"Neftçi"nin hücumçusu Vensan Abubakarın yeni mövsümə harada başlayacağı futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biridir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qışda azad agent qismində Bakı klubuna qoşulan və 6 ay +1 illik müqaviləyə imza atan 34 yaşlı forvardın komandada qalıb-qalmayacağı mövsümün sonunda dəqiqləşəcək.
Baş məşqçi Yuri Vernidubun daha çox ehtiyatda saxladığı ulduzun idman forması ukraynalını qane etməsə də, onun heyətdə saxlanılması da mümkündür. "Ağ-qaralar" Konfrans Liqasına vəsiqə qazansalar, afrikalının Azərbaycanda daha 1 mövsüm keçirmək ehtimalı artacaq. Hərçənd bunun üçün kamerunlu oyunçu şərtlərlə bağlı Bakı təmsilçisinə güzəşt etməlidir.
Qeyd edək ki, cari mövsüm Azərbaycan Kuboku və Premyer Liqada 18 matça çıxan Abubakar 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul