AZ

Şirkətlərdə süni intellekt xərcləri əməkhaqqı fondunu geridə qoyur

Texnoloji infrastruktur və hesablama gücü üçün artan xərclər avtomatlaşdırmanın iqtisadi modelini dəyişir...

Bir sıra şirkətlərdə süni intellekt sistemlərinin istismarı ilə bağlı xərclər artıq işçilərin əməkhaqqı fondunu üstələməyə başlayıb.

Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. Bildirilir ki, uzun müddət İİ texnologiyaları xərclərin azaldılması vasitəsi kimi təqdim olunsa da, hazırda bəzi şirkətlərdə bunun əksi müşahidə olunur. İT büdcələri sürətlə artır və xüsusilə İİ infrastrukturu və hesablama resurslarına ayrılan vəsait əməkhaqqı xərclərini ötür.

Nvidia şirkətinin tətbiqi dərin öyrənmə üzrə vitse-prezidenti Brayan Katanzaronun sözlərinə görə, onun komandasının hesablama xərcləri artıq əməkdaşlara çəkilən xərclərdən xeyli yüksəkdir. Bu açıqlama İİ sahəsində qlobal liderlərdən birinin yüksək səviyyəli rəhbərindən gəldiyi üçün diqqət çəkir.

Bu tendensiya artıq konkret şirkətlərdə ciddi maliyyə problemlərinə səbəb olub. Uber şirkətinin texniki direktoru Pravin Neppalli Naqa bildirib ki, şirkət 2026-cı il üçün nəzərdə tutulan İİ büdcəsini ilin ilk aylarında tam xərcləyib. Buna səbəb kimi Anthropic şirkətinin Claude Code alətinin sürətlə yayılması göstərilir.

Məlumata görə, Uber 2025-ci ilin dekabrında təxminən 5 min mühəndisə bu alətə çıxış verib. Nəticədə istifadə sürətlə artıb: fevral ayına qədər demək olar iki dəfə çoxalıb, mart ayında isə proqramçıların 84 faizi aktiv istifadəçi kateqoriyasına daxil edilib. Hazırda kodun təxminən 70 faizi süni intellekt tərəfindən yaradılır, həftəlik isə insan müdaxiləsi olmadan təxminən 1800 dəyişiklik həyata keçirilir.

Ekspertlər qeyd edirlər ki, xərclərin artmasının əsas səbəbi token əsaslı qiymətləndirmə modelidir. Mühəndislərin paralel agentlərdən istifadə etməsi və genişmiqyaslı kod yenilənməsi aparması nəticəsində aylıq API xərcləri hər mühəndis üçün 500-dən 2000 dollara qədər yüksəlir.

Qlobal miqyasda da oxşar tendensiya müşahidə olunur. Gartner-in son proqnozuna görə, 2026-cı ildə dünya üzrə İT xərcləri 6,31 trilyon dollara çatacaq ki, bu da əvvəlki illə müqayisədə 13,5 faiz artım deməkdir. Xüsusilə məlumat mərkəzlərinə çəkilən xərclərin 55,8 faiz artaraq 788 milyard dollara yaxınlaşacağı gözlənilir.

Artan xərclər şirkət rəhbərlərini İİ tətbiqinin iqtisadi səmərəliliyini yenidən qiymətləndirməyə vadar edir. Qlobal GPU çatışmazlığı fonunda Nvidia kimi şirkətlər belə kifayət qədər resurs əldə etməkdə çətinlik çəkir. Bu isə İİ-nin geniş tətbiqi ilə bağlı əsas problemi ortaya qoyur: texnologiya məhsuldarlığı artırsa da, onun maliyyə yükü getdikcə ağırlaşır.

Poliqon.info

Seçilən
21
3
poliqon.info

7Mənbələr