AZ

Epşteynin “dəhşət evi”: Zorro Ranch ilə bağlı yeni iddialar üzə çıxdı

ABŞ-da Ceffri Epşteynin Nyu-Meksikodakı bədnam Zorro Ranch malikanəsi ilə bağlı yeni araşdırma fonunda daha bir sıra ağır iddialar gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, “New York Post”un məlumatına görə, malikanənin ərazisində bir neçə gənc kişinin narkotik maddələrin təsiri altına salındıqdan sonra cinsi zorakılığa məruz qaldığı iddia olunur.

Nəşr bu məlumatların “60 Minutes Australia” proqramında yayımlanan süjetdə səsləndirildiyini yazıb.

ABŞ Konqresinin Nyu-Meksikodan olan üzvü Melani Stensberi proqramda bildirib ki, şahidlərdən biri rançoya aparıldığını, orada narkotik maddələrin təsiri altına salındığını və bir neçə gənc kişiyə qarşı zorakılığın şahidi olduğunu iddia edib.

Stensberinin sözlərinə görə, həmin şəxsin ifadələrində onun narkotik təsiri altında müşahidə etdiyi ağır səhnələrlə bağlı detallar yer alıb.
 

Konqres üzvü Epşteynin qurbanlarına dəstək verdiyini bildirərək Ceffri Epşteyn və Gileyn Maksvelli “seriyalı zorakılar” və “super yırtıcılar” adlandırıb. O, onların həyat tərzini sistemli şəkildə gücdən sui-istifadə kimi xarakterizə edib.


Nyu-Meksikoda Zorro Ranch ilə bağlı yeni araşdırma Epşteynin 2019-cu ildə Nyu-York həbsxanasında ölümündən sonra bu ərazidə baş verənlərin ilk ciddi yenidən araşdırılması kimi qiymətləndirilir.

Epşteyn həmin vaxt insan alveri və cinsi istismar ittihamları üzrə məhkəməni gözləyirdi. Nyu-Meksiko Baş prokuroru Raul Torresin ofisi fevral ayında bildirib ki, araşdırma ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılan yeni materialların nəzərdən keçirilməsindən sonra yenidən açılıb.

Stensberinin sözlərinə görə, müstəntiqlər malikanə ərazisində baş verdiyi iddia olunan sui-istifadələrlə bağlı yüzlərlə müraciət və ifadəni araşdırırlar.

Epşteynin ehtimal olunan qurbanlarından biri, Çonti Devis daha əvvəl verdiyi müsahibələrdə Zorro Ranch-da özünü “tələyə düşmüş siçan” kimi hiss etdiyini deyib. O, rançoda qorxu, məcburiyyət və cinsi zorakılıqla üzləşdiyini iddia edib.

“Time” nəşrinin məlumatına görə, Nyu-Meksikoda yaradılan araşdırma qrupu Epşteynin rançoda törətdiyi iddia olunan cinayətlərlə bağlı qurbanların ifadələrini və dövlət qurumlarının mümkün səhlənkarlığını araşdırır.
 

Mətbuatda rançoyla bağlı daha qaranlıq iddialar da yer alıb. Bunlar arasında tibbi prosedurların razılıq olmadan aparılması, “genetik baxımdan ideal nəsil” yaratmaq cəhdləri və ərazidə gizlədilmiş sübutlarla bağlı iddialar var. Lakin bu məlumatların bir hissəsi hələ rəsmi şəkildə təsdiqlənməyib.


Müstəntiqlər bildirirlər ki, Zorro Ranch-da baş verənlərin tam mənzərəsi hələ də aydın deyil. Bəzi materialların gizlədilmiş və ya itirilmiş ola biləcəyi ehtimal olunur.

Ştat rəsmiləri və bir sıra qanunvericilər araşdırmanın genişləndirilməsini tələb edirlər. Onlar rançoda baş verənlərlə bağlı “tam həqiqətin üzə çıxarılmasının” vacib olduğunu bildirirlər.

Bizim.Media

Seçilən
25
50
bizim.media

10Mənbələr