinin real sübutlarıdır. Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Cənubi Qafqaz qarşıdurma yox, əməkdaşlıq və tərəqqi məkanına çevrilməlidir. Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin gün yaydığı videomüraciətdə səsləndirdiyi fikirlər də bu reallığı dolayısı ilə təsdiqləyir. O bildirib ki, erməni xalqı gələcəkdə "Meds Yeğern" kimi hadisələrin təkrarlanmamasına nail olub və bunun səbəbi həmin faciənin beynəlxalq oyunçuların mübarizəsində alətə çevrilməsinə imkan verilməməsi anlayışıdır. N.Paşinyan etiraf edib ki, 1915-ci il hadisələri digər amillərlə yanaşı, erməni xalqının beynəlxalq intriqalara cəlb edilməsinin nəticəsi olub. Bu etiraf təsadüfi deyil. Çünki ilk dəfə Ermənistan rəhbərliyi tarixi mifologiyadan çıxaraq hadisələrə siyasi reallıq prizmasından yanaşmağa cəhd göstərib.

Baş nazirin digər fikirləri isə daha diqqətçəkicidir. O vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi və rifahı qonşularla tənzimlənmiş münasibətlərdən keçir. N.Paşinyanın sözləri ilə desək, "sülh və təhlükəsizlik ilk növbədə qonşularla tənzimlənmiş münasibətlər deməkdir və bu münasibətlər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanımaq əsasında qurulmalıdır". Bu fikir, əslində, regionun gələcək inkişaf formuludur.

Əslinə qalsa, bunun özündə də ziddiyyətli bir məqam var: əgər Ermənistan rəhbərliyi bu həqiqəti anlayırsa, niyə paytaxtın mərkəzində nifrət aksiyalarına imkan verilir? Niyə sülh mesajları ilə eyni gündə bayraq yandırılması kimi vandal addımlar baş verir? Deməli, Ermənistan daxilində siyasi hakimiyyətlə revanşist küçə düşüncəsi arasında ciddi qarşıdurma hələ də qalmaqdadır.

Bayraq yandırmaqla nə tarix dəyişir, nə də geosiyasi reallıq. Əksinə, bu görüntülər Ermənistan daxilində hələ də keçmişin kölgəsində yaşayan, məğlubiyyəti və ədaləti qəbul etməyən, xalqını yeni uçuruma sürükləməyə çalışan qüvvələrin varlığını nümayiş etdirir. Halbuki bu gün Ermənistan üçün yeganə rasional yol qonşularla normal münasibətlər qurmaq, iqtisadi blokadadan çıxmaq, region layihələrinə qoşulmaq və öz xalqına rifah qazandırmaqdır.

Azərbaycan isə ədaləti bərpa etmiş dövlət kimi sülh siyasətini seçib. Bu, həm siyasi iradənin, həm də dövlət məsuliyyətinin göstəricisidir. Bakı regionda sabitlik istəyir, yolların açılmasını, ticarətin genişlənməsini, xalqlar arasında yeni münasibətlərin qurulmasını dəstəkləyir və bütün dünyaya bəyan edir ki, Cənubi Qafqazın gələcəyi yandırılan bayraqlarda deyil, açılan sərhədlərdə, salınan körpülərdə və qurulacaq əməkdaşlıqdadır. Kim bu həqiqəti anlamırsa, günah və problem onun özündədir.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
7
34
azerbaijan-news.az

10Mənbələr