AZ

Elman Nəsirov: “Onların Ermənistana təhvil verilməsindən söhbət gedə bilməz”

“Azərbaycan humanizm prinsiplərindən çıxış edərək Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan artıq 7 iyun parlament seçkilərində iştirak edəcək və baş nazir iddiasında olan Robert Köçəryanla görüşüb onunla dəstəyini ifadə edib. Köçəryan əli Azərbaycan xalqının qanına batmış hərbi canidir. İlk növbədə o müqəssirlər kürsüsündə əyləşməlidir və yəqin, bu da olacaq. Qısa zaman məsələsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyanın bu ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşərək ona dəstəyini ifadə etməsinə münasibət bildirərkən deyib.

 

E.Nəsirov qeyd edib ki, Köçəryan Qarabağı tərk edən ermənilərin qayıtması məsələsində “könüllü” ifadəsini işlətmir: “Deyir ki, guya zorla erməniləri qovublar. Amma bu daban-dabana həqiqətə ziddir. Hər kəsə bəlli həqiqətdir ki, onlar öz istəkləri ilə Qarabağı tərk etmişdilər və Azərbaycan hökuməti onlara təklif etmişdi ki, Azərbaycan qanunlarına tabe olun və Azərbaycan vətəndaşlığında qalın, Azərbaycan çoxmillətli dövlətdir və hər bir vətəndaşımızın malik olduğu hüquqa siz də malik olacaqsınız. Ancaq onlar buna əməl etmədi, tərk etdilər və Robert Köçəryan onların geri qayıtması ideyasını ortaya atıb və bunun reallaşması naminə Azərbaycanla müharibəyə qədər prosesləri gərginləşdirmək niyyətini gizlətmir. Halbuki bu günlərdə Ermənistanda hakim partiya, Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının 100 bənddən ibarət sənədi, proqramı yayıldı, orada heç bir yerdə nə Dağlıq Qarabağ, nə qondarma “Artsax” ifadəsi var, nə də Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasından bəhs edilir. Qeyd edilir ki, həmin ermənilər Ermənistanın özündə məskunlaşmalı, yaşamalıdırlar. Bu reallıqda Xaçaturyan gedib Köçəryanla görüşür... Sosial şəbəkələrdə müzakirələr gedir ki, belə caniləri, cinayətkarları azad etmək olmaz. Çünki azad olunduqdan sonra əsl xislətlərini ortaya qoyurlar. Azərbaycanda erməniəsilli hərbi canilərin bütün cinayətləri sübuta yetirilib və onlar artıq azadlıqdan məhrum ediliblər. Qanun çərçivəsində sərt cəzalarını alıblar, amma Xaçaturyan və bir çoxlarının cinayətlərinin miqyasının o səviyyədə olmadığı nəzərə alınıb. Humanizm prinsipindən çıxış edib, onlar Ermənistana təhvil verilib. Amma görünür ki, yenə də köhnə düşmənçilik əməllərini davam etdirirlər, erməni xəstəliyindən canlarını azad edə bilməyiblər. Bilirsiniz ki, belə canilərin bir qismi Azərbaycanda həbsxanadadırlar, onların azadlığı tələb edilir. Hətta Belçika, Niderlandın parlamentləri bu məsələni də özündə ehtiva edən anti-Azərbaycan qətnamə qəbul ediblər. Orada da bu şəxsləri hərbi əsir kimi təqdim edirlər. Halbuki onlar hərbi canilərdir. Bax bu hadisə Ermənistana təhvil verilmiş Xaçaturyanın Köçəryanla apardığı danışıqlar və ona dəstək verməsi bir daha göstərir ki, Azərbaycan dövləti həmin bu hərbi cinayətkarları cəzalandırmaqla düzgün addım atıb və onların Ermənistana təhvil verilməsindən heç bir söhbət gedə bilməz. Belçika və Niderland parlamentlərinin qətnamələrinin bizim üçün heç bir qiyməti yoxdur, adi kağız parçasıdırlar”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Aprel 2026, 13:45   
Seçilən
42
pravda.az

1Mənbələr