AZ

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri keçiriləcək

5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Aznews.az xəbər verir ki, bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur. Yenilənmiş və genişlənmiş konsepsiyanın sərgiyə yeni təkan verəcəyi, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacağı gözlənilir.

İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.

Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.

Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, bu sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunacaq. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış ola biləcəklər.

Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanı bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır.

Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

Seçilən
40
8
aznews.az

10Mənbələr