AZ

Vətəndaş müraciətlərinə dair yeni tələblər müəyyənləşir - YENİLƏNİB

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

APA-nın xəbərinə görə, iclası açan komitə sədri Zahid Oruc gündəliyə bir məsələnin- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib.

Məsələ barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihə vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun layihəsində edilən dəyişikliklər təkrar xarakterli müddəaların aradan qaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövlət tənzimlənməsinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

saat 11.38

Vətəndaş müraciətlərinə dair yeni tələblər müəyyənləşir.

APA xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vətəndaşların müraciətləri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Tələblər sırasına aşağıdakılar daxil edilir:

- müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə);

- müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

- müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan.

Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılacaq. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər, habelə müraciətin EHİS üzərindən cavablandırılması istənildiyi hal istisna olmaqla) yuxarıda nəzərdə tutulan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab veriləcək.

Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİS üzərindən təqdim olunacaq.

Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

Qeyd edilib ki, dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır.

Vətəndaş
Seçilən
52
14
apa.az

10Mənbələr